“Washington Post” Qubad İbadoğlunun həbsi barədə yazdı – TAM MƏTN

“Washington Post” qəzeti iqtisadçı alim Qubad İbadoğlunun həbsi barədə məqalə dərc edib. “24 saat” həmin yazının tərcüməsini təqdim edir:
Qubad İbadoğlu bir iqtisadçı kimi doğma Azərbaycanını və onun neft sərvətlərini tez-tez tənqid edib. O, haqlı olaraq neft sərvətinin niyə daha firavan və ya demokratik ölkəyə aparıb çıxarmadığını sorğulayıb, Prezident İlham Əliyevin dövründə korrupsiya və kleptokratiyaya diqqət yönəldib. Cənab Əliyevin bu suala cavabı isə yubanmayıb -İbadoğlu və həyat yoldaşı İradə Bayramlı iyulun 23-də Bakının yaxınlığında mülki geyimli 20 nəfərlik qrup tərəfindən avtomobilləri saxlanılaraq, döyülərək polis tərəfindən nəzarətə götürülüb. Xanım Bayramlı günortadan sonra sərbəst buraxılsa da, cənab İbadoğlu saxta korrupsiya ittihamı ilə 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmək üçün məhkəməyə göndərilib.
Uzun illər ABŞ və Avropada dərs deyən cənab İbadoğlu bu yaxınlara qədər London İqtisadiyyat Məktəbində Baş dəvətli alim kimi çalışıb. O, Azərbaycanda iqtisadi inkişaf və səmərəli idarəetmə məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatı olan İqtisadi Araşdırmalar Mərkəzinə rəhbərlik edib.
2014-cü ildə cənab Əliyev rejimi vətəndaş cəmiyyətinə qarşı daha geniş mübarizə çərçivəsində qrupun bank hesablarının dondurulmasına göstəriş verib. 2015-ci ildə Demokratiya üçün Milli Fondun Reyqan-Faskel Təqaüdçüsü olmuş cənab İbadoğlu həm də 2014-cü ildə təsis edilmiş və Azərbaycan hökumətinin rəsmi siyasi partiya statusu verməkdən imtina etdiyi Demokratiya və Rifah Hərəkatının sədridir.
Həbs edildikdən sonra hakimiyyət İbadoğlunu saxtakarlıqda ittiham edərək bildirib ki, onun təşkilatının ofisində 40 min dollar nağd saxta pul, həmçinin Türkiyənin 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham etdiyi mühacirətdə olan türk din xadimi Fətullah Gülənlə əlaqələri aşkar edilib.
Azərbaycanın Daxili İşlər Nazirliyi cənab İbadoğlunun Azərbaycanın yaxın müttəfiqi olan Türkiyədən gələn məlumatlar əsasında saxlanıldığını təsdiqləyib.
İttihamlar absurddur.
İbadoğlunun saxlanmasının əsl səbəbi daha çox onun iyun ayında İngiltərədə gənc azərbaycanlı mütəxəssislər yetişdirmək məqsədi ilə təsis edilən Azərbaycanlı Gənclərin Təhsil Fondunun yaradılmasına köməklik göstərməsi ilə əlaqədardır. İbadoğlu fondun ianələr hesabına maliyyələşəcəyini, eyni zamanda Azərbaycan siyasətçilərinin korrupsiya yolu ilə dövlətdən oğurladıqları və İngiltərədə gizlətdikləri vəsaiti də hədəflədiyini bildirib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) çərçivəsində çalışan jurnalistlər konsorsiumu tərəfindən üzə çıxarılan ”Azərbaycan hakimiyyətinin pulyuyan maşını” araşdırılmasından 2012-2014-cü illər arasında hakim elitanın üzvləri Avropa siyasətçilərinə pul ödəmək, dəbdəbəli mülklər almaq, çirkli pulları yumaq və başqa yolla mənfəət əldə etmək üçün gizli fəaliyyətə göstərdikləri ortaya çıxıb Britaniya hökuməti qeyri-qanuni vəsaitlərin bir hissəsini geri qaytarıb. İbadoğlu kleptokratiyanın qənimətlərindən gənclərin maarifləndirilməsi layihəsi üçün istifadə etmək planı ilə cənab Əliyevi açıq şəkildə narahat edib.
Əliyev həm də ölkədəki siyasi müxalifəti əzməyə çalışır. Yanvarda o, müxalif siyasi partiyaların fəaliyyətini kəskin məhdudlaşdıran qanun imzalayıb. Nəticədə Azərbaycanın üç aparıcı müxalifət partiyasının bu yaxınlarda qeydiyyata alınmasına icazə verilməyib və onların bağlanması ehtimalı var. Ən son iyul ayında İbadoğlu partiyasını qeydiyyata salmaq üçün altı dəfə cəhd etsə də, bu cəhdləri lakin uğursuz olub.
İbadoğlu şəkər xəstəsidir və hipertoniya xəstəsidir. Ailəsi deyir ki, ona dərman almaq imkanından məhrum olublar və səhhətindən narahatdırlar.
Bu arada Birləşmiş Ştatlar humanitar böhran yaşanan etnik erməni icmasının yaşadığı Dağlıq Qarabağın Azərbaycan tərəfindən blokadaya alınmasını yumşaltmaq üçün cənab Əliyevə təzyiq edir. Azərbaycan etnik erməni qüvvələrinin otuz ildir nəzarətində olduğu Dağlıq Qarabağa tam nəzarəti bərpa etməyə çalışır. Ermənistan və Azərbaycan sülh danışıqları aparır.
Böhranla bağlı Azərbaycanla istənilən təmasda İbadoğlunun dərhal azadlığa buraxılması tələbi olmalıdır.
Tərcümə: “24 saat“