2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

VAR olan Qurban 

Dünya gündəmini Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün zəbt etdiyi, Moskvanın işğalçı siyasətinin qınandığı bir vaxtda təqdirəlayiq, nadir hallarda görünən hadisə yaşandı – özü də Azərbaycanda. Dünən axşam bütün diqqətlər Bakıya yönəldi. Azərbaycan oğlunun etdiyi ədalətli davranış ədalətsiz dünyanı heyrətə gətirdi. Onun böyük jesti, feyr-pley hərəkəti qarşısında hər kəs aciz qaldı…

Bəli, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əsl şəxsiyyət olduğunu onu tanımayanlara, uğurlarını həzm etməyənlərə bir daha təsdiqlədi. Ən əsası isə bütün dünyaya nümayiş etdirdi ki, dürüstlük, halallıq, haqq-ədalət ən ümdədir. Bu haqda bir qədər sonra…

11 dekabr, 2014-cü il. Avropa Liqasının (AL) qrup mərhələsində iştirak edən “Qarabağ” son tur oyununda İtaliya “İnter”ini qəbul edir. Qalib gələcəyi təqdirdə, Ağdam klubu daha bir tarix yazaraq, AL-in 1/16 final mərhələsinə vəsiqə qazanacaq. Matçın əlavə olunmuş dəqiqəsində “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda qələbə qolunu vursa da, çexiyalı hakim Miroslav Zelinka həmin epizodda oyundankənar vəziyyət olduğunu bildirərək təmiz qolu qeydə almır. Halbuki qeydə alınsaydı, “Qarabağ” qələbə sayəsində “Dnepr”i qabaqlayaraq tarixində ilk dəfə 1/16 finala vəsiqə əldə edəcəkdi.

Saytların yığılması Saytlarin yigilmasi

9 dekabr, 2021-ci il. Konfrans Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” növbəti tarixi matça çıxır. Yenə son tur oyununa təsadüf edən görüş həm bizim, həm də meydan sahibi “Bazel” üçün böyük əhəmiyyət kəsb edir. Bu oyunadək hər iki komandanın xalları bərabər olduğundan, matç final xarakteri daşıyır. “Qarabağ” qalib gələcəyi təqdirdə, birbaşa 1/8 finala çıxacaqdı. Matça “güllə” kimi başlayan komandamız 2-ci dəqiqədə təmiz qol vurur. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini ən azı 1 metr keçsə də, hakim qolu qeydə almır. Konfrans Liqasında VAR (Video Assistant Referee) texnologiyası olmadığından, referiyə edilən şikayətlər nəticəsiz qalır. Beləcə “Qarabağ”ın haqqı növbəti dəfə yeyilir.

Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən “Qarabağ”a qarşı avrokuboklarda başqa haqsızlıqlar da edilib. Yuxarıda xatırlatdıqlarımız ən qlobal olanlar idi. Yaşıl meydanlarda bu cür ədalətsizliklərlə üzləşmiş bir məşqçinin heyfini çıxması üçün dünən “Marsel”lə oyunda əlinə gözəl imkan düşmüşdü. Fransada yaxşı təsir bağışlayan, ancaq uduzan (1:3) “Qarabağ”a cavab matçında qollar lazım idi. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” rəqib torunu silkələyə bildi, lakin İbrahim Vadji həmin epizodda Maradonasayağı davranaraq, topa başla yox, əllə toxundu. Qonaqların sərt narazılığına rəğmən, videotəkrarsız qalan hakim qolu qeydə aldı. Hər kəs “Marsel”in oyuna mərkəz xəttindən başlayacağını gözlədiyi halda isə səhnədə Qurban Qurbanov VAR oldu…

“Hoca” Vadjini yanına çağıraraq ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşdu. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf etdi. Qurban Qurbanov ona yaraşan tərzdə davranaraq, futbolçudan bunu görüşün baş hakiminə bildirməsini istədi. İstədiyi kimi də oldu və polşalı referi Bartoş Frankovski qolu ləğv etdi. Qurban Qurbanov avrokuboklarda üzləşdiyi hakim səhvlərinin əvəzini çıxmadı, haqsızlıqlara cavabını ədalətin tərəfində olaraq verdi və böyüklüyünü göstərdi – özü də ermənilərin kompakt yaşadığı Marsel təmsilçisi ilə oyunda.

Bir andaca dünyanın məşhur nəşrləri “Qarabağ”ın baş məşqçisinin ləyaqətli davranışını manşetə çevirdilər. “The Sun”, “Marca” və “RMC Sport” kimi mətbu orqanlar Qurban Qurbanovun feyr-pley jestindən yazdılar:

“The Sun” – “Heyrətamiz an: “Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu”

“Marca” – “Turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmamağının qarşısı alındı”

“RMC Sport” – “Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi”.

Oyundan sonra “Marsel”in tanınmış çalışdırıcısı Xorxe Sampaoli “Qarabağ”dakı həmkarının feyr-pley nümunəsi göstərməsinə belə münasibət bildirdi: “Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə bir şey görməmişdim. Bu cür səviyyəli yarışda Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Onun yerində olmaq istərdim. Amma səmimi deyirəm ki, mənim başıma gəlsəydi, hakimin qərarını dəyişməsinə təsir etməzdim, qolun sevincini yaşayardım”.

Gördüyünüz kimi, Argentina və Çili yığmalarını çalışdırmış Sampaoli Qurbanova qibtə edir, eyni zamanda, analoji situasiyada fərqli davranacağını boynuna alır. Bu, Qurban hocanın necə şəxsiyyət olduğunu bir daha üzə çıxarır.

“Qol epizodunda hakimin bunu görəcəyini düşündük. Amma o, qolu saydı. “Qarabağ”ın oyunçuları ilə mübahisələrimiz oldu. Yaxşı ki, rəqibin baş məşqçisi bu qolun ləğv edilməsini istədi. Buna görə böyük təşəkkürümü bildirirəm. Haqq öz yerini tapdı”. Bu sözlər isə “Marsel”in futbolçusu Matteo Genduziyə məxsusdur.

“Qol”un müəllifi İbrahima Vadjini də dinləyək: “Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. Qurban Qurbanov ciddi insandır, yalan danışmağı sevmir. Mənim üçün də ağır idi, çünki topa əlimlə toxunmuşdum. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi”.

Təbii ki, oyundan sonra ən çox Qurban Qurbanovun nə deyəcəyi maraq doğururdu. “Hoca” adəti üzrə təvazökar davrandı: “İstəmərəm ki, mən tərəfdən bu, çox müzakirə olunsun. Azarkeşlərin məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın? O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Əsl azərbaycanlı kimi qərar verdim. Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Nə etmək lazım idisə, o addıma da əl atdım”.

Qurbanovun davranışı kimi, danışığı da alqışalayiqdir. “Əsl azərbaycanlı kimi qərar verdim” cümləsinə isə milyonlarla əhsən düşür. Qurban hoca bu cür deməklə təkcə özünə yox, ümumilikdə azərbaycanlı obrazına verdiyi dəyəri təbliğ edir. Və bütün dünyaya başa salmaq istəyir ki, azərbaycanlılar dəfələrlə haqsızlıqlarla üzləşsələr də, əllərinə fürsət düşəndə eyni cür davranmırlar.

Əfsuslar olsun ki, Qurban Qurbanovun jestinə “publikaya işləyir” deyənlər də var. Onlara xatırlatmaq istəyirəm ki, bu, “hoca”nın ilk belə hərəkəti deyil. “Qarabağ”ın baş məşqçisi vaxtilə çempionat oyununda rəqib qapısına təyin olunan yanlış penalti zamanı da eyni cür davranıb, futbolçusundan zərbəni kənara vurmağı tələb edib. Sizcə, şəxsiyyətini QURBAN verməyən əsl azərbaycanlının publikaya işləmək niyyəti ola bilərmi? Əsla!

Rizvan Babayev

The post VAR olan Qurban  appeared first on 24 saat.

24 saat” “VAR olan Qurban ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button