2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vilyam Hacıyev: “Həbsim sifarişlidir”

Keçmiş icra başçısı özünü təqsirli bilmir

2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev yanvarın 24-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən deyib ki, sifarişlə həbs olunub. O, milyonlarla mənimsəmə, rüşvətalma ittihamlarını “şər-böhtan” adlandırıb.

Vilyam Hacıyevin işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Yanvarın 24-də hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə prosesində Vilyam Hacıyevin vəkili onun məhkəməsinin onlayn qaydada keçirilməsi haqda vəsatət qaldırıb. 

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, müvəkkilinin səhhətində kəskin problemlər var və bu üzdən sabiq icra başçısı uzun müddət məhkəmə önündə dayana bilmir. 

Vəkilin sözlərinə görə, Vilyam Hacıyev bir müddət öncə həbsdə COVİD-19-a yoluxub və çox ağır keçirib. 

O, iki həftə komada qalıb, fəsadları da aylarla davam edib. Daha sonra o, sidik kisəsindən əməliyyat olunub: “Bu səbəbdən də hazırda Vilyam Hacıyev 10 dəqiqədən artıq məhkəmə zalında dayana bilmir, məhkəmə zalını tərk edir, sonra yenidən qayıdır. Bu şəkildə prosesi aparmaq çətindir. Bütün proses iştirakçılarına narahatlıq yaranır. Ona görə xahiş edirik, onlayn şəkildə keçirilsin”.

Hakimlər bu vəsatəti təmin etməyib. Hakim Azər Paşayev bildirib ki, məhkəməyə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilovun arayışı daxil olub. Orada göstərilib ki, Vilyam Hacıyevin durumu onun məhkəmə qarşısına çıxarılmasına imkan verir.

Vəkillər onun ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıblar. Onlar vurğulayıblar ki, Vilyam Hacıyev Qarabağ müharibəsi veteranıdır. Məhkəmədən qaçıb gizlənmək niyyətində deyil. İstəsə belə, ev dustaqlığında olan şəxslərin üzərində elektron qolbaq olur, o, həmin qolbaq vasitəsilə nəzarətdə saxlanılır.

“Bu məsələdə söhbət şəxsin sağlamlığından gedir. Şəxsin tez-tez məhkəmə zalını tərk eləməsi də göstərir ki, onun durumu nə yerdədir. Bu məsələ tibbi sənədlərlə də təsdiqini tapır. Bu vəsatətimizin təmin olunmasına maneə yoxdur”, – vəkillər bildirib.

Lakin hakimlər bu vəsatəti də təmin etməyib.

Vilyam Hacıyevin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət də nəticəsiz qalıb.

Vilyam Hacıyev özü isə müalicəsinə və həbsdə əməliyyat olunmasına yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlığını çatdırıb.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihamda torpaq sahəsinin ayrılması, ticarət obyektinin tikintisi, rayona baş həkim və s. vəzifələrə təyinat üçün rüşvət alınması, aztəminatlı vətəndaşlar, sosial layihələr üçün nəzərdə tutulan büdcə vəsaitlərinin mənimsənilməsindən bəhs olunur. Məsələn, təkcə “Kristal-2″ tikinti şirkətindən 440 min manat rüşvət alındığı iddia edilir. İttihama əsasən, baş həkim təyinatı üçün Vilyam Hacıyevə 70 min manat rüşvət verilib.

Sabiq icra başçısı isə bildirib ki, rüşvət epizodları ilə bağlı heç bir dəlil-sübut yoxdur.

Prokuror ittiham aktını elan edəndə o da məlum olub ki, Vilyam Hacıyevə qarşı vəzifə cinayətləri – Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yanaşı, 228.1 (qanunsuz silah saxlama) maddəsilə də ittiham irəli sürülüb.

Vilyam Hacıyev bu ittihamların heç birini qəbul etməyib.

“Özümü təqsirli bilmirəm. Heç bir sübut-dəlil yoxdur. Hamısı şər-böhtandır. Həbsim sifarişlidir”, – keçmiş icra başçısı bildirib.

Vilyam Hacıyevin işi üzrə məhkəmə prosesi yanvarın 28-də davam edəcək.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev saxlandığı ilk günlərdə Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca belə demişdi:  “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 

2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edilib. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirilib.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button