Müdafiə nazirinin köməkçisi Kelest Vallander Konqresdə dinləmə zamanı qeyd edib ki, kamikadze tipli 100 ədəd Switchblade dronları çatdırılma prosesindədir
Ukrayna Prezidenti Volodimir Zelenski ordusunun ölkənin şərqində döyüşlərin qızışmasına hazırlaşdığını deyir. O, Rusiyanın hərbi aktivliyi azaltmaq vədlərini “gözəl ifadələr” adlandırıb.
Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri şərqi Donbas regionunda yeni hücuma hazırlaşırlar.
Rusiya martın 29-da paytaxt Kiyev və şimaldakı Çerniqov şəhəri yaxınlığında əməliyyatları azaldacağını demişdi. Bu açıqlama İstanbulda Ukrayna təmsilçiləri ilə üzbəüz görüşdən sonra verilmişdi, məqsədin sülh danışıqları üçün “qarşılıqlı inamı gücləndirmək” olduğu deyilirdi.
Ukrayna təmsilçisi David Araxamiya danışıqların martın 31-də videoəlaqə ilə bərpa olunacağını söyləyib.
“Ərazimizin hər bir metri uğrunda savaşacağıq”
“Heç kəsə, bircə gözəl ifadəyə belə inanmırıq”, – Zelenski marın 30-da gecə videomüraciətindən söyləyib. O, Rusiya əsgərlərinin şərqi Donbas regionunu vurmaq üçün yenidən qruplaşdığını sözlərinə əlavə edib.
“Heç nəyi əldən verməyəcəyik. Ərazimizin hər bir metri uğrunda savaşacağıq”, – deyən Zelenski qərbdən hərbi yardımla bağlı çağırışını bir daha dilə gətirib.
“Biz azadlıq və demokratiya uğrunda həqiqətən birlikdə mübarizə aparırıqsa, onda bu çətin həlledici məqamda kömək tələb etmək hüququmuz da var. Tanklar, təyyarə, artilleriya sistemləri. Azadlıq tiranlıqdan pis silahlanmamalıdır”, – Zelenski vurğulayıb.
Zelenski bundan öncə ABŞ Prezidenti Co Baydenlə bir saatlıq telefon söhbəti zamanı spesifik müdafiə dəstəyini, Rusiyaya yeni sanksiya paketini, maliyyə və humanitar yardımı müzakirə ediblər.
Martın 30-da Rusiya qüvvələri Kiyev yaxınlığını və Çerniqov şəhərini bombardman etməyə davam ediblər.
Ukraynaya hansı silahlar göndərilir
Pentaqonun sözçüsü Con Körbi Ukrayna paytaxtı yaxınlığındakı Rusiya kontingentinin “20 faizindən də azının” “mövqe dəyişməyə” başladığını deyib. Onun sözlərinə görə, Rusiya Kiyevdən qüvvələrini Ukraynanın başqa yerində istifadə üçün yenidən təchiz və təşkil etmək üçün geri çəkir, Rusiyaya geri göndərmək üçün deyil.
Körbi Rusiyanın Vagner Group şirkətinin Donbas regionuna minədək döyüşçü göndərdiyini deyib. Vagner Group yarımhərbi qüvvədir, Qərb hökumətləri Kremlin ondan digər münaqişə zonalarında da istifadə etdiyini bildirirlər.
Pentaqon rəsmisi Baydenin martın ortasına vəd etdiyi silahların hamısının hələ çatdırılmadığını deyib.
Müdafiə nazirinin köməkçisi Kelest Vallander Konqresdə dinləmə zamanı qeyd edib ki, kamikadze tipli 100 ədəd Switchblade dronları çatdırılma prosesindədir.
Vallanderin sözlərinə görə, ABŞ sovet istehsalı S-300 zenit-raket kompleksi olan ölkələrlə danışır, bu silahların Ukraynaya göndərilməsinə çalışır. Bu ölkələrdən biri Slovakiyadır, S-300-ləri daha müasir, ABŞ istehsalı olan Patriot raket kompleksləri ilə əvəzləmək istəyir.