2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Volski dedi ki, çamadanınızı yığın, Stepanakerti tərk edin” – Xankəndi sakini 34 illik sirləri açdı 

Gözlərində vətən həsrəti ilə birlikdə ümid, sevinclə bərabər kədər, ancaq bunların hamısından da çox qürur var. O, 30 ildə iki dəfə məcburi köçkün həyatı yaşamış, müharibənin od-alovundan çox yurd həsrətinin yandırdığı bir şəxsdir. Bütün bunlarla birlikdə 81 yaşlı müsahibimiz Teymur Əliyev gümrah bir şəkildə deyir, “görün əminiz Xankəndidə nətəhər şıdırğı vurajax”. 

– Teymur müəllim, Laçın şəhəri artıq ordumuzun nəzarəti altındadır. Necə düşünürsüz, ömrünüzün yarıdan çoxunu keçirdiyiniz Xankəndiyə nə qədər yolumuz qalıb?

Saytların yığılması Saytlarin yigilmasi

– Vallah, mən hələ ömrümdə torpaqlarımızı qaytardığımız gün qədər sevinməmişəm. Bilirəm ki, qısa zamanda Xankəndidə də bayrağımız dalğalanacaq. Mən həmişə buna inanmışam. Görərsiz, gələn il bu vaxtlarda əminiz Xankəndidə cavanlığındakı kimi şıdırğı vurub, oynayacaq. (Gözləri gülür, üzündə qəribə bir təbəssüm yaranır – N.İ.)

– Vətənə qayıdışdan böyük xoşbəxtlik ola bilməz, lakin hər zaman tarixdən gərək nəticə çıxarasan. Elə ona görə sizdən soruşuram, biz indi astanasında durduğumuz Xankəndini necə itirdik?

– Oğul, biz o dövrdə nə baş verdiyini dərk edə bilmirdik. Ermənilərlə birlikdə çalışır, işləyir, hətta necə deyərlər, yeyib-içirdik. Qorbaçov hakimiyyətə gəldikdən sonra Qarabağda, xüsusilə Xankəndidə ermənilərlə azərbaycanlılar arasında qəribə insidentlər yaranmağa başladı. Yadımdadır, 1986-cı ildə artıq Xankəndidə ermənilər arasında söz-söhbət başlamışdı ki, biz Ermənistana birləşəcəyik. Bunu isə mən ilk dəfə erməni qonşumdan eşitmişdim. Sonra bildim ki, onlar təşkilat yaradıblar, adını da qoyublar “Krunk”. Ermənicə “krunk” – durna deməkdir və təşkilat guya ermənilərin tarixini və mədəniyyətini öyrənmək, adət-ənənələrini təbliğ etməklə məşğul idi. Amma o vaxt belə bir söz də gəzirdi ki, bu adın rusca açılışı “Komitet Revolyutsionnoqo Upravleniya v Naqornom Karabaxe” – yəni “Dağlıq Qarabağdakı İnqilabi fəaliyyət Komitəsi”. Hansının daha doğru olduğunu deyə bilmərəm. Təşkilatın əslində nə ilə məşğul olduğunu isə sonradan “Krunk”un rəhbəri olmuş Arkadiy Manuçaryanın doğma bacısından öyrəndim. O, Xankəndidəki mağazaların birindən pul oğurlayarkən tutulmuşdu. Ondan bu qədər pulları nə məqsədlə oğurladığını soruşanda dedi ki, Qarabağda bizimlə döyüşmək üçün silah-sursat almağa pul toplayırmışlar. Qız da oğurladığı pulları “Krunk”a göndərirmiş. Nə başınızı ağrıdım, bu “Krunk” Xankəndidəki erməniləri pulla ələ alır, silahlandırır, tətillər, mitinqlər təşkil edir, nəhayət, yerli azərbaycanlıları Xankəndidən bezdirib çıxarmağa çalışırdı. Elə Xankəndinin itirilmə səbəblərindən biri də bu şəhərin vaxtında mərkəz tərəfindən nəzarətə götürülməməsi oldu.

– “Krunk”dan daha kimləri tanıyırdınız?

– Manuçaryandan əvvəlki rəhbəri, elektrotexnika zavodunun direktoru Albert Seyranyanı tanıyırdım. Onun ermənilər arasında xüsusi nüfuzu var idi. Zavodu çapıb-talayırdı, oğurladığı pulları isə “Krunk”un fonduna yığırdı. Səhv etmirəmsə, o, 1986-cı ildə dünyasını dəyişdi. Seyranyan öləndə onun cənazəsini ermənilər o vaxt Xankəndidə yerləşən Maksim Qorki adına kluba gətirdilər. Cənazənin üzü örtülü idi. Bizə də maraqlı gəldi. Axı ermənilər xüsusi dəfn mərasimində ölünün üzünü açıq saxlayırdı. İndi həm Albertin üzü bağlı idi, həm də qoyulduğu tabut çox iri idi. Sonra bildik ki, o iri tabutun içində Albertin nəşi yox, silahlar olub və onlar məzarda basdırılıb. 

Bir erməni qızı da xatirimdədir. “Krunk”un liderlərindən birinin bacısı idi. O, Şuşada Söhrab adlı bir oğlana ərə getmişdi. Xankəndi hadisələri başlayanda həmin erməni qız həyat yoldaşını zəhərləyib öldürmüş və qardaşının dəstəsinə qoşulmuşdu.

– O dövrün bəzi jurnalistləri və siyasətçiləri də iddia edirlər ki, “Krunk” liderləri birbaşa DTK-nın agenti imiş. Bu barədə nə deyə bilərsiniz?

– Vallah, mən müxtəlif yerlərdə, lakin kiçik vəzifələrdə işləmişəm. Mən kiminsə DTK-ya işləyib-işləmədiyini iddia edə bilmərəm. Lakin məni də o vaxt çox düşündürən bir məsələ oldu. 1988-ci ildə Xankəndidə gedən mitinqlərin birindən sonra azərbaycanlı evlərinə hücum təşkil olundu. Bəzi evlər yandırıldı, “Krunk”un rəhbəri həmin o Arkadiy Manuçaryan həbs olundu və göndərildi Şuşaya. Bir həftə keçmədi ki, onu buraxdılar, oğlunu isə ümumiyyətlə, ölkədən çıxardılar. Arxasında DTK durmasaydı, bu necə mümkün ola bilərdi?

– Necə oldu ki, Xankəndini tərk elədiniz?

– Evlərimiz yandırılır, soydaşlarımız döyülür, hətta öldürülürdü. Hər gün bir bəd xəbər eşidirdik. Bilirsiniz ki, 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Arkadi Volski onun rəhbəri oldu. Düşünürdük ki, Volski erməniləri sakitləşdirəcək. Lakin o gələndən sonra vəziyyətimiz daha da pisləşdi. Axırda bir qrup sakinlə Volskinin qəbulunda getdik. Uzun mübahisələrdən sonra Volski bizə açıq-aydın belə dedi: “Bilirsiniz nə var? Salamat qalmaq istəyirsinizsə, çamadanlarınızı yığın, Stepakanerti tərk edin”. Bu sözdən sonra orada necə qalmaq olardı? Biz də məcbur olub, 1989-cu ilin sentyabrında Şuşaya köçdük. Lakin qara bəxtimiz burada yaşamağa da imkan vermədi. Cəmi 3 il Şuşa havasını uda bildim, ora da işğal edildi və ikinci qaçqınlıq həyatım başladı.  

Nicat İsmayılov

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button