Loading...
Loading...
Xəbərlər

Vətəndaş və İnkişaf Partiyasının sədri böhtan ittihamı ilə məhkəməyə verilib

Bakı/07.01.22 Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev böhtan ittihamı ilə məhkəməyə verilib.

VİP Partiyasının məlumatına görə, bu gün, yanvarın 7-də Bakının Yasamal Rayon Məhkəməsində 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında verdikləri şikayət əsasında iki məhkəmə iclası keçirilib.

İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun, Ramin Ədilovun iddiası üzrə isə hakim Rauf Daşdəmirovun sədrlik etdiyi məhkəmə iclaslarında Əli Əliyevin və onun vəkilinin eyni mahiyyət kəsb etdiyi üçün sözügedən şikayətlərin birləşdirilməsinə dair vəsatətləri təmin edilməyib.

Qeyd olunan iddialar üzrə növbəti məhkəmə iclasları müvafiq olaraq 2022-ci il yanvarın 11-i və 13-nə təyin edilib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) Əli Əliyevə qarşı qaldırılmış iddiaları əsassız sayır.

“Məhkəmə prosesləri ardıcıl təzyiqlərin davamıdır. VİP belə iddiaları Azərbaycan dövlətinin beynəlxalq imicinə növbəti zərbə kimi qiymətləndirir və hakimiyyəti siyasi mübarizədə yolverilməz üsullardan birmənalı imtina etməyə çağırır”, deyə VİP bildirir.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbiçi ölüb, iki nəfər yaralanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb. -03-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button