2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Uşaq Hüquqları Ayı”nın pərdəarxası durumu

Bakı/21.10.21 Ombudsman Səbinə Əliyeva «Uşaq Hüquqları Aylığı»nın elan olunması ilə bağlı müraciət yayıb.

O, uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu bu təbdirə qoşulmağa dəvət edib. 

Azərbaycanda uşaq hüquqları necə qorunur? Dövlət onların sosial müdafiəsini təmin edə bilirmi? 

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 149 yeni doğulan körpə qeydə alınıb.

Rəsmi statistikaya görə, əvvəlki illərlə müqayisədə uşaqların sayının əhali sayına nisbətində azalma müşahidə edilir. 2000-ci ildə əhalinin 37 faizi uşaqlardan ibarət olubsa, 2015-ci ildə bu rəqəm 26,7 faizə, hazırda isə 26 faizə düşüb. 

2020-ci ilin iyunun 2-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası»nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Strategiyada uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə uşaqları müdafiənin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycanda uşaq siyasətinin əsas hədəflərinin müəyyən edilməsi nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turan-a bildirilib ki, uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.

Qurumdan qeyd olunub ki, Azərbaycanda 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib. hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək uşaqları nazirliik tərəfindən aylıq müavinətlə təmin olunurlar. 

Nazirlikdən vurğulanıb ki, ailə başçısını itirməyə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları, üç yaşınadək uşaqlara qulluğa görə onların sığorta olunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər.

Bildirilib ki, ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat

növləri olan ödənişlərlə təmin olunur. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət ödənilir. 

Nazirlikdən qeyd olunub ki, uşaqların reabilitasiyayönlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan işlərdən biridir. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı 1 və 2 saylı sosial xidmət müəssisələri Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun yenidən qurulub.

Ümumən, son illərdə  nazirlik tərəfindən 8 minədək uşaq səyyar və stasionar formada sosial xidmətlərlə, o cümlədən sosial sifarişlər əsasında icra olunan layihələr çərçivəsində günərzi xidmətlərlə təmin edilib. 

Qurumdan əlavə olunub ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi də istifadəyə verilib və cari ildə Şəmkir və Qəbələdə daha iki belə mərkəzin açılması nəzərdə tutulur.

Vurğulanıb ki, Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının  qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların   mənəviyyatına   təhlükə  törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağandır.

Qadın Təşəbbüs Qrupunun rəhbəri, yazar Zümrüd Yağmur isə bildirib ki, Azərbaycanda doğulduğu vaxtdan uşaqların hüquqları təmin olunmur və qəbul olunmuş Strategiyanın icrası hiss olunmur: «Doğulanda, məktəbə gedəndə, tibbi problemi ortaya çıxanda, bəzi hallarda onlara qarşı hər hansı cinayət törədildikdə belə uşaqların hüquqları qorunmur».

Onun fikrincə, ölkədə uşaqların sosial hüquqları da qorunmur: «Uşaqpulu deyilən müavinətin verilməsi ilə bağlı uzun müddətdir ki, söz-söhbət gəzir. Azərbaycanda yalnız uşaq doğulanda 200 manat məbləğində pul verilir. Amma, gəlin, Azərbaycanda olan qiymətlərə və bu verilən vəsaitə baxaq. Bunları müqayisə edəndə dərhal görünür ki, uşaqlar doğulanda artıq onların hüquq pozulması prosesi başlayır». 

Ekspertin sözlərinə görə, bunu da nəzərə almaq lazımdır ki, doğum evində də pul ödənilməlidir: «Xəstəxananın qapısını döyəndə artıq o uşağın doğulmasına gələcək vətəndaşın doğulması kimi yox, veriləcək pul kimi qiymət verilir».

Zümrüd Yağmur qeyd edib ki, Azərbaycanda uşaqların tibbi sığortası yoxdur: «Gündə sosial şəbəkələrdə hər hansı xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı paylaşımlara rast gəlirik. İxtioz xəstəliyi var ki, ondan əziyyət çəkən uşaqlar üçün Azərbaycanda nə mərkəz var, nə də dövlət qayğısı. Məsələ ilə bağlı vətəndaşların maarifləndirilməsi aparılmır. İxtioz xəstəsi olan uşaqlar hətta ictimai nəqliyyatdan endirilir, halbuki, bu xəstəlik keçici deyil».

O qeyd edib ki, məktəbə gədən uşaqlar üçün həvəsləndirici və yardım paketləri mövcud deyil.—0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button