Gündəm

Vəkil: “Baş prokuror Sənay Yağmurun işini nəzarətə götürüb”

Loading...

Zümrüd Yağmur: “Əsgər Ağayev həbs edilməsə, deməli, bu iş sifarişlidir”

Yazar Zümrüd Yağmurun qızı Sənay Yağmurun işini Baş prokuror nəzarətə götürüb.

Bu barədə Meydan TV-yə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, işə əvvəl Yasamal Rayon Prokurorluğu baxıb.

Məsələ ictimailəşəndən sonra Sənay Yağmurun anası Zümrüd Yağmuru Baş Prokurorluğa dəvət etdilər: “Bu zaman işin nəzarətə alındığını və məhkəmədən alıb araşdırılması üçün başqa idarəyə göndərəcəklərini bildirdilər. Sonuncu dəfə mənə də bildirdilər ki, işin hansı idaəyə həvalə olunması bu həftə bəlli olmalıdır”.

Vəkil güman edir ki, iş Yasamal Rayon Prokurorluğundan alınıb başqa idarəyə həvalə ediləcək: “Çox güman ki, iş araşdırılması üçün istintaq idarəsinə gedəcək”.

Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sanay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.

O deyib ki, ona bu zorakılığı edən xalası oğlu Əsgər Ağayevdir.

Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, o, həbs olunmayıb: “Hadisə günü Əsgər Ağayev Sanayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

“Əsgər Ağayev cinayət işində, sadəcə, şahid qismində dindirilib”, – Zümrüd Yağmur deyib.

Ana bildirir ki, bir neçə gün öncə Kamran Əliyevin köməkçisi Mahir Abbasov ona zəng edərək Baş Prokurorluğa dəvət edib: “Vəkilimlə getdim. İşi nəzarətə götürdüklərini, araşdıracaqlarını dedi. Axırıncı dəfə danışanda isə bildirdi ki, işin materialları Respublika Prokurorluğuna daxil olub. Amma biz ondan sonra onunla əlaqə saxlamamışıq. Vəkil onunla əlaqə saxlayacaq. İş hansısa idarəyə göndərilibmi, ya yox öyrənəcək”.

Zümrüd Yağmur düşünür ki, bütün bunlar hüquqi prosedurdur, olmalıdır, amma işin yenidən, aylarla, həftələrlə, günlərlə araşdırılmasına ehtiyac yoxdur: “Çünki ictimaiyyət də bilir ki, ortada cinayətin bütün faktları var. Cinayətin baş verdiyini sübut etmək üçün 5-6 ekspertiza rəyi bəs edir”.

Zümrüd Yağmur əlavə edir ki, belə halda atılacaq bir addım vardı: şikayət əsasında şübhəli bilinən adam həbs edilməliydi: “Ekspertiza rəylərində cinayətin törədilməsi əksini tapırsa, bu zaman adam cinayət məsuliyyətinə cəlb olunur. Vəkillər də prosedurun belə olduğunu deyirlər. Qəribədir ki, bizim işdə bu məsələ başqa cür aparılır”.

O deyir ki, əgər yaxın zamanlarda Əsgər Ağayev həbs edilməsə, işin sifarişli olduğuna əmin olacaq: “Deməli, bu iş artıq prokurorluğu aşır, sifarişlidir, ona görə də yubadılır. Normalda hüquqi prosedur başlanılmalı, ekspertizanın rəyləri nəzərdən keçirilməli və buna müvafiq olaraq da cinayətkar həbs olunmalı idi”.

Zümrüd Yağmurun şikayətinin lazımi qaydada araşdırılması üçün imza kampaniyasına da başlanılıb.

Kampaniyanı “Qadın üçün” komandası başladıb və artıq yüzlərlə insan imzalayıb.

Bu barədə Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.

Baş Prokurorluq da zənglərimizə cavab verməyib. Ancaq daha öncə Meydan TV-yə bildiriblər ki, hadisəni araşdırırlar, tezliklə açıqlama verəcəklər.

Hadisə ilə bağlı Meydan TV-nin sorğusuna Baş Prokurorluğun Mətbuat Xidmətindən belə cavab verilib: “27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib”.

“Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur”, – deyə açıqlamada bildirilib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button