2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna müharibəsi Çini imtahana çəkir

Mənbə: Nytimes.com

Tərcümə: Novator

Ukrayna müharibəsi Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Tsinpin arasında əlaqələri imtahana çəkir. ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunan məqalədə belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzetin Pekin bürosunun rəhbəri Stiven Li Mayers yazır ki, iki avtokrat – Putinlə Tsinpin son illərdə öz ölkələrini əvvəlki dövrlərlə müqayisədə daha çox yaxınlaşdırmağa nail olublar: “Ancaq Rusiyanın Ukraynadakı avantürizmi Çinə də baha başa gələ bilər. Pitinlə Tsinpinin görüşləri daima çox mehriban şəraitdə keçib. Onlar Pekində xokkey meydançasını, Moskva zooparkında pandaların saxlandığı ərazini gəzib, Rusiyada blinçik və kürünün, Çində çinbinin dadına baxıblar. Birlikdə bayram tortu kəsib, badə qaldırıb, sağlıq deyiblər. İndi Ukraynanın işğalı ya hər şeyin alt-üst olması, ya da hər iki avtokratın XXI əsrdə diplomatik təcrid şəraitində dünya nizamını dəyişəcək yeni ittifaq yaratması ilə nəticələnə bilər”.

Məqalədə bildirilir ki, Putin Ukraynanı bir göz qırpımında ələ keçirəcəyini düşünürdü: “Amma onun ümidləri puça çıxdı. Ukrayna güclü müqavimət göstərməyə başladı, o biri yandan Qərb ölkələri Moskvaya iqtisadi təzyiqləri kəskin şəkildə artırdı. Nəticədə Rusiya faktiki təcrid olunmuş vəziyyətə düşdü”.

Stiven Li Mayers hesab edir ki, Putinin Ukraynaya hücumu Tsinpini seçim etmək məcburiyyətində qoyur: “Vaxtilə Pekində diplomat kimi çalışmış Avstraliyanın sabiq baş naziri Kevin Raddın da söylədiyi kimi, hazırda balanslı siyasət yürütmək, dünyanın böyük hissəsinin hücumu mühakimə etdiyi, Rusiyaya cavab verdiyi bir vaxtda həm bu işə, həm də Putinlə dostluq münasibətlərinə xələl gətirməyən bir mövqe tutmaq mümkün deyil. Dostluq münasibətlərini qorumaq istər-istəməz işğalı dəstəkləmək anlamına gəlir”.

Məqalədə iddia olunur ki, Ukraynada müharibə başlanandan bir gün sonra – fevralın 25-də Tsinpinlə Putin arasında aparılan telefon söhbəti zamanı Çin lideri hücumu dəstəkləməyib: ”Həmin söhbətdə Putin Tsinpinə münaqişəni danışıqlar yolu ilə həll etməyə nail olacağını bildirib. Tsinpin də 2019-cu ildə “ən yaxın dost” adlandırdığı Rusiya prezidentinin bu ideyasını dəstəkləyib”.

Tsinpin Putinin Ukraynaya qoşun yeridəcəyini bilirdimi? Məqalədə deyilir ki, ABŞ hücumdan bir neçə ay qabaq Putinin planı haqda Tsinpinin köməkçilərinə kəşfiyyat məlumatları verib və Pekindən Moskvaya təsir göstərməsini, hücumun qarşısını almağa yardım etməsini istəyib. Pekin isə ABŞ kəşfiyyatının məlumatlarını ruslara ötürüb və məsələni Moskvaya belə izah edib ki, Vaşinqton Çinlə Rusiyanın arasını vurmağa çalışır.

Artıq hücum başlayıb, Ukraynada qan tökülür və “Nyu-York Tayms”ın Pekin bürosunun rəhbəri Stiven Li Mayers hesab edir ki, belə bir məqamda Putinlə əməkdaşlığı davam etdirməsi Tsinpini ciddi zərbə altında qoya bilər. Çünki Çinin həm ABŞ, həm də Avropa ilə olduqca sıx iqtisadi əlaqələri var: “Pekinlə Vaşinqton arasındakı siyasi münasibətlərdə gərginliklər olsa da, Çin ABŞ-la iqtisadi əlaqələrini kəsə bilməz. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə artıq Çin bazarlarını əməlli-başlı silkələyib”.

Si Tsinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir. 2022-ci ilin sonlarına yaxın Kommunist Partiyasının növbəti qurultayı keçirilməlidir.

“Nyu-York Tayms”dakı məqalədə vurğulanır ki, Si Tsinpin yenidən Kommunist Partiyasının baş katibi seçilməklə hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Ona görə 2022 ondan ötrü mühüm əhəmiyyət kəsb edən bir ildir. Belə bir dövrdə Çin iqtisadiyyatının sarsılması ona qəti sərf etmir.

Məqalədə qeyd olunur ki, Ukraynaya hücumla bağlı beynəlxalq narazılıq və Putinin üzləşdiyi təcrid Çinin Tayvan siyasətinə də təsir edə bilər: “Tsinpin Çin ərazisi saydığı, demokratik yolla idarə olunan adaya – Tayvana hücuma keçmək niyyətinə düşsə, nələrlə qarşılaşacağını gözə almalı, yaxşı-yaxşı götür-qoy etməli olacaq”.

Stiven Li Mayers yazır ki, Pekin ABŞ və Avropanın Rusiyanın kapitala çıxışını məhdudlaşdıran sanksiyalarına əməl edib-etməyəcəyini hələlik açıqlamayıb: “Rusiya və Çin liderləri arasında son görüş bu ilin fevralında – Pekin Qış Olimpiya Oyunlarında baş tutub. Bu, Si Tsinpinin Çinə rəhbərlik edəndən bəri Vladimir Putinlə 38-ci görüşü idi. Görüşdə Putinin Ukrayna planını Tsinpinlə bölüşüb-bölüşmədiyini onların yaxın çevrələrindən savayı bilən yoxdur. Çin Xarici İşlər Nazirliyinin sözçüsü liderlərin bunu müzakirə etmədiyini güman edir”.

Putin Ukraynaya müdaxilənin milli suverenliyə hörmət prinsipini pozmadığını iddia edir. Milli suverenliyə hörmət prinsipi isə Çinin xarici siyasətinin əsasıdır. Bu səbəbdən Stiven Li Mayers düşünür ki, müharibənin nəticəsi necə olur-olsun, Rusiyanın Çinin suveren dövlət kimi tanıdığı və bunu açıq bəyan etdiyi Ukraynaya qoşun yeritməsi istər-istəməz Tsinpinlə Putin arasındakı münasibətləri mürəkkəbləşdirir və Pekini çətin duruma salır.

24 saat” “Ukrayna müharibəsi Çini imtahana çəkir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button