2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəkili blogger Mehman Hüseynovla görüşüb

Blogger saxlanma şəraitindən narazılıq etməyib
Vəkil apellyasiya şikayəti verib
Blogger Mehman Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Vəkil Elçin Sadıqov Bizimyol.info saytına bildirib ki, şikayətdə M.Hüseynova bəraət verilməsini istəyib.
Vəkil Elçin Sadıqov Şüvəlanda yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə olan blogger Mehman Hüseynovla görüşüb. O bildirir ki, Mehmanın əhvalı yaxşıdır. “Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir. Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi” – deyə vəkil bildirib.
Onun sözlərinə görə, Mehman Hüseynova anası ilə görüşməyə icazə verilməyib. “Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından (Şüvəlan Təcridxanası) bildirilib ki, məhkəmədən məktub verilməlidir ki, məhkəmə Mehman Hüseynovun anası ilə görüşməsinə etiraz etmir”.
Vəkil vurğulayır ki, təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur. “Belə ki, Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə görüşə məhdudiyyət qoyulması barədə cinayət təqibini həyata keçirən orqanın qərarı yoxdursa bütün hallarda həbsdə saxlanılan şəxsə qohumları və mənafeyi kəsb edən şəxslərlə həftədə bir dəfə görüşməsinə şərait yaradılmalıdır”.
Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham şikayəti üzrə Cinayət Məcəlləsini 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin   535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Mehman Hüseynovun özü, müdafiəçisi və beynəlxalq təşkilatlar onun bloggerlik fəaliyyəti ilə əlaqədar sifarişlə həbs edildiyini bəyan ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button