Gündəm

Ukraynanın birləşdirdiyi Alyans

Mənbə:  Nytimes.com

Tərcümə: Novator.az

NATO ölkələri Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynaya durmadan silah-sursat göndərir, amma bunun riskli, təhlükəli tərəfləri də var. “Nyu-York Tayms” qəzetində dərc olunan “NATO ölkələri özünü Rusiya ilə münaqişəyə girmək riskinə ataraq Ukraynaya silah daşıyır” başlıqlı məqalədə belə deyilir.

Nyu-York Tayms”ın Brüsseldəki aparıcı siyasi müxbiri Stiven Erlangerin qələmə aldığı məqalədə bildirilir ki, Niderland Ukraynaya hava hücumundan müdafiə üçün reaktiv yaylım atəşi sistemləri, Estoniya “Javelin” tank əleyhinə raketləri, Polşa və İtaliya “Stinger” zenit-raket kompleksləri, Çexiya avtomat, snayper tüfəngləri, tapança və döyüş sursatları göndərir: “Hətta neytral ölkələr – İsveç və Finlandiya da Ukraynaya silah-sursat yollayır. Adətən münaqişə zonalarına silah göndərməkdən çəkinən Almaniya belə Ukraynanı “Stingers” raketləri və çiyinə almaqla atılan digər raketlərlə təchiz edir.

NATOAvropa Birliyi üzvlərinin hamısı olmasa da, bir çoxu – ümumilikdə 20-yə yaxın ölkə rus işğalçıları ilə döyüşən Ukraynaya silah ötürür”.

Məqalədə vurğulanır ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı işğalçı müharibə Avropa xalqlarını birləşdirib, çünki Avropa bunu bütövlükdə qitənin təhlükəsizliyinə təhdid kimi qəbul edir: “Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin sözlərinə görə, son bir neçə gün Avropanın təhlükəsizliyi və müdafiəsi sahəsində vəziyyəti son iyirmi ildəkindən çox dəyişib”.

Brüsselin Ukraynaya göstərdiyi hərbi və maddi dəstəyin Avropa Birliyini prosesin mühüm iştirakçısına çevirdiyini qeyd edən müəllif yazır: “Doğrusu, mən Avropanın vəziyyəti dəyişmək üçün Ukraynanı sürətlə silahlandırmaq prosesini davam etdirəcəyinə bir qədər şübhə ilə də yanaşıram. Bəli, Brüssel özünün bugünkü fəaliyyəti ilə fəxr edir, amma bu strategiya daha böyük müharibəyə, Putinin daha ağır intiqama əl atmasına da gətirib çıxara bilər. Məsələn, NATO üzvü olan Polşadan Ukraynaya ölümcül silahlar daşınır. Bəs bu silahlardan açılan atəş kimi öldürəcək? Rus əsgərlərini.

Putin onsuz da hesab edir ki, NATO Ukraynanı dəstəkləməklə onun ölkəsinə təhlükə yaradır, hətta Rusiyanı məhv etməyə çalışır. O, son çıxışlarında bu fikri dönə-dönə səsləndirib”.

Rusiya prezidentinin artıq nüvə qüvvələrini döyüş növbəsinə keçirdiyini xatırladan Stiven Erlanger bildirir ki, bu, Avropa və ABŞ üçün ciddi təhdiddir: “Dünya müharibələri həmişə kiçik münaqişələrdən başlanıb. Ukrayna NATO üzvlərinin qonşuluğunda yerləşir. Hazırda Ukraynada cərəyan edən hadisələr gözlənilmədən başqa ölkələrə də sıçraya bilər”.

Müəllif yazır ki, NATO və Avropa Birliyi Ukraynaya əsgər göndərməyəcəyini bəyan edib: “Bu baxımdan Ukraynanın silahlandırılması formal olaraq NATO və Avropa Birliyinin yox, ayrı-ayrı ölkələrin işi sayılır. Amma Rusiya pezidenti Vladimir Putinin bu işi hansısa məqamda bütövlükdə NATO-nun prosesə müdaxiləsi kimi qiymətləndirə biləcəyi riski də var”.

Gözdən qaçırmayın:  Rusiya Türkiyədə görüşməyə "YAŞIL İŞIQ" yandırdı

Stiven Erlanger Ukraynanın müdafiəsinə yardım göstərilməsini prinsipcə müsbət addım kimi xarakterizə edir, eyni zamanda yazır ki, Putinin buna necə cavab verəcəyini də nəzərdən qaçırmaq olmaz.

Müəllifin sözlərinə görə, Rusiya və Belarusla sərhəddə yerləşən NATO üzvləri bu baxımdan daha çox narahatdır. Ona görə də alyans həmin üzvlərini sakitləşdirmək, onların müdafiə qabiliyyətini artırmaq üçün şərq cinahına hərbi texnika və ümumilikdə 22 min hərbçi yollayıb. Yəni NATO ölkələri təkcə Ukraynanı silahlandırmaqla məşğul deyil, özləri də silahlanırlar.

Məqalədə bildirilir ki, NATO şərq cinahını möhkəmləndirməklə Rusiyaya belə bir mesaj göndərmiş olur: alyansın hansısa üzvünə hücum edilsə, NATO müqaviləsinin 5-ci maddəsi işə düşəcək. Həmin maddəyə əsasən, NATO-nun bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir.

NATO-nun Avropadakı qabaqlayıcı tədbirlərindən söz açan Stiven Erlanger konkret faktlara diqqət çəkir. Bildirir ki, təkcə ABŞ Avropaya əlavə 15 min hərbçi, Rumıniya, Polşa və Baltik ölkələrinə qırıcılar, döyüş helikopterləri göndərib.

Fransa Rumıniyaya desant dəstəsi, Polşaya bir neçə qırıcı yola salıb.

Litvada NATO taboruna başçılıq edən Almaniya ora əlavə 350 hərbçi, Rumıniyaya 6 qırıcı, Slovakiyaya bir qrup hərbçi göndərib. Üstəlik, Almaniya hansı ölkədən və ya ölkələrdən söhbət getdiyini açıqlamadan NATO-nun şərq cinahına əlavə yüzlərlə hərbçi göndərəcəyini bəyan edib.

NATO-nun Estoniyada taboruna başçılıq edən Böyük Britaniya ora əlavə 800 hərbçi və zirehli texnika, Polşaya 350 hərbçi, Kiprə 4 qırıcı, Aralıq dənizinə 2 hərbi gəmi yola salıb.

Kanada Latviyanı 1200 əlavə əsgəri qüvvə və artilleriya dəstəsi ilə təmin edib.

İtaliya Rumıniyaya 8 qırıcı, Niderland Litvaya 100 əsgər, Rumıniyaya isə 125 əsgər göndərib. Bundan başqa Niderland 8 qırıcısını NATO-nun sərəncamına verib.

İspaniya Bolqarıstana 4 qırıcı və hərbi gəmilər göndərib.

Danimarka Baltik dənizinə hərbi gəmi və 200 əsgər çıxaracaq, Litvaya və Polşaya qırıcılar göndərəcək.

Stiven Erlanger yazır ki, bu, NATO-nun son vaxtlar gördüyü qabaqlayıcı tədbirlərin tam siyahısı deyil, bir hissəsidir.

Müəllif vurğulayır ki, bütün bunlar, üstəlik, neçə-neçə alyans üzvünün hər an NATO-nun sərəncamına vermək üçün minlərlə hərbçini ehtiyatda saxlaması alyansın Rusiyanın təhdidlərinə, münaqişənin NATO məkanına keçə biləcəyi ehtimalına nə qədər ciddi yanaşdığından xəbər verir.

24 saat” “Ukraynanın birləşdirdiyi Alyans   – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button