2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkil: “Bəxtiyar Hacıyev quru aclığa keçdiyini dedi”

Yayımlandı: 16 Fevral 2023 18:58

İctimai fəalın Müalicə Müəssisəsində ona qarşı rəftardan narazı olduğu bildirilir

Yanvarın 9-dan həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyev fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, fevralın 16-da axşamüstü Bəxtiyar Hacıyev onunla telefon vasitəsilə əlaqə saxlayaraq, quru aclığa keçdiyini deyib. İctimai fəal bu addımının səbəblərini də açıqlayıb.

“Bəxtiyar Hacıyev Müalicə Müəssisəsində ona qarşı rəftardan çox narazıdır. O bildirdi ki, Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyulub. Aidiyyəti yerlərə yazdığı ərizələri qəbul etmirlər. Daha doğrusu, həmin məktubların göndərilməsinə imkan verilmir. Bu gün (fevralın 16-da) valideyni ilə görüşməsinə imkan verməyiblər. Hədsiz dərəcədə psixoloji təsir altındadır. Dedi ki, bu gün günortadan etibarən quru aclığa keçib”, – vəkil bildirib.

Bəxtiyar Hacıyev müdafiəçisinə onu da deyib ki, quru aclığa keçməsi haqda Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərinə yazdığı ərizəsini qəbul etmirlər.

Penitensiar Xidmətdən Bəxtiyar Hacıyevin sudan imtina etməsi və Müalicə Müəssisəsində saxlanma şəraitindən narazılığı haqda iddialara münasibət öyrənmək mümkün olmayıb. Lakin Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasında saxlanılarkən aclıq etdiyi dövrdə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada bildirilmişdi ki, o, həkim nəzarətində saxlanılır.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov baş verənləri “onsuz da gərgin olan vəziyyətin daha da kritikləşməsi” kimi qiymətləndirib. Hüquq müdafiəçisi Ombudsman Səbinə Əliyevaya müraciət edərək, onu təcili şəkildə Bəxtiyar Hacıyevə baş çəkməyə çağırıb.

“Mən müxtəlif mənbələrdən alınan məlumatlara əsaslanaraq, bir daha Penitensiar Xidmətin rəhbərliyinə üz tutaraq xəbərdarlıq edirəm. Əgər Bəxtiyar Hacıyevə zorakılıq göstərib, onu iradəsinə zidd şəkildə məcburi qidalandırmağa cəhd göstərilsə, o, intihar edəcək. Bunu özü deyib. Ona görə də bu yola əl atmayın. Eyni zamanda, İlham Əliyev və Vilayət Eyvazova müraciət edirəm, Bəxtiyar Hacıyevi öldürməyin…“, – Rüfət Səfərov belə deyib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button