Dünya

Ukrayna ordusunda rotasiya problemi. ‘Döyüş qabiliyyəti 40 günədək qalır’

Psixoloq Horbenko qeyd edir ki, evə gedə bilən əsgərlər çox zaman mental sağlamlıq problemləri ilə üzləşir və onlarla məşğul olmaq lazım gəlir

Rusiyanın Ukrayna üzərinə hücuma başlamasından 250 gündən çox vaxt keçib. Bu müddət ərzində Ukrayna ordusu döyüş meydanında ruh yüksəkliyi və motivasiya nümayiş etdirib. Hərbi ekspertlər xüsusən də son bir ayın hərbi uğurlarını həm də bu amillə əlaqələndirirlər.

Ancaq ara verməyən intensiv döyüşlər fonunda əsgərlərin yetırincə uzunmüddətli məzuniyyətə göndərilməməsi Kiyev üçün psixoloji çətinlik yaradıb. Ukrayna ordusunda təcrübəli döyüşçülərə ehtiyac isə azalmır.

“Cəbhədə əsgərlərin rotasiyası son dərəcə çətin məsələdir”, – könüllü qüvvələrindən ibarət ərazi müdafiə şəbəkəsinin üzvü Volodımır deyir.

“Bir tərəfdən döyüşçülər yorulur və onların dincəlmək hüququ var. Digər tərəfdənsə onların döyüş təcrübəsi var və onların çoxu necə deyərlər, “cəsarətdən yapışıb”. Hətta qısa istirahətdən sonra belə bu hiss və cəbhəyə qayıtmaq üçün motivasiya azala bilər”, – o söyləyir.

Paytaxtda yerləşən Kyiv-Mohılya Akademiyasının mental sağlamlıq mərkəzinin psixoloqu Pavlo Horbenko deyir ki, problemlə indi məşğul olunmalıdır. Onun sözlərinə görə, müharibə “sprint deyil, marafondur”.

“Uzunmüddətli yarışda gücünüzü müxtəlif istiqamətlərdən hesablamalısınız. Hərbi birlik cəbhə xəttində uzun müddət qalırsa, onun döyüş qabiliyyəti tədricən azalır. …Araşdırmalar göstərir ki, döyüş qabiliyyəti 40 günədək qorunub saxlana bilər”, – Horbatenko deyir.

“Hətta motivasiya çox yüksək olanda belə, döyüş yorğunluğuna görə fizioloji qərar qəbuletmə bacarığı azalacaq”, – o qeyd edir.

Mütəxəssislər deyirlər ki, yaxşı idarə olunan növbələşdirmə stress halında azsaylı döyüşçüdən asılılığı azalda və hərbi effektivliyi artıra bilər. Növbələşdirmə zamanla təcrübəli döyüşçülərin sayını da artırır.

Olena aprelin 12-dən bəri Xarkovda ərazi müdafiə birliyində xidmət edib. “Burada 90 gün qaldıqdan sonra hər kəs növbələşdirmənin baş verəcəyini gözləyirdi. Bizə artıq evə dönəcəyimizi, yerimizə başqa bir birliyin gələcəyini elan etmişdilər. Ancaq hələ buradayıq. Bizə Xarkovda bərpa olunmağı tapşırdılar və dedilər ki, sonra bizi yeni mövqeyə göndərəcəklər”, – o danışır.

Sıravi əsgər Artyomun aid olduğu birliksə Ukraynanın əkshücumunda iştirak edir. Artyom deyir ki, təcrübəli əsgərlərin döyüş meydanından çıxarılmaq haqda danışması “qəribədir”.

“Tammiqyaslı müharibə gedir, qaydalarda növbələşdirmə yoxdur. Hücum fazasının ortasındayıq, hazırda müdafiə mövqelərində olanlar dözməli və hücum mövqeyinə keçmələrini gözləməlidirlər”, – o deyir.

Psixoloq Horbenko qeyd edir ki, evə gedə bilən əsgərlər çox zaman mental sağlamlıq problemləri ilə üzləşir və onlarla məşğul olmaq lazım gəlir. O bu problemlər arasında sakitləşməyə çətinlik çəkmə, depressiya, davamlı narahatlıq, ətraf mühitə qeyri-adekvat reaksiya (məsələn, əsmə) və s. kimi halları sadalayır.

Gözdən qaçırmayın:  Qərb eksperti Putinin hədələri haqda: ‘Bu tələyə düşməməliyik’

Onun sözlərinə görə, belə halları aradan qaldırmağa yardım göstərilə bilər. Horbenko icmaların diaqnostika və stresin idarə olunması mərkəzləri yaratmaqla yardım edə biləcəyini deyir. “Hərbçilərin çoxu sadəcə hara müraciət edəcəklərini bilmirlər”, – o deyir.

Hüquqşünas və insan haqları fəalı Roman Lıxaçov bildirir ki, hal-hazırda əsgərlərin növbələşdirilməsinə dair qanunvericilik sənədi mövcud deyil və hələlik, hər şey hərbi komandirlərin əlindədir. Onun sözlərinə görə, əsgərlər texniki olaraq müəyyən şərtlər altında məzuniyyət istəyə bilərlər; ancaq komandirlər çox zaman bu cür xahişləri qəbul etmir.

“Hərbi qulluqçuların 10 günlük məzuniyyət alaraq yaxınlarını görə bilməsini nəzərdə tutan qanun layihəsi Ali Radaya göndərilib”, – Lıxaçov vurğulayır.

24 saat” “
Ukrayna ordusunda rotasiya problemi. ‘Döyüş qabiliyyəti 40 günədək qalır’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button