2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukraynada döyüşən azərbaycanlı: “Burada döyüşmək Qarabağda savaşmaq kimidir…”

“Sevdiyim qızı ruslar beş ay öncə mülkiləri müayinə etdiyi vaxt vurub öldürdü. Əvvəllər ancaq Ukraynaya görə döyüşürdümsə, bu gün həm də onun qisasını almaq üçün savaşıram”, – Ukraynada Rusiya işğalına qarşı vuruşan, adının çəkilməsini istəməyən azərbaycanlı Azadlıq Radiosuna danışır.

“Ukraynada döyüşmək Qarabağda savaşmaq kimidir. Özüm Ukrayna vətəndaşıyam, atam Azərbaycanda yaşayıb həmişə. O, Qarabağdakı döyüşlərdən, insanların necə məhv edilməsindən danışırdı. Eyni ordu- ruslar bu gün Ukraynada adamları yetim-yesir gününə salır, öldürür, didərgin qoyur”, – deyən R.Ə. 12 ildir Ukraynada yaşadığını, bu ölkənin müdafiəsinə həmişə hazır olduğunu vurğulayır.

Müharibə başlayan gündən cəbhədə

Saytların yığılması Saytlarin yigilmasi

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. 10 aydan çoxdur davam edən müharibədə hər iki dövlətin ordusunda döyüşən azərbaycanlılar var.

R.Ə. 2014-cü ildən 2021-ci ilə kimi Ukrayna ordusunda xidmət edib. Müharibə başlamazdan altı ay əvvəl hərbi xidmətdən könüllü uzaqlaşsa da, fevralda başlanan işğal onu yenidən ordu sıralarına qoşulmağa vadar edib. 12 ildir yaşadığı ölkəni qorumağa hazır olduğunu deyən R.Ə. Ukraynaya sevdiyi qızın arxasınca getdiyini danışır.

“O, tibb bacısı idi. Gəldikdən az sonra hərbiyə düzəldim, sevgilimlə birlikdə eyni hərbi hissədə çalışırdıq. Sonra evləndik, yenə Ukraynaya xidməti davam etdirdik. Qızımız oldu deyə, ötən il hərbidən uzaqlaşdıq ki, uşağımız atasız-anasız qalmasın. Amma sən saydığını say, gör fələk nə sayır. Müharibə başlayanda könüllü qoşulduq ordu sıralarına. Qızımızı nənəsi öz yanına, Almaniyaya aparıb. Sevdiyim qadını ruslar beş ay əvvəl mülkiləri müayinə etdiyi vaxtda vurub öldürdü. Əvvəllər ancaq Ukrayna üçün döyüşürdümsə, bu gün həm də onun qisasını almaq üçün savaşıram”, – o, AzadlıqRadiosuna söyləyir.

Müharibə başlayandan yalnız iki dəfə savaşdan uzaq qalan döyüşçü birinci dəfə iyulun sonunda, həyat yoldaşı vurulanda bir həftə döyüşə bilmədiyini deyir: “İki gün palatada yatdı, amma sağ çıxmadı… Özümə gələ bilmirdim… Bir günsə bir uşağı da həyat yoldaşımın dəfn olunduğu kütləvi qəbiristanlığa gətirdilər, dedilər “ruslar öldürüb”. Başladım ağlamağa, döyüşməyin vaxtı çatdığını gördüm. Qayıtdım cəbhəyə. O günlərdə isə özüm qolumdan vuruldum, dörd gün silah götürə bilmədim əlimə. İndi yaxşıyam, yenə cəbhədəyəm”.

Döyüş xatirələri

R.Ə. döyüşdüyü bölükdə gürcüstanlıların, digər millətlərin təmsilçilərinin də olduğunu deyir. Onun sözlərinə görə, döyüş ruhu sarsılmazdır, ancaq yorğunluq hiss olunur.

“Donetskdə döyüşməyə başladım, sonra Valeryanka və digər ərazilərdə. Yorğunluq var, müharibə təxminən bir ildir davam edir. Bir çətinlik silah-sursatın köhnəliyi, digəri hava şəraiti ilə bağlıdır. Arada ocaq qalayıb qızınır, yemək bişirir, gün ərzində bir-iki saat yuxu ilə döyüşməyə davam edirdik. Çətindir, amma bacarırıq”, – deyən azərbaycanlı mülkilərin döyüş gedən ərazilərdən köçməsinə necə kömək etdiklərini danışır. “Ən dəhşətlisi rusların dayanmadan bu şəxsləri gülləboran etməsi idi. İki nəfəri rusların atəşindən xilas edə bilirdiksə, dörd nəfər ölürdü. Ruslar gah bir ailənin bütün üzvlərini öldürür, gah da yarısını əsir götürürdü. Əsirlərin başlarına açacaqları oyun da Qarabağ savaşlarından məlum idi..”, – o qeyd edir.

Döyüşçü deyir ki, yaz və yay ayları ilə müqayisədə indi döyüş zonasında nisbi sakitlik hökm sürür. O, paytaxt Kiyevdə dərman və ərzaq təchizatında heç bir problem olmadığını, şəhərdə bəzi teatrların, restoran və kafelərin işlədiyini danışır. Kommunikasiyada çətinliklər var, Ukraynanın bütün ərazisində elektrik enerjisi qrafik üzrə kəsilir: “12 saat ərzində növbələrlə baş verir. Dörd saata bölünür, yəni, hər dörd saatdan bir elektrik enerjisini kəsirlər. Bu da yaxınlar ilə əlaqəni çətinləşdirir”.

Ukrayna ordusunda olan digər azərbaycanlılar

Ukrayna-Rusiya müharibəsində həlak olan azərbaycanlılar barədə məlumatlar yerli mediada tez-tez yayımlanır. AzadlıqRadiosu Azərbaycan mediasında yayılan xəbərlərə əsasən müharibənin davam etdiyi 10 aydan artıq müddətdə, hərbçi və mülki şəxslər daxil olmaqla, 30-a yaxın azərbaycanlının həlak olduğunu hesablayıb. Təkcə müharibənin ilk günü – fevralın 25-dən 27-nə kimi, üç gün ərzində yeddi azərbaycanlının öldüyünü Ukrayna mənbələri də təsdiqləyib.

“Allah məni hər dəfə rusun əlində ölməkdən xilas etdi”, – deyən digər azərbaycanlı AzadlıqRadiosuna yerli əhalinin köməyindən, yemək, geyimlə təmin olunmaqlarından danışır. O, dünya ölkələrini Ukraynaya hərbi yardımı artırmağa çağırır: “Düşmən üstümüzə əlində silahla yox, tank, top və digər texnika ilə gəlir. Azərbaycanlılar orduda ən çox xidmət göstərən xalqlardandır. Gürcülər də var, amma biz daha çoxuq. (Ukraynada savaşan gürcüstanlılar isə onların sayının digər millətlərdən daha çox olduğunu deyirlər – red.) Çünki biz belə faciəni Xocalıda görmüşük. Xocalı ilə Buça qətliamını boş yerə eyniləşdirmirlər. Xocalıda da ruslar ermənilərin əli ilə qadın-kişi, uşaq-böyük demədən öldürdü. Bu gün də Ukraynada eyni şey baş verir”.

Döyüşçü dəfələrlə ölümdən necə sağ çıxmasından danışır: “Bir ay olardı ki, Nikolayev şəhərində məskunlaşmışdıq. Yaxın olduğum bir qız mənə “hərbi hissənin önünə gəl, sənə şirniyyat bişirmişəm, verim” dedi. Görüşümüzün ortasında əvvəlcə Rusiya qırıcılarının səsini eşitdim, sonra özlərini gördüm. Yerli əhalini vurmağa başladılar. O atəşlərdən sonra üç nəfər sağ qaldı, biri mən idim. Sadəcə, Allah qorudu”.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı silahlıları, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1 min 275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Qadınlar

Ukraynada döyüşən azərbaycanlılar arasında qadınlar da var. Ön cəbhədə əlinə silah alanlarla yanaşı, arxa cəbhədə də xidmət göstərənlərə rast gəlinir. Həmin qadınlardan birinin sözlərinə görə, bir gün övladları qorxusuz yaşasın deyə, bu gün qorxuya sinə gərirlər.

“Atam, qardaşım burada döyüşür. Yoldaşım da Ukrayna üçün şəhid olub. Bəlkə, mən də şəhid olacağam. Amma uşaqlarıma görə, onlar doğulduqları vətənlərində yaxşı yaşasın deyə, döyüşəcəyəm. Uşağım iki aydır Azərbaycanda bacımgildədir. Onun üzünə həsrətəm, amma döyüşməkdən əl çəkməyi düşünmürəm. Burada əsgərlərə yun corab toxuyan qocalara, şirniyyatını əsgər ilə bölüşən məktəblilərə rast gəlirik. Onları qoyub necə gedək?”, – deyən qadınla söhbət Ukraynadakı kommunikasiya vasitələrindəki problemə görə yarımçıq kəsilir.

Rusiya ordusunda da azərbaycanlılar döyüşür, amma….

Sentyabrın 21-də Rusiyada elan olunan hərbi səfərbərlik ölkədə etirazla qarşılanıb, Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib. Noyabrın 14-də isə Prezident Vladimir Putin ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb.

Rusiya ordusuna cəlb olunan azərbaycanlılardan birinin AzadlıqRadiosuna dediyinə görə, Azərbaycan vətəndaşlığından çıxıb, 10 ildən çox Rusiyada yaşayıb və bir neçə ay öncə hərbi xidmətə məcburi cəlb edilib.

“Azərbaycanda əsgərlik etmişdim. Sentyabrın axırında çağırış gəldi və məcburi formada qoşuldum Rusiya ordusuna. Rusiyanı sevirəm, amma ona sevgim Ukraynada yaşayan dostlarımı, tanışlarımı öldürməyimə əsas vermir. Rusiya hegemon dövlətdir, onun torpaqlarını artırmasını istəyini də anlayıram, ancaq bu istək qanla başa gəlməsəydi kaş. Hər iki tərəfdə ölənlər, evindən ayrı düşənlər var”, – deyən həmsöhbətimiz silah, qida təchizatında çətinlikləri olmadığını sözlərinə əlavə edir.

O, Rusiya ordusunda döyüşərək həlak olan azərbaycanlı Şahin Əhmədov ilə çiyin-çiyinə savaşdığını xatırlayır, hərdən bu itkilərə görə Ukraynadan qisas almaq istəyinə qapıldığını da gizlətmir. Dediyinə görə, Ukrayna qüvvələri oktyabrın əvvəlində Krım körpüsünü partladandan sonra Rusiya Ukraynaya raket zərbələrini artırmaq əmri verib. “Əmr quluyuq, istəməsək də, etməli idik. Gözümün önündə mülki şəxslər ölürdü”, – deyən müsahibimiz döyüşün rusiyalılar üçün şərəf məsələsinə çevrildiyini vurğulayır.

“Xersona axırıncı raket zərbəsindən sonra rus hərbiçilərin bəziləri yeməkdən əvvəl “vzrıvpaket” partladıb, fişəng atdılar. Kənarda oturub onların əylənməsinə baxır, əsəb keçirirdik. Mənə çoxu deyir ki, “insanı məcbur edə bilməzlər”. Anlamırlar ki, arvad-uşaq, ata-ana burdadır (Rusiyanı nəzərdə tutur – red.). Döyüşdən imtina etsəm, ya həbsə atılacam, ya öldürüləcəm. Onlara kim baxacaq bəs…”, – deyə döyüşçü tərəddüdlərini, nigarançılığını bölüşür.

Onların tək istəyi var – Savaş bitsin

Ukraynada savaşan R.Ə. savaş bitəndən sonra Almaniyaya gedəcəyini, qızını gətirib işğaldan təmizlədiyi torpaqda böyüdəcəyini deyir: “Qızımla ara-sıra görüntülü danışıram, amma ürəyim partlayır, darıxıram. Anası indi bu ölkənin səmasından bizə baxır, gözləyir ki, qələbə çalaq. Torpaqlarımızı Rusiyadan geri almaq bütün Ukrayna xalqının arzusudur. Onu alaq, sonra Putin təslim olduğunu desin, biz də sevinək, ölənlərin də ruhu şad olsun. Özümə söz vermişəm ki, yoldaşımın adına bir xəstəxana açım, özü də özümün qoruduğu bu torpaqda”.

Rusiya tərəfdə döyüşən azərbaycanlı isə müharibədə haqlının qalib olmasını istəyir: “Hansı dövlət haqlıdırsa, o qazansın. Amma ən böyük istəyim odur ki, müharibə bitəndən sonra dostluq yaransın və iki dövlətdə də döyüşən azərbaycanlılar barışıb oturub nərd vursun, çay içsin. Bizim Qarabağ kimi ağrılı yerimiz sağaldı, bura da sağalar, inanırıq”.

Azərbaycan 2014-cü ildə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıblar.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım vilayətini ilhaq edib, Ukraynanın şərqində separatçılara dəstək verməyə başlayıb. Bu il fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayan Moskva Qərbin ağır sanksiyaları ilə üzləşib.

24 saat” “Ukraynada döyüşən azərbaycanlı: “Burada döyüşmək Qarabağda savaşmaq kimidir…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button