Xəbərlər

ÜST: Pandemiya bitir 

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başlayıb.

Görüşdə Hərəkata daxil olan bir çox ölkələrin prezidentləri və başqa rəsmi şəxslər iştirak edir.

Toplantıda çıxş edən Azərbaycan Prezidenti İlham Əliyev “yeni dünya düzəninin yenidən formalaşmaqda” olduğunu bildirib:

“İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur.”

Ötən ilin fevralında Ukraynaya tammiqyaslı hücuma başlayan Rusiya ilə Qərbin münasibətləri kəskin pisləşib. Moskva Qərbi, NATO-nu Ukraynada proksi müharibə aparmaqda suçlayır.

BMT ilə bağlı islahatlar məsələsinə toxunan Əliyev deyib:

“BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.

BMT Təhlükəsizlik Şurasının hazirda 5 daimi üzvü var.Bunlar Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çindir.

Əliyevin fikrincə, “bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və bu quruma sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır”

Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənib. O, koronavirus pandemiyasının bitməkdə olduğunu söyləyib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6,9 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan 2019-cu ildən başlayaraq bu ilin sonuna kimi Qoşulmama Hərəkatına sədrlik etməlidir.

1961-ci ildə yaradılan bu quruma 100-dən çox ölkə daxildir.

+++

Azərbaycan prezidenti İlham Əliyev martın 1-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, ötən il iki ölkə münasibətlərinin inkişafında rekord il olub.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də deyib ki, iki ölkə arasında müzakirə edilən bütün məsələlər yerinə yetiriləcək:

“Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var”.

AzadliqRadiosu

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button