Dünya

Ukraynanın ‘ən böyük irəliləyişə’ nail olduğu deyilir

2014-cü ildə ilhaq edilmiş Krımla birlikdə Ukraynanın 20 faizə yaxın ərazisi hazırda Moskvanın işğalı altındadır

Ukrayna qüvvələri müharibə başlanandan bəri ölkənin cənubunda “ən böyük irəliləyişə” nail olub.

Onlar oktyabrın 2-də cəbhə xəttini yararaq Dnepr çayının sahili boyunca irəliləyiblər.

Reuters yazır ki, cəbhənin bu hissəsində minlərlə Rusiya əsgəri mühasirəyə düşə bilər.

Kiyev bu irəliləyiş barədə rəsmi məlumat verməyib, amma Rusiya mənbələri bildirirlər ki, Ukrayna tank hücumu ilə onlarca kilometr irəliləyə bilib, bir neçə kənd işğaldan azad olunub.

Ukrayna qoşunlarının Donbasdakı şərq cəbhəsində də irəlilədiyi xəbər verilir.

Beləliklə Vladimir Putinin nüvə silahı ilə zərbə endiriləcəyinə dair təhdidinə baxmayaraq Ukrayna qoşunları bütün cəbhələr boyunca irəliləyib.

Dudçanı kəndi

Xerson vilayətinin işğal altında olan ərazilərinə Moskvanın təyin etdiyi başçı Vladimir Saldo Rusiya televiziyasına bildirib:

“Vəziyyət belə demək mümkündürsə, gərgindir. Onlar əlbəttə irəliləyiblər. Dnepr çayı sahilində Dudçanı qəsəbəsi deyilən bir yer var. Burada onlar irəliləyiblər. Bu ərazidəki kəndlər Ukrayna tərəfindən zəbt edilib”.

Reuters yazır ki, Dudçanı bir gün əvvəl cəbhə xəttinin keçdiyi yerdən 40 kilometr cənubdadır. Bu o deməkdir ki, Ukrayna qoşunları müharibə başlanandan bəri ən sürətli irəliləyişə nail olub.

Bütün bu müddət ərzində rəsmi Kiyev sussa da, bəzi rəsmilər irəliləyişə dair təsdiq edilməmiş xəbərlərin olduğunu deyirlər.

Fotoların nişan verdiyi yerlər

Ukrayna Daxili İşlər Nazirliyinin müşavirlərindən Anton Geraşşenko Ukrayna əsgərlərinin dövlət bayrağına bürünmüş mələk heykəlinin qarşısında fotolarını post edib.

O bu şəklin Mihaylivka kəndində çəkildiyini yazır. Sözü gedən kənd də köhnə cəbhə xəttindən 20 kilometr cənubdadır.

Xerson regionl şurasının üzvü Serhiy Xlan Reuters agentliyinə deyib:

“Son bir neçə gündə biz Osokorivka yaxınlığında çəkilmiş ilk fotonu görmüşük… Biz qoşunlarımızın Mihaylivkanın girəcəyində çəkilmiş şəkllini görmüşük, biz onların Xreşşinovka yaxınlığındakı abidənin qarşısında çəkilmiş fotosunu görmüşük. Bu o deməkdir ki, Zolota Balka da silahlı qüvvələrimizin nəzarətindədir və bu o deməkdir ki, biz çox güclü şəkildə Dneprin sahili boyunca Berislava doğru irəliləyirik. Bu barədə rəsmi məlumat yoxdur, amma Rusiyanın media səhifələri tam bir panika içərisindədir….Bu fotolar xəbərləri təsdiqləyir”.

Ukrayna Donetskdə irəlilədiyini deyir

Ukrayna ordusu Donetsk vilayətində irəlilədiyini bildirir. Bir gün öncə bu vilayətdə strateji Liman şəhəri ələ keçirilib.

Silahlı qüvvələrin Şərq qrupunun sözçüsü Sergey Çerevati deyib ki, Ukrayna qüvvələri oktyabrın 2-də Liman yaxınlığındakı Torske yaşayış məntəqəsini azad edib, Luhanskdakı Kreminnada Rusiya hərbi birliklərini vurur.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button