Loading...
Loading...
SEÇMƏ

Vüqar Bayramov: “Ərzaq məhsullarının qiyməti daha çox artıb”

–       qar bəy, Federal Ehtiyatlar Sistemi (FED) iyunun 16-da uçot dərəcəsini 0,75-1,0 faizdən 1,50-1,75 faizə aralığına çatdırıb. 1994-cü ildən bugünə qədər bu səviyyədə artım olmamışdı. Qərarın Azərbaycanın valyuta bazarına, dollar-manat münasibətlərinə təsiri olacaqmı?

–       Əslində, FED-nin uçot faiz dərəcəsini artırması ilə bağlı qərarı gözlənilən idi, nəzərə alsaq ki, ABŞ-da inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha çoxdur. Belə ki, 2022-ci ildə FED ABŞ-da 2 faiz inflyasiya proqnozlaşdırırdı, amma reallıqda son may ayının yekunları göstərdi ki, qiymət artımı 6.3 faiz olub. Eyni zamanda, Ümudi Daxili Məhsuldakı (ÜDM) artım da proqnozlaşdırıldığından nisbətən azdır, nəticədə FED uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Əslində, artımın ilin sonuna qədər davam edəcəyi gözlənilir. Çünki hazırda FED-in uçot dərəcəsi 1.75 faiz intervalındadır, ilin sonuna qədər 3.4 faizə qədər yüksələcək. Təbii ki, yumşaq desək, FED-in uçot dərəcəsi ABŞ üçün keçərli deyil, həm də digər ölkələrin valyuta bazarlarına təsir göstərir. Sözsüz ki, qlobal olaraq valyuta bazarlarında psixoloji təsirləri var. Nəzərə alsaq ki, FED uçot dərəcəsini artıran zaman biz qısa müddət də olsa dollara tələbin artmasını müşahidə edirik. İyunun 16-da da FED-in qərarı açıqlandıqdan sonra monitorinqlər göstərir ki, dollara tələbdə müəyyən addımlar var. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyindən manatın məzənnəsi tənzimlənir. Yəni kursu Mərkəzi Bank müəyyənləşdirir. Növbəti dövrdə, xüsusən FED-in uçot dərəcəsini artıracağını nəzərə alsaq, Mərkəzi Bankın manatın məzənnəsinin müəyyənləşdirilməsində mövqeyi həlledici olacaq.        

– Son bir neçə aydır ölkədə daha çox qiymət artımları müzakirə mövzusudur. Azərbaycan rəsmi 12,4 faiz inflyasiya səviyyəsinə görə, dünyada 46-ci yerdədir. İlk 40-lıqda Qərb dövlətləri yoxdur, İran, Rusiya, Türkiyə, postsovet və Afrika ölkələri gəlir. Bu mənada Azərbaycanda inflyasıyanın belə yüksək olmasının səbəbi nədir?

– Xatırlayırsınızsa, ötən il sizə müsahibəmdə 2022-ci ildə qiymət artımının davam edəcəyini söyləmişdim. Təbii ki, Rusiya-Ukrayna müharibəsi qiymət artımlarını daha da sürətləndirdi. Azərbaycanda qiymət artımlarının səbəblərinə diqqət yetirsək, – nəzərə alsaq ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında da inflyasiya səviyyəsinin artması qeyd olunur – təxminən 12.6 faizə yaxın ümumi qiymət artımı var. Bu, əvvəlki illərlə müqayisədə kifayət qədər böyük qiymət artımıdır. Eyni zamanda, ərzaq məhsullarının qiymətləri ümumi qiymət artımları ilə müqayisədə daha çox artıb. Ərzaq məhsullarında təxminən 18 faizə yaxın artım qeydə alınıb, bura spirtli içkilər və digər məhsullar daxildir. İnflyasiya strukturuna diqqət yetirsək, ərzaq məhsullarındakı qiymət artımları daha öndədir. Xüsusən də, ümumi qiymət artımına təsir göstərən faktordur. Əsas səbəbə gəldikdə, bu, idxal inflyasiyasıdır. Biz əvvəllər də demişdik ki, idxal inflyasiyası qaçılmaz olacaq. Əgər dünya, xüsusən region bazarında qiymətlər artırsa, nəticə etibarı ilə Azərbaycana idxal edilən məhsulların qiymətlərinə təsir göstərəcək. Həmçinin, biz ümumi istehlakımızın təxminən yarıya qədərini idxal edirik. Xüsusən illik 10 milyard dollarlıq idxalımız var, onun da 3 milyardı ərzaq məhsullarının idxalıdır. Həmin məhsulların qiymətlərinin region bazarında artması nəticədə ölkəyə gətirilən məhsulların qiymətlərinin artması ilə sonuclanacaq. Eyni zamanda, idxal əlaqələrimizə diqqət yetirsək, artım orda da özünü göstərir. Məsələn, RusiyaUkraynanın Azərbaycanın ticarət dövriyyəsi aspektindən qiymət artımlarına baxsaq, Bakı ilə Moskva arasında ötən il ticarət dövriyyəsi 3.1 milyard dollar idi. Ukraynayla təxminən 8.1 milyon dollarlıq xarici ticarət dövriyyəmiz var. Həmin ölkələrdən aldığımız ərzaq məhsullarının əksəriyyətini indi idxal etmirik. Təbii ki, Ukrayna ixracatı texniki baxımdan həyata keçirə bilmir, Rusiya da ərzaq təhlükəsizliyi və sanksiyalar baxımından qadağalar müəyyəşdirib.

– Ancaq enerji bazarı Rusiyadan asılı olan Qərb ölkələrində, yaxud Çin və Hindistanda qiymət artımı bizdəki kimi deyil…

– Məsələn, ABŞ-da qiymət artımları son onilliklərin ən yüksək artım sayılır, 6.3 faiz qiymət artımı var. Bu, ABŞ üçün heç də gözlənilən qiymət artımları deyil. Avrozonada 8.1 faiz qiymət artımları müşahidə olunur. Fərqə gəldikdə, baza inflyasiya faizlərinin fərqləri ilə bağlıdır. ABŞ bu il 2 faiz qiymət artımlarını proqnozlaşdırırdı, amma hazırda 6.3 faiz qiymət artımı var. Azərbaycanda isə proqnozlaşdırılan qiymət artımı təxminən 7 faiz ətrafındaydı, hazırda rəsmi rəqəmlərdə 12-13 faiz göstərilir. Çünki baza inflyasiya səviyyəsi yüksək olanda nəticə etibarı ilə illik və aylıq inflyasiya səviyyələrinə təsir göstərir. Amma ümumən qlobal baxımdan yanaşsaq, 2021-c illə müqayisədə bu il praktik olaraq bütün ölkələrdə qiymətlərdə artımlar var, o cümlədən, inkişaf etmiş ölkələrdə. Sözsüz, bu, heç də o anlama gəlmir ki, anti-inflyasiya tədbirləri genşləndirilməməlidir, yaxud buna ehtiyac yoxdur. İnflyasiyaya qarşı mübarizə tədbirləri prioritetdir və növbəti dövrlərdə də bunun davam etdirilməsi vacibdir.

– Siz Avrozonanı xatırlatdınız, ancaq pandemiyadan daha çox əziyyət çəkən Avropa inflyasiyanı cilovlaya bildi. İkinci, əgər Rusiyanın idxal təsirindən danışırıqsa, o zaman şimal dövlət yalnız siyasi yox, həm də iqtisadi baxımdan da təhlükəyə çevrilməyibmi, yəni bu yöndən asılı deyilikmi?

– Rusiyayla dövriyyəmiz böyükdür, amma onlardan iqtisadi baxımdan asılı olduğumuzu güman etmirəm və sizinlə razılaşmıram. Çünki ümumi ticarət dövriyyəmizdə Avropa birincidir. Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 40 faizindən çoxu Avropanın payına düşür, o cümlədən, ixracatda yarıdan çoxu. Amma siz deyən məsələdə bir məqam var, biz bir sıra ərzaq məhsullarını Rusiyadan alırdıq. Azərbaycanın idxal etdiyi buğdanın 80 faizi Rusiyadan gəlir. 2021-ci ildə Rusiyadan buğda idxalında təxminən 310 milyon dollar vəsait xərclənib, kifayət qədər ciddi rəqəmdir. İdxal buğdanın strukturuna diqqət yetirilsə, Rusiya aparcıydı, Qazaxıstan və digər ölkələrin payı nisbətən az idi. Təbii ki, Azərbaycanın buğda idxalında Rusiyadan asılılığı var idi, hazırda qonşu ölkə buğda ixracını dayandırıb. Xüsusən bəzi məhsulların Rusiyadan idxalı daha ucuz başa gəlirdi, ona görə də iş adamları həmin məhsulları ordan idxal etməkdə daha maraqlı görünürdü. Son qiymət artımı bir məsələni prioritetləşdirib gündəmə gətirib ki, istehlakın yerli istehsal hesabına ödənməsi ilə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Əslində, növbəti dövr üçün də xüsusən ərzaq məhsullarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir.

– Ümumiyyətlə, hökumətin rəsmi inflyasiyasındakı rəqəmi nə qədər realdır? Biz 12,4 fazilik inflyasiyanı nədənsə marketlərdə, gəlirimizdə hiss etmirik, yəni gəlirlərimiz daha sürətlə əriyir…

– Rəsmi inflyasiya göstəricisi hesablanan zaman burda istehlak məhsullarının səbətinə diqqət yetirməliyik. Səbətdə olan məhsullardakı qiymət artımına uyğun olaraq ümumi inflyasiya səviyyəsi hesablanır. Bir də var gözlənti, hansı ki, vətəndaşın qiymət artımları barədə gözləntisi və ya gündəlik məhsullarda qiymət artımı. Biz gündəlik istehlak olunan bir sıra ərzaq məhsulların qiymətinə baxsaq, ordakı artım ümumi inflyasiya səviyyəsindən daha yüksəkdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında da ərzaq məhsullarının qiymətlərindəki artımların daha çox olduğu görsənir. Amma ümumi istehlak bazarında qiymət artımları yalnız ərzaq məhsulları üzrə hesablanmır. Həm də qeyri-ərzaq məhsulları üzrə qiymət artımları nəzərə alınmaqla hesablanır. Təbii metodologiya və qiymətlərin toplanması müzakirə oluna bilər. Ancaq sözsüz reallıq bundan ibarətdir ki, ərzaq məhsullarının qiyməti ümumi qiymət artımları ilə müqayisədə daha çox artıb. Xüsusən də idxal olunan ərzaq məhsullarında inflyasiya səviyyəsinin daha yüksək olduğunu müşahidə edirik.

– Mövcud bahalaşma Azərbaycan əhalisinin gəlirlərində nə qədər azalma yaradıb və insanların yığım etmə imkanları hazırda hansı səviyyəyə düşüb?

– İstənilən qiymət artımları vətəndaşın gəlirləri və xərcləmələri üçün arzuolunan deyil. Qiymət artırsa, vətəndaş öz ailə büdcəsindən daha çox vəsait xərcləmək məcburiyyətində qalır. Çünki qiymət artımları nəticə etibarı ilə ailə büdcəsinə təsir göstərir və ailə büdcəsinə bu istiqamətdə vəsaitin xərcləməsinə gətirib çıxarır. Ona görə də bütün hallarda qiymət artımları arzuolunan deyil. Qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə gəlincə, Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirləri görülür. Xüsusən də minimum istehlak səbətinə daxil olan məhsulların istehsalı ilə məşğul olan sahibkarlara dəstək mexanizmi həyata keçirilir. Bunlar vacib idi, çünki yerli istehsalın genişlənməsinə ehtiyac var ki, idxaldan asılılıq azalsın və nəticədə qiymətlərin tənzimlənməsinə imkan versin. Bildiyiniz kimi minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ixracatı da tənzimlənib. Əgər həmin məhsullara daxili tələb varsa, o zaman Nazirlər Kabinetinin son qərarlarından birinə əsasən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb bu məhsulların ixracatı həyata keçirilir. Təxminən 85 milyon dollarlıq ixracatdan söhbət gedir, 2021-ci ildə istehlak səbətinə daxil olan malların ixracatı təxminən 85 milyon dollar ətrafında dəyişmişdi. Ümumiyyətlə, qiymətin artmasına bir aspektdən də yanaşaq, nominal və real gəlirlər, birincisi, vətəndaşın da, dövlətin də, hansısa şirkətin də əldə etdiyi gəlirdir. Amma real gəlir məhz qiymət artımları nəzərə alınaraq olan gəlirlərdir. Sözsüz ki, qiymət artımları davam etdikcə, nəticədə vətəndaşın daha çox vəsait xərcləməsinə səbəb olur. Ona görə qiymətlərin artması iqtisadi və sosial baxımdan arzuolunan deyil. Təbii ki, müəyyən tənzimlənən inflyasiya investisiyanı təşviq edə bilər, amma yüksək qiymət artımları heç bir halda arzuolunan deyil.

Gözdən qaçırmayın:  Azərbaycanda deputatların maaşı artırılır

– O zaman sual yaranır, minimum əmək haqqı və təqaüdlərin artımı indiki bahalaşma faizi ilə nə dərəcədə adekvatdır?

– Nəzərə alsaq ki, minimum və orta aylıq əmək haqqı 2022-ci ilin yanvarın 1-dən artırıldı, o cümlədən, minimum pensiya da, hər iki məbləğdə 20 faiz artım qeydə alındı. Məqsəd də gözlənilən qiymət artımlarının təsirlərini minimallaşdırmaq, eləcə də ötən il baş verən qiymət artımlarını məhz bu artımlarla konpensasiya etməkdən ibarət idi. Amma təbii ki, həm minimum əmək haqqı, həm də minimum pensiyada artımın davam etdirilməsi vacibdir. Əslində sosial paketin mahiyyəti ondan ibarətdir ki, yalnız pensiya və əmək haqqı deyil, bütövlükdə sosial proqramlara daha çox vəsaitin ayrılması mümkün olsun. Sadəcə, müqayisə üçün bir faktı qeyd edim ki, 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə ən böyük büdcədir, təxminən 30 milyard dollara yaxın xərcləmələrə malik büdcədir. Həm də müstəqillik illərində birinci dəfədir ki, dövlət büdcəsinin xərclərinin 46.5 faizi sosial istiqamətə yönəlib. Yəni iki manatdan birinin sosial istiqamətə yönəldilməsi anlamına gəlir. Təbii ki, sosial istiqamətə ayrılan vəsaitin artırılması gündəmdir və növbəti illər üçün də prioritetdir. Qiymət artımı və orta aylıq əmək haqqı baxımından digər məqam minimum pensiyanın indeksasiyasıdır. Hər ilin sonunda illik qiymət artımlarına uyğun olaraq növbəti ilin əvvəllərində pensiyalar indeksasiya olunur. Gözlənilir ki, artıq 2023-cü ilin yanvarında indeksasiya səviyyəsi bu illə müqayisədə daha yüksək olacaq. Bizim gözlənti ondan ibarətdir ki, gələn ilin əvvəlində minimum pensiyalarda yalnız indeksasiya nəticəsində təxminən 14-15 faizlik artım qeydə alınacaq.             

– qar bəy, insanları düşündürən və sosial şəbəkələrdə vurğulanan suallardan biri budur ki, Azərbaycanda  inflyasiyadan kimlər, hansı qruplar qazana bilir?

– İdxal olunan inflyasiya xaricə yönəldilən vəsaitdir. Yəni xarici şirkətlərə vəsait ödənilir ki, ölkəyə məhsullar gətirilsin. Sözsüz ki, burda satıcı və alıcı var, birincilər sahibkarlar və şirkətlərdir, onlar nə qədər baha satırlarsa, o qədər çox gəlir əldə edirlər. Ancaq bu şərtlə ki, digər xərclərində artımlar olmasın. Əgər xərclərində artımlar olsa, onun satışdan əldə etdiyi gəlirin bir hissəsi də inflyasiya tərəfindın praktiki olaraq yeyilir. Ona görə də dövlət birmənalı şəkildə yüksək inflyasiyada maraqlı deyil. Bu baxımdan Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilir, o cümlədən, biznesin təşviq ediməsi yönündə. Xüsusən də hökumət ərzaq məhsullarının istehsalı ilə məşğul olanlar üçün 2 yeni mexanizm təklif etdi, onlardan biri güzəştli kreditlər partfelinin genişləndirilməsi və bunlara çıxış imkanlarının artırılması. Digər mexanizm isə əvvəl götürülmüş kredit faizlərinin subsidiya edilməsi idi. Məqsəd ondan ibarət idi ki, sahibkarın kredit xərci azalsın, nəticədə yerli istehsal etdiyi məhsulun qiymət artımına getməsin.      

– Bəs hökumətin bahalaşmanı cilovlamaq və rifah halınını aşağı düşməsinin qarşısının alınması üçün atdığı addımlar effekt verirmi?

 Orta və strateji baxımdan yanaşsaq, təbii ki, anti-inflyasiya tədbirləri olmasa, o zaman daha yüksək qiymət artımlarını müşahidə edərik. Çünki dünya bazarından idxal edilən məhsulların qiymətində artımlar var. Sözsüz, anti-inflyasiya tədbirləri davamlıdır. Xüsusən Nazirlər Kabinetinin təşviq tədbirlərinə diqqət yetirsək, təbii ki, taktiki addımlar da var, əsasən də minimum istehlak səbətinə daxil olan məhsulların ixracatının tənzimlənməsi. O cümlədən, xüsusən idxalda bəzi vergi güzəştlərinin tətbiq edilməsində məqsəd xərclərin azaldılmasına nail olmaq və qiymət artımlarını minimumlaşdırmağa çalışmaqdır. Əgər idxal nəticəsində qiymət artımları yaranırsa, praktik olaraq onu minimumlaşdırmaq mümkündür. Çünki bu, idxal inflyasiyasıdır. Amma bizim də təklif etdiyimiz strateji yanaşma yerli istehsalın hesabına istehlakın ödənilməsindən ibarətdir. Əsas ərzaq məhsulları üzrə daha çox yerli istehsal hesabına istehlakın ödənməsi baş verərsə, nəticə etibarı ilə biz artıq dünya bazarında qiymət artımlarının təsirlərini azalda bilərik.       

 Orta və strateji baxımdan yanaşsaq, təbii ki, anti-inflyasiya tədbirləri olmasa, o zaman daha yüksək qiymət artımlarını müşahidə edərik. Çünki dünya bazarından idxal edilən məhsulların qiymətində artımlar var. Sözsüz, anti-inflyasiya tədbirləri davamlıdır. Xüsusən Nazirlər Kabinetinin təşviq tədbirlərinə diqqət yetirsək, təbii ki, taktiki addımlar da var, əsasən də minimum istehlak səbətinə daxil olan məhsulların ixracatının tənzimlənməsi. O cümlədən, xüsusən idxalda bəzi vergi güzəştlərinin tətbiq edilməsində məqsəd xərclərin azaldılmasına nail olmaq və qiymət artımlarını minimumlaşdırmağa çalışmaqdır. Əgər idxal nəticəsində qiymət artımları yaranırsa, praktik olaraq onu minimumlaşdırmaq mümkündür. Çünki bu, idxal inflyasiyasıdır. Amma bizim də təklif etdiyimiz strateji yanaşma yerli istehsalın hesabına istehlakın ödənilməsindən ibarətdir. Əsas ərzaq məhsulları üzrə daha çox yerli istehsal hesabına istehlakın ödənməsi baş verərsə, nəticə etibarı ilə biz artıq dünya bazarında qiymət artımlarının təsirlərini azalda bilərik.       

– Nəhayət, son sual, iqtisadiyyatda yaranmış mövcud situasiyanın gəlir bərabərsizliyini daha da dərinləşdirdiyini deyə bilərikmi?

– Etiraf etmək lazımdır ki, qiymət artımları vətəndaşların gəlirlərinə və xərcləmələrinə təsir göstərir. Çünki hər bir məhsulun qiymətinin artması vətəndaşın ailə büdcəsinə təsir göstərir. Adi bir məhsulu bu gün 5 manat, sabah 6 manat alırıqsa, deməli, ailə bir manat artıq vəsait xərcləyir. Ona görə də qiymət artımlarının təsirlərinin tənzimlənməsi, xüsusən, idxal inflyasiyasının minimallaşdırılmasında məqsəd ailə büdcəsinə ciddi təsirin göstərilməməsidir. Təbii ki, qiymət artımları davam etdikcə, ailələrin daha çox xərcləmələri ilə nəticələnəcək. Ancaq hökumətin apardığı siyasətin də hədəfi ondan ibarətdir ki, ailə büdcəsinə təsirləri minimumlaşdırmaq mümkün olsun. Bunun bəlkə də yeganə yolu yerli istehsal hesabına istehlakın ödənilməsidir. 

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button