Loading...
Loading...
SEÇMƏ

Ukrayna Türkiyəyə nota verib

Yayımlandı: 30 Avqust 2022 14:15

Səbəb “S-300” raket sistemlərinin Bosfor boğazından daşınmasıdır

Ukrayna Xarici İşlər Nazirliyi Türkiyəyə nota verib.

Səbəb kimi Rusiya Müdafiə Nazirliyinin kirayə verdiyi “S-300” raket sistemlərinin Bosfor boğazından daşınması göstərilir.

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Türkiyənin bu ölkədəki səfiri Yağmur Əhməd Güldərinin nazirliyə dəvət olunduğu bildirilir.

Xarici işlər nazirinin müavini Mikola Toçitski səfirə “S-300PMU-2” raket sistemlərinin Rusiya Müdafiə Nazirliyinin Suriyadan “Sparta II” gəmisi ilə daşınması ilə bağlı narahatlığını ifadə edib.

Nazirliyin bəyanatında deyilir ki, “Boğazların Rejimi haqqında” 20 iyul 1936-cı il tarixli Konvensiyanın (Montro Konvensiyası) müddəalarına uyğun olaraq, göstərilən gəmi bu məqsədlər üçün hərbi gəmi anlayışına düşür.

Mikola Toçitski Türkiyə tərəfindən “Sparta II” gəmisi ilə Bosfor boğazından daşınmış yüklər, o cümlədən Konvensiyanın müddəalarına əməl olunması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması üçün Türkiyənin gördüyü tədbirlər barədə rəsmi məlumat verməsini xahiş edib.

Yağmur Əhməd Güldəri. Mənbə: “Anadolu” agentliyi

Nazirlik həmçinin Türkiyə tərəfinin Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya hərbi gəmiləri üçün Qara dəniz boğazlarının bağlanması ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarına ciddi əməl edəcəyinə ümid etdiyini bildirib.

Avqustun 18-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edib.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir ZelenskiBMT-nin Baş katibi Quterreş ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini bir daha bəyan ediblər.

“Mən cənab Zelenski ilə bölüşdüm ki, indiyə qədər etdiyimiz kimi, Ukraynanın yenidən qurulması üçün lazımi dəstəyi verəcəyik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Gözdən qaçırmayın:  Pakistanda təbii fəlakət: ölənlərin sayı mini keçib

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button