Xəbərlər

Ukraynaya 'Patriot' hava hücumundan müdafiə sistemləri verilə bilər

Polşa ərazisinə raket düşməsi və iki nəfərin həlak olması hadisəsindən sonra Polşa-Ukrayna sərhəddinin necə qorunması məsələsi müzakirə olunmaqdadır.

Əsas məsələ də Amerikaya məxsus “Patriot” hava hücumundan müdafiə raketlərinin harada yerləşdirlməsidir.

Almaniyanın müdafiə naziri Kristin Lambrext hesab edir ki, NATO tərəfdaşlarının razılığı ilə zenit-raket kompleksləri Ukraynaya verilə bilər.

“Patriot” kompleksi əlliyə qədər hədəfi idarə edə və eyni zamanda onlardan beşini vura bilər. Bu zaman vurulması lazım olan raket, təyyarə və ya pilotsuz aparatların ölçüsü və uçuş hündürlüyü heç bir əhəmiyyət kəsb etmir.

“Patriot” Amerika istehsalı olan hava hücumundan müdafiə sistemidir. O, ABŞ və bir sıra NATO ölkələrinin arsenalındadır. Kompleks qırx il əvvəl istifadəyə verilsə də, o vaxtdan bir neçə dəfə ciddi şəkildə modernləşdirilib.

Bu müdafiə sistemi qanadlı raketləri və dronları effektiv şəkildə vura bilir. O da vurğulanır ki, nəzəri olaraq, bu sistem Polşa ərazisindəki faciənin qarşısını ala bilərdi.

Beləki noyabrın 15-də ya Rusiya tərəfindən atılan raket, ya da onun qarşısını almalı olan Ukrayna raketinin düşməsi nəticəsində Polşada iki nəfər həlak olub.

Polşa prezidenti Anjey Duda faciədə Rusiyanı günahlandırıb. Müdafiə naziri isə “Ukraynanı daha çox itkilərdən və elektrik enerjisinin kəsilməsindən qorumaq və Polşanın şərq sərhədində təhlükəsizliyi artırmaq” üçün “Patriot” komplekslərinin Ukraynanın qərb sərhədlərində yerləşdirilməsini təklif edib.

Hərbi nöqteyi-nəzərdən bunu effektiv sayan Polşa prezidentinə görə, bu raketlər həm Polşanı, həm də Ukraynanı qorumaq üçün Ukrayna ərazisində yerləşdirilsə daha yaxşı olar.

Polşa-Ukrayna sərhədini tam təmin etmək üçün iki “Patriot” kompleksinin yetərli olduğunu bildirən hərbi ekspertlər hesab edirlər ki, bu raketlər iki ölkənin sərhəddində yerləşdirlsə belə 100 kilometr radiusda hər iki ölkənin ərazisini müdafiə etmiş olur.

Varşava ilk “Patriot” komplekslərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra alıb. Polşa ərazisinə raket düşməsindən sonra Almaniya Polşaya hava hücumundan müdafiə sistemləri təklif edib.

Nazir deyib ki, Varşavanın Ukraynada “Patriot” hava hücumundan raket kompleksləri yerləşdirilməsi ilə bağlı müstəqil qərar vermək hüququ olmasa da bu müzakirə oluna bilər:

“Bu “Patriot”lar NATO-nun inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsidir, yəni NATO ərazisində yerləşdirilmək üçün nəzərdə tutulub. NATO ərazisindən kənarda istənilən istifadə üçün NATO müttəfiqləri arasında ilkin müzakirə tələb olunur.”-Almaniyanın müdafiə naziri vurğulayıb.

O da qeyd olunur ki NATO Ukraynada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə razılaşarsa, bu zaman müttəfiqlərin həll etməli olduğu daha bir mühüm məsələ var. Bu da hava hücumundan müdafiə sistemlərini kimin-NATO hərbçilərinin yoxsa Ukrayna silahlı qüvvələrinin idarə edəcəyi ilə bağlıdır.

Gözdən qaçırmayın:  Komissiya bildirir ki, narkotiklərin 95 faizindən çoxu İran ərazisindən gəlib

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button