Loading...
Loading...
Gündəm

Vaksin müddəti keçənlərin COVID pasportu etibarsız sayılacaq

Fevralın 16-dan restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq

Fevralın 15-dən peyvənd olunma tarixindən 6 ay keçən və 3-cü doza iynəsi vurdurmayanların COVID pasportu etibarsız sayılacaq.

Nazirlər Kabineti 2021-ci il dekabrın 30-da bununla bağlı mövcud qaydalara dəyişiklik edib.

Həmin zamana qədər 2 doza peyvənd olunanların COVID sertifikatlarının etibarlılığı müddətsiz idi.

Artıq ilk iki doza peyvənd olunanların sertifikatlarının etibarlılıq müddəti sonuncu dozanın vurulmasından sonrakı 6 ay hesab ediləcək.

Həmin vaxt bitibsə, daha bir doza peyvənd (buster doza) də alınmalıdır. Bundan sonra sertifikat yenidən müddətsiz olacaq.

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatın 6 aylıq vaxtı dolandan sonra isə daha iki doza peyvənd vurduranın COVID pasportu müddətsiz olacaq.

Fevralın 16-dan restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq.

Bu qayda toylara da aiddir. Hazırda 150 nəfərlik şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.

Ölkədə vaksinasiyaya isə ötən ilin yanvarın 18-dən başlanıb. İndiyə qədər 4.7 milyon şəxsə iki, 2.4 milyona isə buster doza vurulduğu vurğulanır.

Dünyanın bəzi ölkələri isə koronavirusun yayılan yeni növü “Omikron”u təbii vaksin kimi görür. Fikir var ki, bu virus sürətlə yayılsa da, daha yüngül keçirilir, ağırlaşmalar və xəstəxanaya yatmalar azdır. Bu səbəbdən ölkələr virus məhdudiyyətlərinin götürülməsinin məntiqli olduğunu düşünür.

Məsələn, fevralın 1-dən Gürcüstan hökuməti restoranlara, barlara və digər əyləncə məkanlarına daxil olmaq üçün COVID pasport tələbini ləğv edib.

Gürcüstan Qurumlararası Koordinasiya Şurasının əməkdaşı Giorgi Gibradze bildirib ki, “Omikron” variantının sürətlə yayılması və onun nisbi yumşaqlığını nəzərə alaraq bu addımı atıblar.

Ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia isə deyib ki, yaşıl keçid sistemi “Omikron” dalğası qarşısında köhnəlib, məhdudiyyətlərin əhəmiyyəti qalmayıb.

Çexiya da restoranlara, qapalı məkanlara COVID pasportu ilə girmək qaydasını ləğv edib. Üstəlik, Çexiya Ali İnzibati Məhkəməsi də ötən həftə restoranlara, klublara, kazinolara və ya otellərə girərkən peyvənd və ya sağalmanı sübut etmək vəzifəsini ləğv edib.

Ölkənin Baş naziri Petr Fiala qadağaların ləğvinin məhkəmə qərarı ilə hər hansı əlaqəsinin olmadığını, ekspertlərin tövsiyələri əsasında qəbul edildiyini bildirib.

Gözdən qaçırmayın:  SON DƏQİQƏ - Kadırov Kiyevə soxulmaqda olan qoşunun görüntülərini paylaşdı

Avropanın bəzi ölkələri isə koronavirusu ciddi olan xəstəliklər sırasından çıxarıb və ya çıxarmağa hazırlaşır.

“Omikron”a yoluxma sayı çox olsa da, Danimarka normal həyata qayıtmaqla bağlı addım atıb.

Hökumət COVID-19-u sosial cəhətdən kritik xəstəlik kateqoriyasından çıxarıb, məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Yanvarın 27-dən Böyük Britaniyada infeksiyaya yoluxanların təcridi istisna olmaqla bütün COVID-19 tədbirləri ləğv edilib.

Səhiyyə Nazirliyi qərara səbəb kimi “peyvənd proqramının böyük uğurunu” göstərib. Beləliklə, ölkədə “peyvənd pasportları” kimi tanınan COVID-19 statusunu göstərən sənədlərin məcburi istifadəsi də başa çatıb.

Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayıldı.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.8 milyondan çox insanın öldüyü açıqlanıb.

Azərbaycanda isə ən son açıqlanan məlumata görə, ümumilikdə 745 min 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 9 min 50 nəfərin vəfat etdiyi bildirilib.

24saat.org” “Vaksin müddəti keçənlərin COVID pasportu etibarsız sayılacaq” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button