Loading...
Loading...
Sosial

Vaksin vurdur, bəlkə inək qazandın

Dünya ölkələrində koronavirusa qarşı vaksinlənməyə həvəsləndirmə kampaniyaları da aparılır

İlin əvvəlindən bəri dünyanın bir çox ölkəsində vaksinasiya – peyvəndlənmə başlanıb. Artıq bəzi ölkələrdə sakinlərin yarıdan çoxu peyvəndlənib. Bəzilərində isə peyvənd vurulan insanlar əhalinin cəmi bir neçə faizi ola-olmaya. Bütövlükdə isə indiyədək dünya əhalisinin dörtdə birinə, ən azı, bir doza vaksin vurulub. Sərt qapanma tədbirləri, küçəyəçıxma yasaqları, maska taxmaq məcburiyyəti olduğu, iqtisadi fəaliyyətin, demək olar, dayandığı günlərdə bir çoxları peyvənd hazırlanmasını gözləyirdi. Di gəl, heç də bütün insanlar peyvəndlənməyə eyni cür yanaşmır. Bu üzdən, bəzi ölkələr vətəndaşları həvəsləndirməkdən ötrü bəlli təşviq kampaniyaları gerçəkləşdirir.

ABŞ-da vaksin vurdurana pulsuz pivə, 5 milyon dollar və ya marixuana

600 mindən çox insanın koronavirus ucbatından həyatını itirdiyi və bu göstəriciyə görə dünya ölkələri arasında lider olan ABŞ peyvəndləmə prosesinin ən uğurlu olduğu ölkələrdəndir. İndiyədək ölkə əhalisinin 55 faizindən çoxuna, ən azı, birinci doza vaksin vurulub. ABŞ-da vaksin vurulan insanlar üçün bir çox təşviq kampaniyaları var. Məsələn, Nyu Cersi ştatının qubernatoru bildirmişdi ki, vaksinin birinci dozasını vurduran və bunu təsdiqləyən sənədi göstərən hər bir ştat sakini pulsuz pivə əldə edəcək.

Qərbi Virciniya ştatının qubernatoru isə vaksinlənən 16-35 yaşarası şəxslərə 100 dollar dəyərində istiqraz veriləcəyini bildirmişdi. Bu ştatda vaksinlənən şəxslər arasında lotoreya da təşkil edilmiş və bir çox hədiyyələr paylanmışdi.

Vaksin vurduran şəxslərə ən qəribə təkliflərdən biri Vaşinqton ştatında qeydə alınıb. Burada insanları vaksin vurdurmağa həvəsləndirən təkliflərdən biri pulsuz marixuana əldə etməklə bağlıdır. Vaksinlənən 21 yaşdan yuxarı şəxslərə, sertifikatlarını göstərərək, bu bitkinin satışına rəsmi icazə verilən yerlərdə birdəfəlik istifadə üçün marixuana əldə etmək imkanı yaradılıb. Nyu-York ştatında isə həvəsləndirmə mexanizmi 5 milyon dollar qazanmaq imkanını verir. Ştatda vaksinlənən şəxslər arasında lotoreya keçirilməsi və maksimum məbləğ 5 milyon dollar olmaqla, pul mükafatları verilməsi qərara alınıb. Vaksin vurdurmağa gedən valideynlərin işini asanlaşdırmaq üçün həmin müddətdə uşaq baxıcısı xidməti də təklif edilir. Bununla bağlı federal hökumət baxıcı firmalarıyla razılığa gəlib.

ABŞ-da dövlət orqanları ilə yanaşı, özəl sektorda da vətəndaşları vaksinlənməyə həvəsləndirmək kampaniyaları aparılır. Bunlar arasında ən çox səs salanlardan biri pandemiya dövründə tələbin artdığı tanışlıq platforması kampaniyalarıdır. Həmin platformalar vaksin sertifikatını bildirən istifadəçilərə ayrıca üstünlüklər təklif edir. Ölkənin ən böyük şirniyyat satış şəbəkəsi də vaksinlənmə prosesi boyunca vaksin sertifikatı təqdim edən hər kəsə pulsuz şirniyyat vermək qərarına gəlib.

İsraildə kafe və barlarda vaksin vurulur

Vaksinlənmə prosesinin ən uğurla aparıldığı ölkələrdən biri də İsraildir. Ölkə uzun müddət ən çox vaksin vurulan ölkələrin siyahısına liderlik edib. Hazırda ölkə əhalisinin 66 faizi vaksinlənib. İnsanları vaksin vurdurmağa həvəsləndirmək üçün İsraildə də müxtəlif həvəsləndirmələr var. Məsələn, vaksinlənən vətəndaşlara “digital kart” verilir. Restoran, konsert və teatrlara, eləcə də digər kütləvi məkan və tədbirlərə giriş məhz həmin kartla mümkündür. Ölkə əhalisinin bir qismi bu qərarı ayrıseçkilik saysa da, hökümət bu qərarın normal həyata dönməkdə önəm daşıdığını bildirib. İsraildə vaksinlənmə könüllülük əsasında aparılır, amma peyvənd olmayanların təhsil ocaqlarına və bəzi digər məkanlara buraxılmamasına dair qərarlar da qəbul edilib.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

Təl-Əviv bələdiyyəsi gəncləri vaksin vurdurmağa həvəsləndirmək üçün şəhərin kafe və barları yerləşən hissəsində mobil peyvəndvurma məntəqəsi quraşdırıb. Burada vaksin olunan şəxslərə pulsuz içki də təklif edilir. İsrailin Lod şəhər bələdiyyəsi isə vaksin vurdurmayanlara qarşı daha radikal addımlar atacağını açıqlayıb. Şəhər meri ilk öncə vaksin vurdurmayanları bələdiyyə xidmətlərindən istifadə edə bilməyəcəkləri və övladlarının təhsil müəssisələrinə buraxılmayacaqları ilə hədələsə də, sonradan Ədliyyə Nazirliyi bunun qanunsuz olduğunu və həyata keçirilməyəcəyini bildirib. Ərəb və yəhudilərin yaşadığı Qüds (Yerusəlim) şəhərində peyvəndlənən gənclərə mədəni tədbirlərə və futbol oyunlarına pulsuz bilet verilir.

Peyvənd vurdurana… inək və ya vergi endirimi

Bir çox Avropa Birliyi ölkəsində də ABŞ və İsraildəkinə bənzər həvəsləndirmələr var. Məsələn, Yunanıstanda peyvənd vurduran 26 yaşadək şəxslərə 150 avro dəyərində hədiyyə çeki təqdim edilir. Gənclər həmin vəsaiti turizm və əyləncə sektorunda xərcləyə bilərlər. Əhalinin təxminən yarısının vaksinləndiyi Hollandiyada isə peyvənd mərkəzlərində ənənəvi və sevilən qida məhsulu olan Rinqa balığı paylanır. Serbiyaya gəlincə, burada vaksinlənən 16 yaşdan yuxarı şəxslərə 3 min serb dinarı (təxminən 50 manat) ödənilir.

Asiya ölkələrindən İndoneziyada vaksin vurduranlar canlı toyuq əldə etmək şansı qazanır. Pekində isə vaksin vurdurmağa razılaşan 60 yaşdan yuxarı şəxslərə iki qutu yumurta verilməsi vəd edilir. Tailandda da vətəndaşları vaksinə həvəsləndirmək üçün heyvan vermək üsukundan yararlanırlar. Burada vaksinlənən şəxslər arasında keçirilən lotoreyada inək udmaq mümkündür. Hindistanın bəzi şəhərlərində isə vaksinlənən şəxslərə bəlli vergi güzəştləri nəzərdə tutulub.

Azırbaycanda toylara icazə və kredit faizlərinə endirim

Rəsmi rəqəmlərə görə, hazırda Azərbaycanda əhalinin təxminən hər dört nəfərindən birinə, ən azı, bir doza vaksin vurulub. Bu, demək olar, dünya ortalamasına uyğun göstəricidir. Hökümət vaksinlənməyə hər hansı maddi həvəsləndirmə təklif etməsə də, toy, doğum günü və digər şənlik mərasimlərinə, sadəcə, koronavirus əleyhinə vaksin vurulanların buraxılmasına qərar verib. Şənliklərlə yanaşı, peyvəndlənən şəxslərin məscidl və idman zallarına daxil olmasına da icazə var.

Özəl sektora gəlincə, vaksinləmə başlanandan sonra yerli banklardan biri vaksin vurduran pensiyaçılara 2 faiz endirimlə kredit verəcəyini açıqlayıb. Məişət texnikası satışında ixtisaslaşmış yerli şirkət də peyvəndlənənlərə güzəştli kredit imkanı vəd edib.


24 saat” “Vaksin vurdur, bəlkə inək qazandın” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button