Now Reading:
Vətənə xəyanət, yoxsa növbəti şou?

Vətənə xəyanət, yoxsa növbəti şou?

mnƏgər hökumət şəffaflığı təmin etməsə…

Xeyli müddətdir ki, ölkəmizə “qara kağız” gəlir.  Korrupsiya hesabatlarında adımız başdadır, ölkədəki hüquqsuzluğun miqyası bütün dünyanın diqqətindədir, təhsl səviyyəsinə görə geridəqalmış ölkələrdən də geri qalmışıq, sosial-iqtisadi vəziyyət fəlakət həddindədir və ən kasıb qonşularımız da bizdən önə keçiblər və s. Yəni, bütün sahələrdəki vəziyyətə görə “2” almışıq, sinifdə qalmışıq.

Amma rüsvayçılıq, yarıtmazlıq bununla yekunlaşmadı. Faciəli reallıqların əhatəsində qaldığımız bir vaxtda, yeni rüsvayçılığın “qara kağız”ı gəldi. Müdafiə Nazirliyi, Prokurorluq, Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb, bir qrup hərbçimizin düşmənlə əməkdaşlığa görə həbs olunduğunu açıqladı.

İlk növbədə vurğulamaq istəyirik ki, baş verənlərin dərinliyində nələrin yatdığını, məsələnin əslinin nədən ibarət olduğunu bilmirik. Çünki qarşımızda saysız-hesabsız yalanlar “istehsal” edən hökumət var. O hökumət ki, bir müddət əvvəl ölkənin ən mötədil dindarlarını “terrorçu” kimi cəmiyyətə təqdim etməyə çalışdı. O hökumət ki, 100-dən artıq vicdanlı adama cinayətkar damğası vurub. O hökumət ki, müxalifət liderini “Əl-Qaidə” ilə, həmin liderin köməkçisini “Gülən şəbəkəsi” ilə, müavinini radikal şiələrlə əməkdaşlıqda ittiham edirdi. Və zaman bütün bu ittihamların əsassız olduğunu ortaya qoydu. Bu hökumətin şərlədiyi adamları bütün dünya “vicdan məhbusu” kimi qiymətləndirir.

Məhz bu reallıqlara istinad edərək, son baş verənlərə təqdim olunan kimi inanmamaq haqqımız var.

Əgər həbs olunan hərbçilər doğrudan da xəyanətkardırlarsa, ən ağır cəzaya məhkum edilməlidilər. Əgər hökumətin bu prosesdə gizli palanları, mənfur ssenariləri yoxdursa, bu adamlarla bağlı cəmiyyətə məlumat verilməli, jurnalistlərin məhkəmə proseslərində iştirakı təmin olunmalıdır.

Əgər vəziyyət təqdim olunduğu kimidrisə, yenə də hökumətin böyük məsuliyyəti var. Çünki, məsələnin başqa tərəfləri də var və bu tərəflər böyük suallar yaradır. Bu qədər hərbçini xəyanətə nə sürükləyib? Onlar özfəaliyyətləmi məşğul olublar? AzTv-nin acından öldürdüyü Ermənistan bu qədər adamı necə pul tələsinə sala bilib? “Biz Sarkisyanın kabinetini dinləyirik” deyənlər, ordudakı rəzalətdən niyə vaxtında xəbər tutmayıblar?

Bəli, bu dəhşətli hadisənin vətənə xəyanət, yoxsa hökumətin növbəti şousu olduğu tam aydınlaşmalıdı.  Suallara ən yüksək səviyyədə cavab verilməlidir.

Onu da qeyd etmək lazımdır ki, bu ölkədə vətənə xəyanət ilk dəfə baş vermir. MTN-nin təklükə yuvası olduğuna da gördük, Rabitə Nazrilyinin korrupsiya kassasına çevrildiyinin də şahidi olduq,  Hacı Məmmədovun simasında Daxili İşlər Nazirliyində nələrin baş verdiyindən də xəbərdarıq. Eyni zamanda ölkənin vicdanlı adamlarına “ermənipərəst” damğası vurmaq da,  ölkə vətəndaşını sərt qışla üz-üzə qoyub, erməni kiləslərinə pulsuz qaz vermək də, Qarabağ qazsini şərləyib həbsə atmaq da, şəhid ailələrinin “qan pulu”nu mənmisəmək də vətənə xəyanətdir. Ən əsası dövlətin bütün sərvətlərini talan etməyi, erməniyə atalıq edənlərdən orden-medal almağı, ermənipərəst ölkələrdə xeyriyyə tədbirləri həyata keçirməyi də vətənə xəyanət kimi qiymətləndirmək olar.

Bu ölkədə həqiqi vətənpərvərə, ləyaqətli hərbçiyə, vicdanlı müəllimə, nur saçan ziyalıya, ədalət tələb edən gəncə nə vaxt qiymət verilib? Bu ölkədə çoxdandır ki, vətənini sevənlər “vətən xaini” kimi ittiham olunmurmu?

Müxtəsər, son baş verənlər həm də hökumətin yarıtmazlığının, səriştəsizliyinin, anti-milliliyinin növbəti göstəricisidir. Bu ölkədə havanın yaxşı keçməsi də, toyuğun çox yumurtlaması da uzaqgörən siyasətin nəticəsi kimi təqdim edilirsə, hərbçinin vətəninə xəyanət etməsi də zəlil siyasətin nəticəsi kimi təqdim olunmalıdır.  Hökumət bütün aidiyyatı strukturları müxalifəti güdməyə, vətəndaşı soymağa cəlb etmək əvəzinə, dövlət təhlükəsizliyini qorumaq üçün görəvləndirsəydi, nə MTN biabırçılığı olardı, nə hərbçi xəyanəti ortaya çıxardı.

Bir daha təsdiqlənir ki, bu dövlət, bu xalq əmin əllərdə deyil.

Samir

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.