Cəmiyyət

Vergi müfəttişləri rüşvətə görə həbs edildi

Vergilər Nazirliyi ilə Baş Prokurorluq birgə məlumat yayıb

Bir qrup vergi müfəttişi haqqında cinayət işi açılıb, həbs edilənlər var. Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında aparılmış ilkin araşdırma nəticəsində müfəttişlərin qanunsuz əməllərə yol verildiyi aşkar edilib.

Xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əmələ yol verənlər Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Musa oğlu Qaybalıyev və Ziyad Arif oğlu Lətifovdur.

Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə rüşvət alıblar.

Müfəttişlər həyata keçirdikləri vergi yoxlaması zamanı cəmi 3 min manat dəyərində aksiz markası olmayan siqaretlər aşkar ediblər. Malların sayının sənədləşdirilməsi zamanı

-onların dəyərinin bilərəkdən azaldılması

-marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə

ondan 1.000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.

Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib. Rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Bununla da vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.

Toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin müfəttiş vəzifəsində işləmiş Ağa Arif oğlu Məmmədovun da qanunsuz əməlləri ifşa edilib. O, VN yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin əməkdaşı olub.

A.Məmmədov Elvin Manafov adlı şəxsə yaxın iş adamları – “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılmasını vəd edib.

Habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib.

Məsələni yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

A.Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edilib. Toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

E.Qaybalıyev və Z.Lətifova rüşvət və vəzifə saxtakarlığı, A.Məmmədova isə (dələduzluq və rüşvət vermə əməlləri ilə ittiham elan edilib.

Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button