Dünya

Ukrayna ötən ay yüzlərlə yaşayış məntəqəsini azad etdiyini deyir

Zelenski oktyabrın 13-də Avropa Şurasında çıxışında deyib ki, Ukrayna səmasının qorunmasına ehtiyac var

Son bir ay ərzində Ukrayna ordusu 600-dən çox yaşayış məntəqəsini Rusiya qüvvələrindən təmizləyib. Məlumatı Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi yayıb. Moskva isə Ukraynanın onlarla şəhərinə raket zərbələri endirib, xeyli sayda dinc sakini öldürüb.

Şimal-şərqi Xarkov vilayətində 503 yaşayış məntəqəsi işğaldan azad olunub. Xerson vilayətində 75 qəsəbəyə nəzarət bərpa olunub, nazirlik oktyabrın 13-də axşam bildirib.

Donetskdə 43, Luhanskda 7 yaşayış məntəqəsinin azad edildiyi bildirilir. Nazirlik işğaldan təmizlənmiş Ukrayna ərazisinin əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edir.

Ancaq bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Britaniyanın Müdafiə Nazirliyi isə oktyabrın 14-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, son 3 gündə rusiyapərəst qüvvələr şərqi Donetsk vilayətindəki Baxmut şəhərinin mərkəzinə doğru taktiki irəliləyişlər ediblər.

Prezident Volodimir Zelenski isə oktyabrın 13-də gecə video müraciətində Baxmutda “amansız” döyüşlərin getdiyini bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna əsgərləri Baxmutu “məharətlə və qəhrəmancasına” müdafiə edirlər.

Rusiya ötən ay Ukraynada qismən işğal etdiyi dörd vilayətin – Xerson, Donetsk, Luhansk və Zaporojyenin ilhaqını elan edib. Kiyev və Qərb bu ilhaqı qanunsuz adlandırıb.

Zelenski ukraynalıları oktyabrın 14-də Ukraynanın Müdafiəçiləri Günündə mümkün Rusiya zərbələrinə qarşı xüsusilə diqqətli olmağa çağırıb.

Prezident Beynəlxalq Qırmızı Xaç Komitəsini sərt tənqid edib, ukraynalı hərbi əsirlərin hüquqlarının qorunmasında fəaliyyətsizlikdə suçlayıb. O, qurumu Rusiyanın işğalı altında olan şərqi Olenivkada missiya gerçəkləşdirməyə çağırıb. İyulda partlayışyanğın zamanı həmin düşərgədə onlarla ukraynalı hərbi əsirin həlak olduğu bildirilir.

Oktyabrın 13-də Rusiya Ukraynanın onlarla şəhərinə raket və dron zərbələri endirib. Cənubdakı Nikoleyav şəhərində beş nəfərin həlak olduğu bildirilir.

Kiyev ətrafı da bombardman olunub. Zərbələrin İran istehsalı dronlarla həyata keçirildiyi deyilir.

Zelenski oktyabrın 13-də Avropa Şurasında çıxışında deyib ki, Ukrayna səmasının qorunmasına ehtiyac var.

“Bu baş versə, yaxın gələcəkdə müharibənin tamamilə dayandırılmasında fundamental addım ola bilər”, – Zelenski vurğulayıb.

Britaniya hökuməti Zelenskinin müraciətinə cavabında deyib ki, Ukraynaya Pentaqonun bir neçə həftəyə göndərməyi planlaşdırdığı NASAM təyyarə əleyhinə sistemlər üçün raketlər yollayacaq.

London Kiyevə həmçinin məlumat yığma və logistik dəstək üçün yüzlərlə dron, üstəgəl 18 haubitsa artilleriya silahı göndərir.

Bu həftə Brüsseldə görüşən NATO müdafiə nazirləri raket hücumlarından orta və uzaq mənzilli müdafiə təmin edən sistemlər vəd ediblər.

24 saat” “
Ukrayna ötən ay yüzlərlə yaşayış məntəqəsini azad etdiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya yenə Ukraynaya zərbələr endirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button