Loading...
Loading...
Manşet

«Ümummilli lider» mübahisəsi

Heydər Əliyevin «ümummilli lider» kimi sırınmasının növbəti mərhələsini yaşayırıq, deyəsən. Yaxud da, daha bir cəhdin, həm də bir qədər geniş dəstə bağlayaraq göstərilən cəhdin şahidi oluruq. Onu «ümummilli lider» adı ilə cəmiyyətə sırımaq üçün göstərilən birinci cəhd deyil. Bu zamana qədər bu kultu inzibati aparatın kabinetlərində və YAP dəhlizlərində hərləyirdilər, onun cəmiyyətə açıq çıxışı yox idi. Cəmiyyətə çıxış cəhdləri hər zaman fiaskoya uğrayıb. Daha bir boşluq da var idi. Dövlət orqanlarına işi düşən şikayətçi və praqmatik görükmək istəyən azərbaycanlılar öz müraciətlərinin üstünə «ümummilli lider» loqosunu da yapışdırırdılar ki, şikayətə daha həssas yanaşsınlar. Bu son elementin vizual effekti də olur ara- sıra: dövlət məmurlarından şikayət üçün ictimai göstəriyə çıxan azərbaycanlılar onun şəklini də istifadə edirlər.
Amma Heydər Əliyevi Azərbaycanın siyasi tarixinə, azərbaycanlıların siyasi şüuruna «ümummilli lider» kimi sırımaq mümkündürmü? Onu Azərbaycan tarixinin parlaq siyasi şəxsiyyətləri ilə müqayisə etmək mümkündürmü? Herodot çağlarından da başlaya bilərsiz, Şirvanşahlar- Atabəylər dövründən üzü bəri də götürə bilərsiz. Çoxlu səbəblər — arqumentlər xırdalaya bilərsiz. Amma məcbursuz ki, Heydər Əliyevin Azərbaycanın siyasi tarixində oynadığı rolu onun mövcud olduğu siyasi teatrın səhnəsində qiymətləndirəsiz. Əvvəlcə Sovet hakimiyyəti dövrünün kommunist Əliyevində, daha sonra isə müstəqil Azərbaycanın antikommunist Əliyevində onu ümummilli lider adlandırmaq üçün kafi şərtləri axtarmalı olacaqsız. Ya ayrı-ayrılıqda, ya da bir yerdə götürün, fərq etməz.
Kommunist dövrünün kommunist Əliyevi Azərbaycana yaltaqlığı, proteksiyanı, korrupsiyanı, qohumbazlığı, yerlibazlığı idarəetmə prioriteti kimi daxil etmiş adamdır. Bu, bilirsizmi nə deməkdir? O deməkdir ki, bu zərərli etiketlərin yoluxdurulduğu Azərbaycan cəmiyyəti onun (Heydər Əliyevin) üstünlük verdiyi vərdişlərlə xəstələnməyə məhkum idi. Biz o qədər gənc deyilik ki, həmin dövrləri xatırlamayaq, o qədər də yaşlı deyilik ki, həmin dövrün Əliyevçi vərdişləri bizi xəstələndirmiş olsun. Kimlərsə gec tarixlə həmin zamanların viruslarını tapıb yoluxubsa, bu, başqa məsələdir.
Müstəqillik dövrünün Heydər Əliyevindən bəhs edənlər də adətən belə bir sualla zühur edirlər: «Əgər pis adamdısa, o zaman niyə Elçibəy onu hakimiyyətə dəvət etmişdi». Bu dəfə də tədavi reseptini Elçibəyin adından sırımaq istəyirlər. Elçibəy nə peyğəmbər idi, nə də Allah idi. Xalq hərəkatının lideri idi, tarixi situasiya elə gətirdi ki, Azərbaycanda xalq hərəkatı mütləq hakimiyyətin məsuliyyətini üzərinə götürməli oldu. Bu halda da əlbəttə, həmin hərəkatın lideri hakimiyyətin birinci şəxsi olmalı idi.
Həm də bunu o adamlar deyirlər ki, Elçibəyi də ələ düşən bütün fürsətlərdə hakimiyyəti saxlaya bilməməkdə ittiham edirlər. Elçibəyin səhvləri var idi, əlbəttə. Hakimiyyəti saxlaya bilməmək də, hakimiyyəti saxlaya bilmək və ya bilməmək situasiyasının yetişdirilməsi də, Heydər Əliyevi koalisiya ortağı kimi dəvət etmək də, belə bir koalisiyanın Azərbaycandakı hərbi — siyasi böhranı aşırıb sabit və demokratik inkişaf yoluna çıxara biləcəyini düşünmək də,.. onun səhvlərindən idi. İndi biz Elçibəyin bütün səhvlərini Allahın lütfü kimi qəbul etməliyikmi?
Amma Elçibəyin səhv olmayan işləri də vardı. İmkan olanda onların da haqqında danışın və ya yazın. Ona görə yox ki, Elçibəyi fetişləşdirmək lazımdır. Ona görə danışın və yazın ki, «ümummilli lider» kimi sırımaq istədiklərinizlə müqayisə olsun.
Elçibəy rüşvətxor deyildi, amma Heydər Əliyev Azərbaycana rüşvətin yeni və cahanşümul dalğasını tətbiq etmiş adamdır. «Rüşvətin cahanşümul siqləti» deyəndə korrupsiyanı nəzərdə tutun və özünüzə sorun: rüşvətxor və korrupsioner birisi hansısa millətin lideri ola bilərmi? Yaxud rüşvətxor və korrupsioner birisini özünə milli lider kimi qəbul edən millətin sabahını necə təsəvvür edək? Yəqin ki, bu günündən daha bərbad!
Heydər Əliyev kommunizm çağlarında olduğu kimi müstəqil Azərbaycan dövlətinin başında dayandığı zamanlarda proteksiyanı, qohumbazlığı- yerlibazlığı dövlət idarəetmə prinsipi olaraq tətbiq edən şəxsdir. Xırda idarəetmə intriqaçılığının mayasında dayanan qohumbazlığı ilə fəqlənən birisini hansı məntiqlə «ümummilli lider» adlandırmaq mümkündür? Qohumbazlıq- yerlibazlıq o zaman dövlət idarəetməsinin atmosfer qatını təşkil edir ki, bunu tətbiq edən şəxs milləti vecinə almır, millətin haqq və hüquqlarını eyninə də almır, öz ailəsini millətin iradəsinin və millətin özünün fövqündə təsəvvür edir, amma siz də milləti vecinə də almayan adamı həmin millətin «ümummilli lideri» kimi cəmiyyətə sırımaq istəyirsiz. Bu iddia və hikkə necə keçərli ola bilər axı?
Əbülfəz Elçibəy Azərbaycan xalqının ümummilli lideridirmi? Əlbəttə deyil. O, Xalq hərəkatının lideri idi, bu prosesi uğurla sona çatdıra bilsəydi, yenə də ümummilli lider olmayacaqdı, Azərbaycanın yeni siyasi tarixinin mübahisəsiz isimlərindən biri olacaqdı. İndi mübahisəli isimlər sırasındadır. Azərbaycanın yeni siyasi tarixinin ümummilli lideri adına layiq görüləcək tək şəxsiyyət, əlbəttə, Məhəmməd Əmin Rəsulzadədir, bunu kimlərsə görməzdən gələ bilirlər, amma heç kim açıq şəkildə mübahisələndirmək iqtidarında deyil, mübahisələndirmək istəyənlər də ciddi qəbul edilməz.
Heydər Əliyev Azərbaycan tarixinə düşmüş adamdır. Siyasi liderdir. Amma neqativ siyasi liderdir, pozitivləri neqativlərindən dəfələrlə azdır, qat-qat azdır. Onun ümummilli lider olmaq şansı yoxdur, heç zaman da olmayacaq. Çünki, ideya adamı deyildi, hətta Sovet zamanında da zorən tapındığı Kommunizm ideologiyasına bağlı adam deyildi, öz merkantil maraqları, uğurlu karyera ovu üçün ovlaq kimi istifadə edirdi kommunist ideologiyasından da.
Heydər Əliyev Azərbaycanda mütərəqqi siyasi təcrübələrin atasını yandırmış adamdır. Azərbaycanlıları azadlıqlara layiq hesab etməmiş adamdır. Xalqın iradəsini qırıb, əzib, məhv edib ailə hakimiyyətini qurmuş adamdır, çağdaş dövlətçilik ənənələrinə tüpürərək neft üzərində ailə səltənətinin təntənəsini təmin etmiş adamdır.
Heydər Əliyev Azərbaycanı siyasi coğrafiyadan bazar nırxı belə olmayan ticarət coğrafiyasına çevirmiş adamdır. Bu bazarda piştaxtası olan nə qədər adam varsa, onlar üçün «ümummilli lider» də ola bilər, İlahi iradənin təcəssümü də ola bilər: bu nəhəng ticarət mərkəzində piştaxtalar da tez- tez dəyişir və yeni gələnlər də onu eyni zəruri qaydada qəbul edə bilərlər, necə ki, qəbul edirlər, hətta arqumentləşdirməyə də çalışırlar. Ki, pis adam idisə Elçibəy onu niyə dəvət etmişdi. Elçibəyin bu seçimi yanlış seçim idi, səhv idi, kökündən səhv idi. Motivindən və nəzərdə tutulan nəqşələrin naxışından- rəngindən asılı olmayaraq yanlış addım idi.
Heydər Əliyev isə «ümummilli lider» deyil, o, Azərbaycanın milli ideyalarını öz ailə hakimiyyətinin əbədiləşdirilməsi üçün sallaqxanaya çəkmiş birisidir. «Qara atlı oğlandır». Adamları, təşkilatları, dəstələri, briqadalrı nə qədər «paketləyib» tribunaya dürtsələr də heç kim onu «ağ atlı oğlan» kimi cəmiyyətə sırıya bilməyəcək. Lap bütün cəmiyyətə rüşvət verib hamıdan «Heydər Əliyev ümummilin liderdir» dərkənarını alsalar da, xeyri yoxdur, tarix xaltura ilə yazıla bilər, amma xaltura ilə dərk edilməz.
Heyədr Əliyev bircə nəslin qaraçuxasıdır, qoruyucusudur, bütün başqa nəsillər isə onun «ümummilli lider» kultunu bəsləmək üçün yemdir.
«Heydər Əliyev ümummilli liderdir» deyən və yazan azərbaycanlıların son nəfərinə qədər hamısı, hətta İlham Əliyevin özü də bunu praqmatik niyyətlər üçün iddia edir. Onların hamısı yaxşı bilirlər ki, belə deyil. Sadəcə olaraq mütləq azlıq bu yalana özünü inandırmağ bacarıb, əksəriyyət isə yalan iddia olduğunu bilir, amma özünü inandırmaq istəyir ki, bu cür polemikalarda saxta görükməsin, axı saxta görükmək də başqa cür cəzalandırıla bilər. Eynən Kim İr Senin dəfni zamanı yalandan ağlamaqda və ya ürəkdən ağlamamaqda günahlandırılan koreyalıların cəzalandırıldığı kimi.
Bu cəzadan qopmaq üçün imza da tələb olunurmuş…
Gözdən qaçırmayın:  Rusiyalı turistlər Türkiyədə ilişdi: kartlar bloklanıb, otellərə borcu ödəmək olmur

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button