2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Uşaqlar məktəbli paltarı almaq üçün tarlada “semiçka” yığırlar…”

Ölkədə yeni tədris ilinin başlanmasına lap az qaldı. Təhsil müəssisələrinin açılması ailələrə həyəcanla bərabər, böyük qayğılar gətirir. İndi bütün ailələrdə geyim və dərs ləvazimatı təlaşı var. Məlum olduğu kimi, məktəb ehtiyacları ilə müqayisədə böyük çoxluğun büdcəsi xeyli məhduddur. Bu günlərin qayğı və həyəcanını kim necə yaşayır? Ölkə əhalisinin durumunu öyrənmək üçün kiçik bir sorğu apardıq və onun nəticələrini sizə də təqdim edirik.

Əkbər Cəfərbəyli: “İki uşağım məktəbə gedəcək, hələ heç nə almamışam. Səbəb odur ki, iki aya yaxındır işsizəm, sabah da kirayə pulu verməliyəm. Uşaqlardan biri 1-ci sinfə, o biri 3-cü sinfə gedəcək. Kimdəncə 150-200 manat arası borc almalıyam.”

Saytların yığılması Saytlarin yigilmasi

Ağakişi Əliyev: “Çox ağrılı mövzuya toxunursunuz. Goranboy rayonunun Səfıkürd kəndindən hər gün avtobusla camaatı qonşu Tərtər və Samux rayonlarına “semiçka” yığımına aparırlar. Təəssüf ki, böyüklərlə yanaşı məktəbli oğlan və qızlar da bu işə cəlb edilib. Uşaqlar bildirir ki, ailə büdcələri zəif olduğundan, məktəbli forması almaq üçün məcburən bu işə gedirlər. Xatırladım ki, bu tarlalar xüsusi şəxslərin olduğu üçün çox işlədib az ödəmək prinsipi ilə çalışdırırlar. Fəhlələrə günü 8-10 manat pul verirlər, üstəlik 8 saat deyil, 10 saat işlədirlər. Belə… indi bölgələrimizin əksəriyyətində bu cür acınacaqlı vəziyyətdir.”

Samirə Kazımova: “Bizdə 2 uşaqdır. Məktəb bazarlığı bir uşaq üçün təxminən 150 manata başa gəlir. O da son dərəcə qənaətlə xərcləyə bilsən. Bura daxildir – yubka, köynək, ayaqqabı, corab, kalqotka, jaket, çanta dəftər, qələm və başqa xırda şeylər. Bu qədər şeyi 150 manata həll etmək üçün məcbursan ən ucuzunu axtarıb tapasan. Onda da məlum məsələdir ki, keyfiyyət necə olur. Amma nə etmək, başqa çarə yoxdur.”

Eldar Məmmədov: “Qiymətlər olduqca bahadır. Bizdə bir uşaq üçün məktəb bazarlığı 294 manata başa gəldi. Paltar, ayaqqabı, köynək çox bahadır.”

Əmir Əlizadə: “Mən sovet vaxtında məktəbdə direktor müavini işləmişəm. Bizim zamanımızda məktəblərə imkansız ailələr üçün müəyyən sayda məktəb ləvazimatı və geyim verirdilər. Ona da heç kim özünə sığışdırıb yiyə durmurdu. Hamının yaxşı-pis uşağına geyim almaq imkanı vardı. İndi acınacaqlı durumdadır əhali. İki nəvəm məktəbə gedəcək, hələlik, 400 manat xərclənib. Ölkədə məktəbli uşağına geyim ala bilməyən minlərlə ailə var. Bu hökumət nə fikirləşir, Allah axırımızı xeyir eləsin.”

Həmidə Quliyeva: “Bizdə üç uşaq məktəbə getməlidir. Hər uşaq üçün ən azı 150-160 manat xərcləməlisən. Amma imkan yoxdur. Yoldaşım günəmuzd işlərdə çalışır, o da olsa. Məcburən, uşaqlardan ikisi keçənilki paltar və çantalarla keçinməli olacaq. Birinin paltarı isə tamam nimdaşlaşdığı üçün almalıyıq. Onu da soraqlayırıq, ucuzu harda var. Yəqin ki, yarmarkaların birinə gedib həll edəcəyik. Hələ bir tanışımız var, uşağına məktəbli paltarı ala bilmir, keçən il də ala bilməmişdi. İki gündən bir danlayırdılar ki, niyə formasız gəlirsən. Daha düşünən yoxdur ki, olsa, geyər də. Nə deyim, belə haqsızlıq olmaz. Bu necə neft ölkəsi oldu, bilmirəm. Adı bizim, dadı başqalarının…”

 

Hazırladı: Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button