SEÇMƏ

Ukraynada: İndiyədək 430 uşaq öldürülüb, 249 azyaşlı itkin hesab edilir

Yayımlandı: 25 Oktyabr 2022 11:44

Ümumilikdə 1251-dən çox uşağın zərər çəkdiyi bildirilir

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlanandan bəri 430 uşağın öldürüldüyü, 821 uşağın isə yaralandığı bildirilir.

Bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu oktyabrın 25-də “Telegram” kanalında yayıb.

Baş Prokurorluq qeyd edib ki, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada ümumilikdə 1251-dən çox uşaq zərər çəkib:

“249 uşaq itkin düşmüş hesab edilir”.

Azyaşlıların ən çox zərər çəkdiyi bölgələr sırasına Donetsk vilayəti, Xarkov, Kiyev, Nikolayev, Zaporojye və digərləri daxildir:

“Məlumatlar yekun deyil, çünki hələ aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti olaraq ələ keçirilən və azad edilmiş ərazilərdə araşdırmalar davam edir”.

Prokurorluğun bildirdiyinə görə, Rusiyanın silahlı qüvvələrinin bombardmanları nəticəsində Ukraynada 2677 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 331-i tamamilə dağıdılıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Kinoya ayrılan pulun  televiziyaya xərclənməsi absurddur”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button