Dünya

Ukraynalı kimsəsiz uşaqlar Rumıniyada. ‘Bizə kral kimi baxırlar’

Daha kiçik uşaqların çoxu ümumiyyətlə danışmır. Bəziləri isə öz düşüncələrinə qapanmış təsiri bağışlayır

Əqli geriliyi olan 70 ukraynalı kimsəsiz uşaq Rumıniyanın Prahova vilayətində yerləşdirilib. Bura Ukraynayla şimal sərhədindən 200 kilometr cənubda, Odessa bölgəsindən 250 kilometr qərbdə yerləşir.

Ukraynanın dövlət uşaq evlərindən gətirilmiş 27 uşaq Baikoi şəhərinin “Raze de Soare” (“Günəş şüaları”) adlı dövlət uşaq evində yerləşdirilib. Yaxınlıqdakı Posesti və Valenii de Munte icmalarında da bu qədər uşaq yerləşdirilib.

Bu uşaqlar müharibənin ilk günlərindən xaricə köçürülüblər. Onların Ukraynadan çıxışını təşkil edənsə rumın dövlət və özəl qurumlarının şəbəkəsidir. Bu şəbəkə çoxu qadın və uşaqlardan ibarət 86 min ukraynalıya ev sahibliyi edir. Dövlət və özəl maliyyə vəsaitindən başqa fərdi şəxslər də yardım edir.

Ən kiçikləri 6 yaşında olan bu uşaqlara həyat və təhsillərini təhlükəsiz davam etdirməyə yardım göstərilir. Ukraynalı müəllimlər sərhədin hər iki tərəfindəki uşaqlarla işləmək üçün hər gün yüzlərlə kilometr yol qət edirlər.

Daha kiçik uşaqların çoxu ümumiyyətlə danışmır. Bəziləri isə öz düşüncələrinə qapanmış təsiri bağışlayır. Aralarında yeni sima görəndə çox sevinənləri də var.

Onların hamısı ilə işləmək üçün Ukraynadan qadın müəllimlər gəlir. Müəllimələr adətən, bir aylıq gəlirlər.

Uşaqların bəziləri rumın dilini öyrənir. Rumın dilini bildiyi üçün uşaqlarla mərkəz arasında əlaqə yaratmağa kömək edə bilən Lena adlı müəllimə uşaqların yeni evlərinə uyğunlaşdığını və yaxşı yediklərini deyir. “Bizə kral kimi qulluq edirlər”, – gözləri yaşaran Lena danışır.

Mərkəzin direktoru Letitia Musat deyir ki, bu bir icma təşəbbüsüdür. Rumınlar bu işə ürək qoyublar. Onlar geyim və gündəlik tələbat əşyaları ianə ediblər. Şirkətlər və QHT-lər motor bacarıqlarının inkişafına kömək edən sensor otaq və bir neçə dərs otağı üçün maliyyə vəsaiti ianə ediblər.

Beynəlxalq donorlardan biri Amerika aktyoru Şon Pennin (Sean Penn) təsis etdiyi CORE təşkilatıdır. CORE artıq martdan bəri Rumıniyadakı Ukrayna qaçqınlarına 1 milyon dollar həcmində yardım edib.

CORE “Raze de Soare” mərkəzinə də minlərlə dollarlıq yardım edib, qış geyimləri, tədris və istirahət materialları, televizor bağışlayıb.

Təşkilat mərkəzdə psixoloji və nitq terapiyası məkanının yaradılmasına da dəstək verir və gələcəkdə mərkəzin uşaqlarına stomatoloji xidmətlər göstərilməsini planlaşdırır.

“Bu layihə CORE-un dəstəyini Ukraynanın ən həssas qaçqınlarına – əlilliyi olan insanlara və digər marginallaşdırılmış qruplara fokuslandırmaq strategiyasının bir hissəsidir”, – CORE AzadlıqRadiosuna bildirib.

Mərkəz müharibə ərəfəsində yetimlər evindən təcili uşaq müdafiə mərkəzinə çevrilməyə hazırlaşırdı. Çünki onun sonuncu sakinləri də daimi evlərə yerləşdirilmişdi.

Gözdən qaçırmayın:  Onlar qayıqları batırır və quruda onlara işgəncə verirlər! Budur Yunanıstanın “kölgə ordusu”

Ancaq fevralın sonunda Rusiyanın Ukraynaya hücumu başlayandan sonra mərkəzin yeni missiyası yaranıb. İndi o, Avropada II Dünya müharibəsindən bəri ən ağır münaqişə bitənə və sülh bərpa olunana qədər 8 milyon Ukrayna qaçqınının ən həssas qrupuna aid uşaqlara xidmət edəcək.

24 saat” “
Ukraynalı kimsəsiz uşaqlar Rumıniyada. ‘Bizə kral kimi baxırlar’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button