Loading...
Loading...
SEÇMƏ

Vəkil: “Elçin Sadıqov aclıq edir”

Yayımlandı: 16 Sentyabr 2022 17:10

Vəkillə bağlı qərar sabah açıqlanacaq

Sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində vəkil Elçin Sadıqov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Hakim Zəki Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində Elçin Sadıqovun özü də iştirak edib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə Elçin Sadıqovun vəkili İradə Cavadova müvəkkilinin zaldakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsini istəyib. Hakimlər vəsatəti təmin edib, Elçin Sadıqov vəkillərinin yanında əyləşib.

Məhkəmə iclasında Elçin Sadıqovun vəkilləri İradə Cavadova, Rövşanə Rəhimli, Rəsul Cəfərov və digərləri onun haqqında sentyabrın 10-dan 11-nə keçən gecə saat 4 radələrində Binəqədi Rayon Məhkəməsində çıxarılmış qərarın ləğv olunmasını istəyib. Söhbət vəkilin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi qərarından gedir.

Vəkillər də, Elçin Sadıqovun özü də həmin qərarın əsassız olduğunu bildirib.

Elçin Sadıqov özünü təqsirli bilmədiyini, haqqındakı həbs qərarının da əsassız olduğunu deyib.

Müdafiəçiləri də Elçin Sadıqovun tanınmış vəkil və nüfuzlu şəxs olduğunu, daimi yaşayış yeri olduğunu, istintaqdan yayınmaq niyyətində olmadığını məhkəmənin nəzərinə çatdırıb.

Məhkəmə prosesində iştirak edən müstəntiq apelyasiya şikayətinə münasibət bildirərkən bu məsələ ilə bağlı konkret fikir bildirməyib, qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Hakimlər isə Elçin Sadıqovla bağlı yekun qərar vermək üçün məhkəmə prosesini bir günlük təxirə salıb. Qərar sentyabrın 17-də elan olunacaq.

Məhkəmədən sonra vəkil İradə Cavadova jurnalistlərə açıqlamasında Elçin Sadıqovun aclıq etdiyini bildirib. Onun sözlərinə görə, Elçin Sadıqov özü bu barədə məlumat verib:

“Dediyinə görə, həbs olunandan aclıq edir. Son iki gündə su qəbulundan da imtina edib”.

Elçin Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi əvvəl sentyabrın 15-nə təyin edilsə də, baş tutmamışdı. Məhkəmədə məlum olmuşdu ki, onu Baş Prokurorluğun İstintaq İdarəsinə aparıblar, orada müəyyən istintaq hərəkətləri həyata keçirilir. Bundan sonra məhkəmə bir günlük təxirə salınmış, təqsirləndirilən vəkilin müdafiəçiləri də prokurorluğa getmişdi.

Meydan TV-nin əldə etdiyi məlumata görə, sentyabrın 15-də Elçin Sadıqovla eyni cinayət işi üzrə təqsirləndirilən “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı da Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib.

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da tutulub. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Gözdən qaçırmayın:  Qırğızıstan-Tacikistan sərhədində toqquşma: 18 nəfərin yaralandığı bildirilir

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button