Siyasət

Vladivostokda Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə konsert keçirilib

Rusiyanın Primorsk vilayətinin Vladivostok şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, Primorsk diyarının “Azərbaycan Konqresi” milli mədəniyyət təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Primorsk diyarının qubernatoru, şəhər meriyasının, ictimaiyyətin, diasporun nümayəndələri iştirak ediblər.

“Azərbaycan Konqresi” Primorsk regional milli-mədəni ictimai təşkilatının idarə heyətinin sədri Mərdan Novruzov qeyd edib ki, belə əlamətdar hadisənin qeyd olunması böyük şərəfdir: “Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini qeyd etmək böyük şərəfdir. Bildiyiniz kimi, Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq, bu bayramı qeyd edirik”.

Primorsk Filarmoniyasının foyesində Ümummilli Lider Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, eləcə də Baykal-Amur magistral xəttinin tikintisində iştirak etmiş inşaatçılarla görüşlərini əks etdirən fotosərgi təşkil olunub.

Tədbir zamanı, həmçinin Heydər Əliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Rəsmi hissədə Primorsk diyarının qubernatoru şəhərin ictimai-mədəni həyatında iştirak edən Azərbaycan diasporunun nümayəndələrini mükafatlandırıb.

Tədbirdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov və Azərbaycanın Rusiyadakı Baş Konsulluğunun əməkdaşı Elnur Novruzov Ulu Öndərin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd ediblər.

Konsert proqramında Azərbaycan milli musiqisi və rəqsləri ifa olunub. Azərbaycanın xalq artisti Samirə Cəfərova isə Azərbaycan və rus dillərində əsərlər ifa edib.

Mənbə:Report

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button