Ukrayna prezidenti briqadasının azərbaycanlı komandiri: “Cinahlardan keçməyə çalışan düşməni geri oturtduq” – REPORTAJ
Ukrayna prezident briqadasında xüsusi təyinatlı artilleriya batareyasının komandiri olan Qulamov Teymur Emin oğlu əslən Azərbaycanın Astara rayonundandır. Kiyevdə doğulub boya-başa çatan həmyerlimiz Ukraynada Ali Hərbi məktəbi bitirdikdən sonra qısa müddət ərzində nizam intizamlı olması və müsbət göstəricilərinə görə prezident briqadasında batareya komandiri vəzifəsinə irəli çəkilib. Onun batareyası hazırda Donetsk vilayətində Baxmut şəhəri istiqamətində ən həlledici tapşırıqları icra edir. Teymur eyni zamanda humanitar fond da təsis edib, həmçinin Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanlı hərbçilərin tapılması və ya dəfn olunmasında əsas təşkilatçılardandır.
“Report”un Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşı ilə söhbətdə Teymur Qulamov bildirib ki, təxminən 1 ildir ki, Baxmut istiqamətində xidmət edir:
“Düşmən cinahlardan keçməyə çalışarkən ona qarşı döyüşüb, geri oturtmuşuq”.
O vurğulayıb ki, ən qaynar nöqtələrdə xidmət edib:
“Düşmən ərazilərimizi işğal etməyə gəlib. Mənim vəzifəm doğulduğum və vətəndaşı olduğum Ukraynanı müdafiə etməkdir. Azərbaycan və Ukraynanın ortaq problemləri var idi, Azərbaycan həll etdi. Ukrayna da həll edəcək”.
T. Qulamov bildirib ki, bu yaxınlarda “Ukraynanın möhkəm ümidləri” adlı xeyriyyə fondu təsis edib:
“Bu fondun məqsədi Ukrayna ərazisində təcavüz nəticəsində zərər dəymiş binaların bərpasına yardım etməkdir. Söhbət Buça, Qostomel və başqa ərazilərdəki tikililərdən gedir. Burada yaşayan insanlar zərər görüblər, onlar ailələri ilə birlikdə köçüblər. Baxmutda da binaların necə dağıldığını görmüşük. İnsanların qalmağa yerləri yox idi. Odur ki, tikinti işlərinə yardım göstərməyə qərar verdik”.
O Ukrayna Silahlı Qüvvələrinə döyüşlərdə dözümlülük arzulayıb:
“Biz düşmənə qalib gələcəyik. Ukraynada çoxlu sayda azərbaycanlı döyüşür. Mənim bölüyümdə də azərbaycanlılar var. Azərbaycanlı qardaşlarımız da döyüşlərdə həyatını itirir, itkin düşürlər. Çalışıram onların hamısını tapım. Bu yaxınlarda mərhum Tərlanın dəfn mərasimi keçirilib. Onun axtarışları bizim tərəfimizdən uzun müddət davam etmişdi”.
T. Qulamovun əsgərləri azərbaycanlı komandirin rəhbərliyi altında xeyli uğura imza atdıqlarını bildirirlər. Əsgər Sergey Sergeyev bildirir ki, Qulamovun rəhbərliyi ilə müxtəlif istiqamətlərdə xidmət edib düşməni ciddi itki verməyə məruz qoyublar:
“Komandirimiz Qulamov barədə çox maraqlı şeylər danışmaq olar. Hər birimiz onun komandirliyindən, gördüyü işlərdən razıyıq. O, könüllü olaraq sıravi döyüşçü kimi xidmətə başlayıb, indi zabitdir. Onunla bağlı hər zaman müsbət fikirlər var. O, ukraynalılarla bərabər səviyyədə olan azərbaycanlı hərbçidir. Ümumiyyətlə, biz onun komandirliyi ilə yaxşı nəticələr əldə etmişik. Müxtəlif istiqamətlərdə xidmət etmişik, düşmən ciddi itkilərlə üzləşib. O, komandir kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir və ən əsası nəticə əldə edirik. İnanıram ki, bütün düşmənləri məhv edəcəyik”.
Mənbə:Report