2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaşinqton Erdoğanın “tonundan və dilindən” narazıdır

Amerikanın siyasi dairələrində nüfuzlu “The Politico” qəzeti yazır ki, ABŞ Dövlət Departamentində Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Vaşinqtona ünvanlanmış acıqlı bəyanatlarının tonundan və dilindən rahatsız olmağa başlayıblar.

Məqalədə deyilir ki, bu bəyanatların dili dərindən anti-Amerika mahiyyəti daşıyır, üstəlik də Türkiyə mediası çevriliş cəhdinin arxasında Obama administrasiyasının dayandığına dair iddiaları daha da qızışdırır.

Erdoğan bu kimi ritorikanın alovunu körükləməklə yanaşı, eyni vaxtda ABŞ-ın rəqibi Rusiyaya üz tutur və bu ölkəyə səfər edir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu sayaq qəsd nəzəriyyəsi, alovlandırıcı ritorika …tamamilə ziyanlıdır” – deyib Dövlət Departamentinin sözçüsü Elizabeth Trudeau.

Erdoğanın ardınca onun küçələrdəki tərəfdarları da ABŞ-ı ittiham edirlər

Erdoğanın ardınca onun küçələrdəki tərəfdarları da ABŞ-ı ittiham edirlər

O “The Politico” qəzetinə bildirib ki, “biz hazırda temperaturun aşağı salınması ilə məşğuluq”.

Xanım Trudeau deyib ki, Vaşinqton Türkiyədə çevriliş cəhdi ilə bağlı yaranmış situasiyasının ciddiliyini başa düşür, lakin eyni zamanda belə ritorika gərginliyin aradan qaldırılması üçün faydalı deyildir.

Qəzet yazır ki, xanım Trudeau-nun gileyi, Obama administrasiyasının daxilində “mühüm, amma bu sayaq səbatsız partnyorun” yaratdığı əsəbiliyin göstəricisi sayıla bilər.

Məqalədə vurğulanır ki, bu əsəbiliyi Konqres də bölüşür və artıq hər iki partiyadan olan millət vəkilləri Türkiyənin etibarlığı barədə şübhələrini bildirməyə başlayıblar.

Vaşinqton təmkinini pozmur

“The Politico” yazır ki, prezident Obama və onun müşavirləri çevrilişi dəfələrlə pisləməklə yanaşı, həm də onun ardınca Erdoğanın həyata keçirdiyi divantutma kampaniyasından narahatlıq ifadə ediblər.

“Lakin Türkiyədə Amerikanın balanslı reaksiyasını təhqir kimi qəbul ediblər” – yazır qəzet.

Məqalədə deyilir ki, amma hər halda ABŞ-a ən böyük acığı verən Erdoğanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşməsi olub.

“The Politico” yazır ki, daim Assad-ın devrilməsinə çalışan Erdoğanın Putinlə münasibətlərini düzəltməyə çalışması onun ABŞ-dan nə dərəcədə acıqlı olduğunu göstərir.

Məqalədə deyilir ki, bütün bunlara baxmayaraq, Obama administrasiyası təmkinini itirmir.

Erdoğan ABŞ-ın İŞİD-lə mübarizədə kürdlərlə müttəfiqliyindən dəfələrlə şikayət etsə də, Vaşinqton bu əməkdaşlığı dayandırmayıb.

Obamanın özü isə Türkiyə rəsmilərinə çevriliş cəhdinin arxasında guya ABŞ-ın durduğu barədə iddiaları dayandırmağa çağırıb.

Erdoğan çox uzağa gedib

“Administrasiya artıq bu nəticəyə gəlib ki, Erdoğanın ona ehtiyacı , onun Erdoğana olan ehtiyacından böyükdür” – deyir Yaxın Şərq İnstitutundan Randa Slim.

“Mənim təxminim budur ki, onlar deyirlər: “Gəlin sakitləşək. Biz sizə cavab versək, işlər lap korlanacaq. Bizim hələ də Suriyada və başqa məsələlərdə türklərə ehtiyacımız var. Hərçənd o “başqa şeylər” müəmmadır” – deyib Xarici Əlaqalər Şurasından Steven Cook.

ABŞ politoloqları deyirlər ki, Erdoğan Putinlə Vaşinqtona acıq vermək üçün görüşüb

ABŞ politoloqları deyirlər ki, Erdoğan Putinlə Vaşinqtona acıq vermək üçün görüşüb

“The Politico” yazır ki, ABŞ İslam Dövləti təşklilatına qarşı hava zərbələrinin həyata keçirilməsində Türkiyədəki İncirlik bazasından istifadə edir. Lakin türklər bu bazadan istifadəyə icazəni aylarla ləngidəndən sonra veriblər. ABŞ rəsmiləri şəxsi söhbətlərində deyirlər ki, əgər indi türklər amerikalıları qovmaq qərarına gəlsələr, Birləşmiş Ştatlar başqa bazalardan da istifadə edə bilər.

Rəsmilər bunu da deyirlər ki, Türkiyə İslam Dövlətinə qarşı mübarizəsini zəiflətmək istəsə, bunun ziyanını ilk növbədə Ankara çəkəcək. Türkiyə artıq indinin özündə terror aktları ilə üzləşir.

Başqa bir ABŞ politoloqu Blaise Misztal deyir ki, çevriliş cəhdi və onun ardınca baş verənlər “xeyli vaxtdan bəridir ki, oturuşmuş ABŞ-Türkiyə münasibətlərini poza bilər. Bu münasibətlər belə bir anlaşma üzərində qurulmuşdu ki, Türkiyə “arzuolunan olmasa da, zəruri partnyordur”.

“Erdoğanın öz hərəkətləri ilə artıq çox uzağa getməsi, nəhayət ki, Vaşinqtonda açıq müzakirə olunmağa başlayıb” – deyib politoloq.

Paranoya virusu

“The Politico” Konqres müşavirlərinə istinadən yazır ki, istər respublikaçılar, istərsə də demokratlar Erdoğanın avtoritar meyllərindən ciddi narahatdırlar.

Konqres müşavirlərindən biri isə deyib ki, Ankaranın ABŞ-ı ittiham etməsinə görə John Kerry-nin qaça-qaça Türkiyəyə səfər edəcəyi barədə ehtimal absurddur.

“Türklərin, bizi məsuliyyət daşımadığımız şeylərə görə bundan da çox ittiham etmələrinə daha bir mətbuat imkanı yaradacaq kimisə göndərməyə nə ehtiyac var” – deyib həmin Konqres rəsmisi.

Məqalədə deyilir ki, Türkiyədə bəzi media qurumları Amerikanın Beynəlxalq Woodrow Wilson Mərkəzinin baş tutmamış çevriliş cəhdində rolunun olub-olmadığını sual ediblər.

Məsələ burasındadır ki, bu mərkəz Erdoğanı devirməli olan çevriliş cəhdinin baş verdiyi həftəsonunda Türkiyədə konfrans keçirirdi.

Bu şübhələrə cavab olaraq mərkəzin ən yüksək vəzifəli alimlərindən Haleh Esfandiari “The Wall Street Journal” qəzetində yazdığı bloqda bu iddiaları ABŞ-ın köhnə düşməni İranın uydurduğu qəsd nəzəriyyələri ilə müqayisə edib.

“Paranoya virus kimi bütün region boyunca yayılıb” – deyilir həmin bloqda.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button