Now Reading:
Vəkilləri həbsxanada niyə və necə yoxlayırlar?

Əsabəli Mustafayev: “Son zamanlar bizim ciblərimizə qədər baxırlar”

Vəkil Fuad Ağayev tövsiyə edib ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı koridorunda videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun. Bu barədə vəkil sosial şəbəkədə REAL sədri İlqar Məmmədovla bağlı yazdığı statusunda vurğulayıb. O qeyd edib ki, yanvarın 15-də İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində olan hər iki iş üzrə onunla birgə təmsil etməyə razılıq verən məşhur britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərib: “Bu zaman birmənalı şəkildə göstərdim ki, bu məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır. 2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar”.

Vəkilləri həbsxana girişində niyə və necə yoxlayırlar?

Öncə qeyd edək ki, vəkillərin rolu haqqında BMT-nin Əsas Qaydalarının 8-ci bəndində qeyd olunur ki, yubanma, maneə və senzuraya yol verilmədən, tam konfidensiallılıq təmin edilməklə məhbusun vəkili ilə görüşü və məsləhətləşmələri üçün zəruri şərait, vaxt və imkan yaradılmalıdır.

“Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, həbsxana girişində onun da üzərini yoxlayırlar:

“Çox təəssüf ki, bizim də üzərimizi tez-tez yoxlayırlar və bu, daim təkrar olunur. Getdikcə də yoxlama daha geniş vüsət alır. Məsələn, əvvəlcə yoxlamalar Qobustan həbsxanasında aparılırdısa, indi bütün təcridxanalarda və cəzaçəkmə müəssisələrində tətbiq olunur. Əvvəllər elektron cihazdan keçirdik, onunla kifayətlənirdilər. İndi isə bu cihazları istifadə etmirlər. Cibdə nə varsa hamısını stolun üstünə boşaltdırıb, əlimizdəki çantanı da açdırırlar. Yoxlamanın qaydası artıq bu cürdür. Təəssüf ki, vaxt məhdudiyyəti olduğu üçün biz bu barədə məhkəmə şikayəti vermirik. Çünki məhkəməyə şikayət etmək vaxt itirməkdir. Heç bir təlimatda da yazılmayıb ki, vəkillər bu cür yoxlanılmalıdır. Uzaqbaşı qəbul edərik ki, elektron yoxlamadan keçirsinlər ki, dəmir, telefon varsa, bilinsin. Vəkilin bütün sənədlərinin yoxlanması, çantasının açılıb yerə tökülməsi ciddi qanun pozuntusudur”.

Yoxlamaların nə üçün son zamanlar ciddiləşdiyinə gəlincə isə vəkil aşağıdakıları bildirib: “Hansısa hadisənin baş verməsindən söhbət gedirsə bu, hər zaman baş verə bilər. Dedilər ki, hansısa vəkil içəri telefon keçirmək istəyib, ancaq qarşısını alıblar. Vəkil də dedi ki, telefonu unudub, ona görə üzərində qalıb. İnanmıram ki, bizdə elə bir vəkil var ki, qadağan olunmuş hansısa əşyanı içəri keçirməyə cəhd eləsin. Yaxud da onun qadağan olunmuş sənədlərin məhkuma verilməsində marağı olsun. Belə ehtimal da olsa, axtarışın qaydaları olmalıdır. Ciblərə girib yoxlamaq artıq işdir. Elektron cihaz göstərmirsə, belə bir yolu seçmək nəyə lazımdır? Bu sadəcə olaraq vəkili alçaltmaqdır və göstərirlər ki, istəsək vəkilin də cibini axtararıq. Ancaq qəribədir ki, müstəntiqlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının üstü axtarılmır. Belə götürəndə onlar təqsirləndirilən şəxslərlə daha yaxındırlar. Ehtimal ola bilər ki, o da həmin şəxsə hansısa kömək etsin. Bir neçə il öncə tanıdığım müstəntiq məhkumla birlikdə cinayət əməli törətmişdi. Bu o demək deyil ki, indi bütün müstəntiqlərin üstü axtarılmalıdır.

Hadisəni bəhanə gətirmək doğru deyil. Bir-iki fakt görə hamını nəzarət altına almaq olmaz. Qanunda məhkumla vəkilin görüşünə məhdudiyyət yoxdur. Vəkillər yoxlamalardan keçdikdən sonra məhkumla görüşə bilirlər. Bəzi hallarda bu proses çox vaxt aparır. Məndə bir neçə dəfə olub ki, yarım saat, 40 dəqiqə gözləmişəm. Həmin prosesdən sonra Ədliyyə Nazirliyinə, Pentensiar Xidmətə zəng edib, şikayətimi bildirmişəm. Demirlər də ki, nə üçün gözlədirlər. Ancaq ümumilikdə isə tam olaraq görüşün qadağan edilməsinə öz təcrübəmdə rast gəlməmişəm. Məhkuma gələn məktubun oxunmasına gəlincə isə əgər bu vəkillə, məhkəmə ilə yazışmadırsa onu yoxlamaq doğru deyil. Yaxud da vəkildən, məhkəmədən gəlibsə, bunu da kimsə oxumamalıdır. Digər yerlərə ünvanlanırsa, mövcud qaydalar əsasında açılıb oxuna bilər. Müdafiə ilə bağlı sənədləri açmaq düzgün deyil”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.