Loading...
Loading...
SEÇMƏ

Vardanyan Qarabağa köçür: iş adamı dünya ermənilərinə çağırış edib

Yayımlandı: 2 Sentyabr 2022 17:13

“Bütün dünya erməniləri arsaxlıların yanında olmalıdır”

Rusiyalı erməni əsilli sahibkar Ruben Vardanyan Qarabağa köçəcəyini və Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.

Bu barədə erməni sahibkar sentyabrın 1-də “YouTube”da yaydığı videomüraciətində danışıb.

“Hansı risklərə getdiyimi başa düşürəm. Amma buna baxmayaraq, Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı olaraq “Arsax”a köçmək qərarına gəldim. Hesab edirəm ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri arsaxlıların yanında olmalıdır”, – Vardanyan belə deyib.

Turan” Qarabağdakı mənbələrə istinadən yazıb ki, R.Vardanyan Artak Beqlaryanın yerinə “dövlət naziri” vəzifəsini tutacaq.

Agentliyin ehtimalına görə, R.Vardanyanın videomüraciətindən belə bir nəticə çıxarmaq olar ki, o, Rusiyanın Qarabağ üzərində protektoratı ideyasını həyata keçirməyə çalışacaq.

Onun hətta “prezident” Araik Arutyunyanı əvəz edəcəyi də istisna edilmir.

Rəsmi Bakı hələlik Ruben Vardanyanın müraciətinə reaksiya verməyib.

1968-ci ildə Ermənistanda doğulan Ruben Vardanyan “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, “Skolkovo” biznes məktəbinin təsisçisidir.

2021-ci ildə “Forbes” jurnalı ilk dəfə onun var-dövlətini 1 milyard dollar olaraq qiymətləndirib.

R.Vardanyan Rusiyadakı aktivlərini ailə fonduna keçirəcəyini bildirib.

2019-cu ilin martında OCCRP “Troyka Dialoq” ofşor şirkətləri sistemi haqqında araşdırma nəticələrini dərc edib.

Bu şirkətlər vasitəsilə Rusiyanın ən nüfuzlu insanlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə gizlicə pul köçürülürdü.

2006-2013-cü illərdə bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib.

Bundan sonra Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı sanksiya tətbiq edilməsini tələb ediblər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Taliban”dan sonra İrana qaçan əfqan mühacirlər: qadağan olunmuş ərazilərdən iqtisadi məhrumiyyətlərə…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button