2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkil: “Bəxtiyar Hacıyev hərəkət qabiliyyətini itirir, əlil arabasında gəzir”

Yayımlandı: 20 Fevral 2023 14:09

Apelyasiya məhkəməsində onun ev dustaqlığına buraxılması məsələsinə baxılacaq

Yanvarın 9-dan həbsdə aclıq edən, 5 gündür, hətta su qəbulundan da imtina etdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin vəkilləri onun artıq hərəkət qabiliyyətini itirmək üzrə olduğunu deyir. Vəkili Şəhla Hümbətovanın Meydan TV-yə bildirdiyinə görə, fevralın 20-də onu müdafiəçilərlə görüşdən sonra əlil arabasında aparıblar

Saytların yığılması Saytlarin yigilmasi

“Bəxtiyar Hacıyev faktiki dəri və sümükdən ibarət qalıb. Üzünün rəngi sapsarıdır. Ağzının içi – dili, damağı yara töküb. Əlləri buz kimi idi. Səsi o qədər zəif çıxırdı ki… Danışa bilmirdi, nitqi tutulurdu. Çünki danışmağa taqəti yoxdur. Başı fırlanır, dayana bilmir, hərəkət qabiliyyətini itirmək üzrədir”, – Şəhla Hümbətova bildirib.
Fevralın 20-də Şəhla Hümbətova ilə yanaşı, digər müdafiəçilər Elçin Sadıqov və Zibeydə Sadıqova da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüb. Bütün vəkilləri ondan aclığı dayandırmasını xahiş ediblər. Lakin o razılaşmayıb.

Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı vəkillərinin şikayətinə baxılacaq. Apelyasiya şikayəti Xətai Rayon Məhkəməsinin qərarından verilib. Vəkillər bir neçə gün əvvəl onun ev dustaqlığına buraxılması üçün Xətai Rayon Məhkəməsinə vəsatət vermiş, məhkəmə isə vəsatəti təmin etməmişdi.

Vəkillər bundan öncə də dəfələrlə məhkəmələrə eyni məzmunlu vəsatət və şikayətlər veriblər.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button