2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ukrayna müharibəsi: İkinci raund – 24 saat

Müəllif: Arif Əliyev

Fevralın son günü Belarusda ruslarla görüşdən sonra Ukrayna nümayəndəsi Podolyak bildirdi ki, danışıqların birinci raundu bitdi. Əslində, bu, bütünlükdə müharibənin birinci mərhələsinin bitdiyi demək idi. İndi ikinci raund başlayır. Onu sülhqabağı mərhələ də adlandırmaq olar. Ad sizi çaşdırmasın. İkinci mərhələnin birincidən də ağır olacağını düşünürəm.

Birinci mərhələ niyə uzandı?

Müharibənin ilk günü yazmışdım ki, Putin aldandı və tələyə düşdü. Bəzilərinin xoşuna gəlməmişdi. Çox nahaq. Ambisiyaları günü-gündən şişən və paralel olaraq hövsələsi daralan Putini Qərb nə vaxt idi körükləyirdi. Şərqi Avropaya, Skandinaviyaya, Arktikaya silahlar yığmaqla, ardıcıl hərbi təlimlərlə, NATO sərhədlərinin genişləndirilməsi söhbətləri ilə, əvvəl “Şimal axını-2” kəmərini çəkdirib sonra “olmaz” deməklə, “Qaz oyunu” ilə, həftədə bir dəfə Rusiyanın Ukraynaya “hücum günü” barədə bəyanatlar səsləndirməklə, gah Kremlin sahibini hədələmək, gah da guya ona minnətçi düşməklə… İş o yerə çatmışdı ki, ABŞ və Avropanın can yandırdığı Ukraynanın prezidenti Zelenski özü bundan narahat olduğunu izhar etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Putini ən sonuncu aldadan isə onun müdafiə naziri Şoyqu oldu. Nazir Ali Baş Komandanını əmin etdi ki, ən qısa müddətə Kiyevə çata biləcəklər. Putin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəni həftənin beşinci günü (24 fevral) başlayanda arxayın idi ki, bazar ertəsi işə çıxacaq dünya liderlərini sadəcə yeni reallıqla barışmağa məcbur edəcək. 

Mən, əlbəttə, Moskvanın Kiyevə hücum planını gözlərimlə görməmişəm. Amma hərbi əməliyyatların təhlili bu çatışmazlığı aradan qaldırır. Rusiya Ukraynada klassik müharibə taktikası tətbiq etmədi. Çünki ciddi müqavimət gözləmirdi. Krımdan dişinin dibində şirə qalmışdı. Strateji obyektlərə ilk raket zərbələrindən sonra ruslar eyni zamanda bir neçə istiqamətdən o qədər də böyük olmayan kolonlarla, desant qrupları ilə hərəkətə keçdilər. Ukrayna ordusu arxa ilə əlaqəsi qırılmış kolonları içərilərə çəkdi, desant qruplarını şəhərlərə buraxdı, sonra isə məhv etməyə başladı. 

Moskva şokdan ayılanda artıq bazar ertəsi gəlmişdi, Putinin dünyaya nümayiş etdirmək istədiyi yeni reallıq isə yaranmamışdı. Mənzərə Rusiya liderinin gözlədiyindən tam fərqli idi. Ciddi dağıntılara məruz qoyulmuş, ancaq alınmamış Ukrayna şəhər və kəndlərində minlərlə rus əsgərinin meyiti səpələnib qalmışdı. Həmlə boğulmuşdu. İnformasiya müharibəsi hətta Rusiyanın öz içərisində uduzulmuşdu. Xaricdən isə Kremlin başına sanksiyalar, təhdidlər yağırdı.  

Belə şəraitdə Putin Ukraynanın danışıqlara başlamaq təklifinə, nəhayət, cavab verdi. Amma bu, heç də onun öz hərbi niyyətlərindən geri çəkilməsi anlamına gəlmir. 

İkinci mərhələ daha ağrılı və ağır olacaq

Ukrayna prezidenti hərbi münaqişədən əvvəl də, müharibənin ilk günlərində də dəfələrlə Putinə danışıqlar təklif etmişdi. Rusiya liderinin bu təkliflərə etinasız münasibətindən şikayətlənmişdi. Amma vəziyyət birdən-birə dəyişdi. İndi Putinin elçiləri Qomeldə oturub Zelenskinin adamlarını gözləyirdilər. Zelenski isə danışıqların yeri, ilkin şərtləri ətrafında vasitəçilik edən Lukaşenko ilə müzakirələr aparırdı. Proses o qədər ləng gedirdi ki, hətta Ukrayna nümayəndəliyi görüş yerinə gəlib çıxandan sonra da jurnalistlər ironiyalarından qalmadılar, onların yolda yorulduqları üçün yatmağa vaxt istəyəcəkləri ehtimalını söylədilər.

Ukrayna tərəfi sonradan bunu danışıqlar yox, “məsləhətləşmələrin birinci raundu” adlandırdı, hələlik ancaq prioritet məsələlərin və onların mümkün həlli yollarının qeydə alındığını söylədi və nümayəndəliklərin rəhbərliklə müzakirə üçün geri qayıtmalı olduğunu bildirdi. Rusiya tərəfi isə danışıqların (ukraynalıların dili ilə: məsləhətləşmənin) növbəti mərhələsinin iki gündən sonra (yəni, martın 2-də) Polşa-Belarus sərhədində gözlənildiyini bəyan etdi. 

Aşkardır ki, tərəflər sülhə tələsmirlər. Rusiya iddialarından əl çəkmir. Növbəti mərhələdə Ukraynanın mövqeyini zəiflətmək üçün hərbi təzyiqi artırır. Bu mərhələdə o, Ukraynaya kiçik desant qrupları deyil, artıq iri qüvvələr yeridir, şəhərlərə intensiv raket zərbələri endirir. Peykdən çəkilmiş kadrlarda rusların onlarla kilometr uzunluğunda hərbi kolonunun Kiyevə doğru hərəkət etdiyi göstərilir. Hər şey növbəti iki günün daha ağır döyüşlərdə keçəcəyinə dəlalət edir.

Ukraynanın tələsməməsi də eynilə əks tərəfin mövqeyini zəiflətmək ümidi ilə bağlıdır. Müharibənin hər günü Rusiyada etirazları gücləndirir, rus ordusunun döyüş ruhuna pis təsir edir, digər tərəfdən isə Moskvaya qarşı sanksiyaları möhkəmləndirir. Hətta Putin məqsədinə yetsə, Ukraynanı yensə belə, onun rejiminin belə dev sanksiyalara tab gətirəcəyi getdikcə daha az inandırıcı görünür.

Böyük müharibəyə böyük pullar lazımdır 

İkinci Dünya müharibəsindən sonra Avropada ən iri savaş adlandırılan bu müharibə təcavüz edənə də, müdafiə olunana da fantastik dərəcədə baha başa gəlir. Kiyev Qərbin güclü maddi və texniki dəstəyinə arxalana bilir. Moskva isə, özləri ondan kömək uman bəzi ölkələri saymasaq, təkdir və  resursları sürətlə əriyir. ABŞ və Aİ bir qərarı ilə Rusiyanı müharibə başlayanadək topladığı 644 mlrd qızıl-valyuta ehtiyatının 65%-dən istifadə imkanından məhrum etdi. Hələ digər formalarda ona vurulan iqtisadi zərbələri bura əlavə etmirik. Son dərəcə çətin duruma düşmüş Putinin cavabı nə oldu? O, tələsikdə «ABŞ və ona qoşulmuş xarici dövlətlərin, beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlər haqqında” Fərman verdi. Dərininə getsək, əslində fərman Rusiyanın öz subyektlərinə qarşı yönəlib, onlardan valyuta gəlirlərinin 80%-ni üç gün ərzində dövlətə satmağı tələb edir. Bunun nə dərəcədə işlək mexanizm olacağı böyük sualdır. Axı sanksiyalar təkcə Rusiya dövlətinə deyil, onun əsas iqtisadi və qeyri-iqtisadi subyektlərinə də şamil olunub. Amma sualları bir kənara qoyaq. Sadəcə xatırladaq ki, SSRİ-nin son illərində də hökumət imperiyanın dağılan iqtisadiyyatını xilas etmək üçün eyni növ tədbirə əl atmışdı. Nəticəsi bəllidir. 

İki bəstəboy sərkərdənin savaşı 

Kremldə haqqında lətifələr danışılan “ukraynalı komik” çoxlarının ondan gözləmədiyi bir dirəniş göstərir. Ukrayna müharibəsi artıq Qərblə Rusiyanın dünyada söz sahibi olmaq üstündə qarşıdurmasının nəticəsi kimi yox, bu ölkənin öz gələcəyi uğrunda ölüm-dirim savaşı kimi qiymətləndirilir. Əgər Putinin inadı qarşısında Zelenskinin dəyanəti olmasaydı, Qərb də bu gün Ukyananı belə qətiyyətlə müdafiə etməzdi. Ən yaxın tarixdə dediklərimizə kifayət qədər sübutlar var. Dünya həqiqətən sürətlə dəyişir. Prinsiplər, onlara bağlı anlayışlar tamam fərqli məna kəsb etməyə başlayır. Beynəlxalq aləmin Ukraynaya hər cür maddi və texniki dəstək verdiyindən danışmışdıq. Ancaq yardım bununla bitmir. Rusiyaya qarşı döyüşmək üçün xaricdən legionerlər də Kiyevə yığışır. Cəmi ilyarım əvvəl Qarabaq müharibəsi zamanı Avropa ölkələri Azərbaycan ordusunda döyüşən xarici vətəndaş axtarırdılar, bizə yardım etdiklərinə görə türkləri şiddətlə qınayırdılar. İndi isə öz vətəndaşlarının Ukraynaya gedib döyüşməsinə nəinki etiraz etmir, hətta onları həvəsləndirmək üçün qanunlarını dəyişirlər. Buna əvvəllər “ikili standart” deyirik. Amma artıq bu, ikili standart deyil, standartların dəyişməsidir. 

24 saat” “Ukrayna müharibəsi: İkinci raund – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button