Manşet
Media haqqında qanunla bağlı Venesiya Komisiyasının rəyi (çıxarış) (VIII Hissə)

Avropa Şurası
Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası
(Venesiya Komissiyası)
“Media haqqında” Azərbaycan Respublikası qanunu – RƏY
I Hissə
II Hissə
III Hissə
IV Hissə
V Hissə
VI Hissə
VII Hissə
Bu rəy Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin 2 fevral 2022-ci il tarixli məktubuna əsasən Avropa Hüquq Yoluyla Demokratiya Komissiyası (Venesiya Komissiyası) tərəfindən hazırlanıb. Rəyin müəllifləri Neila Çabane, Herdis Thorgeirsdottir, Ben Vermeulen və Krisztina Rozgonyi-dir. Sənəd Venesiya Komissiyasının 17-18 iyun 2022-ci il tarixdə keçirilmiş 131-ci Plenar İclasında qəbul edilib və onun mətni iyunun 20-də ictimaiyyətə açıqlanıb. Media haqqında qanunla bağlı Venesiya Komisiyasının rəyi
“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)
Çap və onlayn media məhsullarının yayımlanması ilə bağlı – Qanunun 62-ci maddəsi
- Qanunun 62.1-ci maddəsi müəyyən edir ki, “çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur”. Fəqət, bu cür media quruluşları da digər media subyektləri kimi medianın təsis edilməsi və orda “iştirak”la bağlı eyni tələblərə tabe olacaqlar, hansı ki həmin müddəalara görə, çap və onlayn media subyektləri yalnız Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin sponsorluğuyla” maliyyələşməli, onların hazırladıqların məhsulların dəyərinin yalnız 25 faizi xarici fiziki və ya hüquqi şəxslərin maliyyə dəstəyilə hazırlana bilər (69.1 və 69.2-ci maddələr). Qanunun 62.2-ci maddəsi, 62.1-ci maddəyə tamamilə zidd olaraq, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxslərin çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana rəsmi müraciət etməyi nəzərdə tutur. 73.5-ci maddədən isə anlaşılır ki, belə müraciətlər media subyektinin Media Reyestrinə daxil edilməsi üçün şərtdir (bununla bağlı aşağıda şərh edilib). Azərbaycanın rəsmi qurumları, bu ərizələrin sadəcə, müvafiq orqanların çap və ya onlayn media qurumlarının mövcudluğu barədə məlumatlandırılması məqsədi daşıdığını və belə müraciətlərin onların fəaliyyətinə icazə verilməsi tələbi kimi qəbul edilməməli olduğunu bildiriblər. Belə olan durumda, çap və onlayn media məhsullarının dərci və yayılması üçün “ərizə” ilə müraciət edərək icazə alınması tələb olunmursa, bu barədə səlahiyyətli orqanların formal olaraq məlumatlandırlmasının yetərli olması Qanunda açıq şəkildə ifadə edilməlidir.
- Qanun həmçinin, Medianın İnkişafı Agentliyinə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə, ali təhsili olmayan şəxsin medianın idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildiyi (65-ci maddənin 2-ci bəndinin 1-ci bəndi); media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyi (65-ci maddənin 2-ci bəndinin 2-ci alt bəndi); çap və onlayn media subyektinin xarici fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirildiyi aşkar edildiyi (65-ci maddənin 2-ci bəndinin 4-cü alt bəndi); çap media subyektinin göstərilməsi tələb olunan məlumatları göstərmədiyi, yaxud qəsdən yanlış göstərdiyi aşkar edildiyi (65-ci maddənin 2-ci bəndinin 5-ci alt bəndi) hallarda çap və onlayn media subyektinin fəaliyyətinin müvəqqəti dayandırılması, pozuntular ortadan qaldırılmadıqda, həmin subyektin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti verir.
- Yuxarıdakı ana xətlərdə vurğulandığı kimi, Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan haqlara müdaxilələrə haqq qazandırmaq üçün onların təkcə “qanuni” olması yetərli deyil, müdaxilələr həm də Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində əksini tapan legitim məqsədlərdən birinə xidmət etməli, demokratik cəmiyyətdə zəruri olmalı, “qarşısıalınmaz sosial tələbat”dan doğmalı və qarşıya qoyulan məqsədlərə mütənasib olmalıdır. Göründüyünə görə, onlayn və ya çap media subyektlərinin fəaliyyətinin dayandırılması üçün Qanunun 65-ci maddəsində göstərilən səbəblər, media subyektinin fəaliyyəti ilə heç əlaqəlı deyil və ya çox az əlaqəlidir. Bu səbəblərə görə, onlar Konvensiyanın 10-cu maddəsində vurğulanan məqsədlərin hansı biri ilə əlaqəli ola bilməz və həmçinin, qarşıya qoyulan məqsədlərə mütənasib də sayıla bilməz. Məsələn, hər hansı media quruluşunun bir şəxsə və ya əhali qrupuna zorakılıq etməyə təkrar çağırışlarlar etməsi durumlarında həmin media subyektinin fəaliyyətinin məhkəmə qərarı əsasında dayandırlmasından fərqli olaraq, ali təhsili olmayan şəxsin media subyektinin idarəetmə orqanının rəhbəri olduğu hallarda eyni cəza tədbirinin tətbiq edilməsi tamamilə qeyri-mütənasib görünəcək. Venesiya Komissiyası, çap və onlayn mediaya münasibətdə də oxşar şəkildə uyğun olan, audiovizual mediaya sanksiyaların mütənasib və mərhələli tətbiqinin zəruriliyi ilə bağlı yuxarıdakı müşahidələrinə istinad edir. Odur ki, Qanunun 65-ci maddəsi mütənasib olan və mərhələli tətbiq olunan sanksiyalar nəzərdə tutan, şəffaf və ədalətli prosedurlara təminat verən müddəa ilə dəyişdirilməlidir.
“Media haqqında” qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyi (çıxarış)
Jurnalistlər, onların fəaliyyəti və akreditasiyası ilə bağlı – Qanunun 70-72-ci maddələri
- Qanunun bir fəsli (7-ci fəsil ) tamamilə jurnalistlərin fəaliyyəti ilə bağlıdır. Venesiya Komissiyası Qanunun əvvəlki maddələrində (6.1 və 6.2) jurnalistlərin müstəqilliyinin, onların peşə fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin açıq ifadə edilməsini və Qanunda “məlumatların toplanması, hazırlanması, redaktəsi və istehsalı və ötürülməsi ilə əlaqədar jurnalistlərin təqibinin və onlara təzyiq edilməsinin yolverilməz” olmasının ifadə edilməsini məmuniyyətlə qarşılayır. Ancaq bu təminatların təcrübədə necə reallaşdırılması ilə bağlı qanunda heç bir müddə əksini tapmayıb. Səlahiyyətli qurumlar, Ciinayət Məcəlləsinin jurnalistlərin qanuni peşə fəaliyyətini yerinə yetirməsinə mane olmanı kriminallaşdıran 163-cü maddəsindən baqşa, İnzibati Xətalar Məcəlləsinə ictimai istifadə üçün nəzərdə tutulmuş və qanunla məhdudlaşdırılmayan məlumatların toplanması, hazırlanması, redaktəsi, istehsalı və ötürülməsinə görə jurnalistlərin təqib edilməsinə və ya təhdid edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutan dəyişikliklər layihəsinin hazırlandığını bildirib.
- Jurnalistlərin fəaliyyətləri üzərində gərəksiz və zərərli təsirə malik olan digər bəzi maddələr daha problemlidir. Məsələn, Qanunun 1-ci maddəsi jurnalistə “jurnalist əmək müqaviləsi əsasında media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi əsasında fəaliyyət göstərən” və “əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir” kimi kifayət qədər məhdud sayılan anlayış verib. Avropa Şurasının R(2000)7 saylı Tövsiyə qərarında müəyyən edib ki, jurnalist “Hər hansı kütləvi kommunikasiya vasitəsi ilə ictimaiyyət üçün məlumat toplamaq və yaymaqla müntəzəm və ya peşəkar şəkildə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs”dir. Bununla yanaşı, 2000-ci ildən bu yana jurnalistlərin statusuna daha geniş spektrli yanaşmanın gərəkli olması yanaşması qəbul edilməkdədir. Məsələn, Paktın 19-cu maddəsi ilə bağlı olan 34 saylı Ümumi Şərhdə vurğulanır ki, jurnalistika “peşəkar tam ştatlı reportyorlar və analitiklər, eləcə də çap yoluyla, internetlə və ya başqa bir vasitəylə yayımla məşğul olan bloggerlər və digərləri də daxil olmaqla çoxçeşidli aktorlar tərəfindən paylaşılan bir funksiyadır”.
- “Jurnalist” anlayışı, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər üçün hüquqi statusları, iş şəraitləri (eləcə də sosial təminatları) və demokratik cəmiyyətdə öz rolunu yerinə yetirmək üçün onlara tanınan imtiyazlar baxımından geniş mənalıdır. Venesiya Komissiyasının görüşünə görə, jurnalist anlayışına geniş mənada tərif və şərh verilməli, medianın səlahiyyətlilər və digər güc sahibləri üzərindəki demokratik nəzarətini (“ictimai nəzarətçi” rolunu) gücləndirməyə, məlumatların əldə edilib yayılması yolu ilə ictimaiyyəti doğru bilgiləndirməyə xidmət edən, “fikir və ideyaların sərbəst mübadiləsinə” töhvə verən jurnalist fəaliyyətinin mümkün olan ən geniş spektrini əhatə etməlidir. Qanunda “jurnalist” anlayışı isə həddindən artıq məhdudlaşdırıcıdır və əmək müqaviləsi və ya fərdi əsasda mülki müqaviləsi olmayan və ya bu işi “davamlı” (tam iş günü) yerinə yetirməyən və s. şəxsləri jurnalist anlayışının kənarında saxlayır. Bu anlayış, əksər frilanserlərin jurnalist hesab edilməsinə imkan vermir. Bu anlayışın əhatə dairəsinə düşməmək, jurnalistlərin Media Reyestrində qeydiyyatdan keçməsini də qeyri-mümkün edir və bu da ehtimal ki, onların sərbəst fəaliyyət göstərməsini imkansız edəcək. Onlar akkreditasiyadan keçə bilməyəcəklər və məsələn, Cinayət Məcəlləsinin 163-cü maddəsinin (bu maddə, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmanı cinayət sayır) jurnalistlər üçün təmin etdiyi qorumadan yararlana bilməyəcəklər. Bu səbəblərə görə, Venesiya Komissiyası, qanunda jurnalistə verilmiş mövcud anlayışın genişləndirilməsi, onun jurnalistlərin “ictimai nəzarətçi” roluna uyğun olaraq müəyyən edilməli olması görüşündədir.
- Qanun, həmçinin, jurnalistlərə jurnalist vəsiqəsinin verilməsini nəzərdə tutur (Qanunun 70.1-ci maddəsi). Jurnalistlər müəyyən ediləcək ödəniş qarşılığında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan” tərəfindən veriləcək və üç il müddətində qüvvədə olacaq vəsiqə ilə dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə biləcəklər (maddə 72). Xarici jurnalistlərin isə ilk növbədə Xarici İşlər Nazirliyindən razılıq almaları tələb olunur. Akreditasiya, müəyyən tədbirlərə və məlumatlara imtiyazlı çıxışla yanaşı, jurnalistlərə muzeylərə və mədəniyyət tədbirlərinə pulsuz giriş və müəyyən maliyyə güzəştləri (məsələn, güzəştli kredit), müəyyən təlimlərə endirimlər və “sosial təminatın və maliyyə təhlükəsizliyinin yaxşılaşdırılması ilə bağlı güzəştlərdən” faydalanmaq hüququ verir (71 və 76-cı maddələr). “Akkreditə olunduqları qurumun işgüzar nüfuzunu zədələyən məlumatlar yaymaları” (yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaymışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdursa, yaxud onlar tərəfindən akkreditasiya qaydaları pozulmuşdursa) (Qanunun 72-ci maddəsinin 4-cü bəndi)) halında jurnalistlərin akkreditasiyası onu verən qurum tərəfindən ləğv edilə bilər.
- Venesiya Komissiyası daha öncə “jurnalistlərin lisenziyalaşdırılmasının çox mübahisəli mövzu olaraq davam etdiyini” müşahidə edib. Yuxarıda vurğulanan Paktın 19-cu maddəsi ilə bağlı 34 saylı Ümumi Şərhdə “jurnalistlərin qeydiyyatı və ya lisenziyalaşdırılması ilə bağlı ümumi dövlət sistemi Paktın 19-cu maddəsinin 3-cü bəndi ilə bir araya sığmır”. Məhdud akreditasiya sistemlərinə, jurnalistlərin müəyyən yerlərə və yaxud tədbirlərə imtiyazlı girişini təmin etməyin zəruri olduğu hallarda icazə verilir. Ümumi Şərhdə də vurğulandığı kimi, belə akkreditasiya sistemləri “19-cu maddənin və Paktın digər müddəalarının tələblərinə uyğun olaraq ayrı-seçkiliyə yol verilmədən və jurnalistikanın çox çeşidli aktorlar tərəfindən paylaşılan bir funksiya olması diqqətə alınaraq tətbiq edilməlidir. Səlahiyyətli qurumlar, jurnalist vəsiqəsinin və ya akkreditasiyanın könüllü olduğunu, yalnız şəxsin Media Reyestrinə daxil edildiyini göstərməyə xidmət etdiyini bildiriblər: jurnalistlər belə vəsiqələri olmadan da heç bir əngəllə üzləşmədən peşə fəaliyyətlərini həyata keçirə biləcəklər. Lakin Venesiya Komissiyası, akkreditasiya sisteminin jurnalistlərin müəyyən tədbirlərə və ya qurumlara çıxışına maneçilik yaratdığını qeyd edir (Qanun xüsusilə, hərbi vəziyyət və ya fövqəladə vəziyyət barədə, yaxud dini ekstremizmə və ya terrora qarşı xüsusi əməliyyat keçirilməsi ilə bağlı yalnız akkreditə olunmuş jurnalistlərə məlumat verilməsini nəzərdə tutur). Bundan başqa, polislərin nümayişləri işıqlandıran jurnalistlərdən vəsiqə tələb etməsi hallarının artıq müşahidə edildiyi bildirilir. Həmçinin, akkreditə edilmiş jurnalistlərə fəaliyyətləri ilə əlaqəsi olmayan güzəştlərin müəyyən edilməsi (güzəştli kreditlərin verilməsi kimi), asanlıqla “hökumətlə dostluq edən jurnalistika” üçün mükafat kimi yorumlana bilər. Bu baxımdan, bir qurumun işgüzar nüfuzunun zədələndiyini düşünməsi durumlarında akkreditasiyanı asanlıqla ləğv etməsinin, müstəqil xəbər toplama üçün qarantiya hesab edilə bilməyəcəyi qənaətində olan Venesiya Komissiyası hesab edir ki, mövcud akkreditasiya qaydaları qanuni məqsəd güdmədiyi və buna görə də, o, ləğv edilməlidir.
I Hissə II Hissə III Hissə IV Hissə V Hissə VI Hissə VII Hissə Yekun Rəy
Qeyri-rəsmi tərcümə: Media Hüququ Qrupu