2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Xəzər adaları”ndan geriyə qalanlar – inək təzəkləri və yarımçıq tikililər…

2011-ci ildə “Avesta” konserni tərəfindən təməli qoyulan 100 milyardlıq və səs-küylü “Xəzər adaları” layihəsindən geriyə yarımçıq tikililər, qurumuş palma ağacları, bir də ərazidə ucaldılan Heydər Əliyevin heykəli qalıb. 

“Toplum TV” bu dəfə “Xəzər adaları”ndan reportaj hazılayıb. 

Kimsəsiz ada…

Saytların yığılması Saytlarin yigilmasi

 “Xəzər adaları”nın girişindəyəm. Vaxtilə layihənin təmtaraqlı  təqdimatında burda salınacaq adalarda 1 milyon adamın yaşayacağı nəzərdə tutulsa da, indi ins-cins gözə dəymir, qarşılaşdığım kimsəsiz adadan başqa bir şey deyil.

Ərazidə hərəkət etdikcə çatlamış asfalt, rəngi solmuş, yıxlımış reklam lövhələri, yolun ortasında bitən kol-kos gözə dəyir. Burda həyat əlaməti yoxdur. 

Layihənin videoçarxını görənlərin yolboyu yaşıl palmaların ucaldığı  mənzərə yadında olar. İndisə o görüntülərdən aşmış, qurumuş iri palma gövdələri qalıb.

Yarımtikililərə çatmaq üçün isə bir xeyli yol qət etməli oluram.

Məni burda olduğum müddətdə bir səs izləyir: küləyin təsirilə işıq dirəklərinin dəmir cingiltisi.

“Xəzər adaları” layihəsi  Bakıdan 25 km cənubda 41 adadan ibarət, 3 min hektar süni arxipelaqda salınmalı idi. Onun dəyəri 100 milyard dollar qiymətləndirilirdi. Layihəyə görə, burda 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət və mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və 1050 metrlik “Azerbaijan Tower”ın (Azərbaycan qülləsi‎) tikilməsi nəzərdə tutulurdu. Ada-şəhərin uzunluğu 10, eni isə 6 km olmalı idi. 

2011-ci ilin martında başlanmış layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi. 2013-cü ildə  idman və stadionlar kompleksinin açılışı da olmuşdu. Amma 2015-ci ildə “Avesta” konserninin rəhbəri İbrahim Nehrəmli Beynəlxalq Banka kredit borcunu ödəmədiyindən “Xəzər adaları” müsadirə edilmişdi. Kredit məbləğinin isə təxminən 850 milyon manat olduğu deyilirdi.

Abidə  və insan səsi

Ərazinin sağında və solunda eyni dizaynlı binalar var. Onları oxşar edən həm də tikililərin yarımçıq qalmasıdır. Xeyli uzaqdan gözümə dəyən abidəyə çatıram. Heydər Əliyevin heykəlidir. Kimsənin olmadığı ərazidə heykəlin ucaldılması təəccüblü gəlir. Daha doğrusu, məni heyrətləndirən tikintisi bitməyən ərazidə ilk görülən işlər arasında tələm-tələsik heykəl qoyulmasıdır. Kiçik meydançadakı inək təzəkləri isə bura bizdən əvvəl başqa canlıların da baş çəkdiyini göstərir.

Elə bu vaxt mühafizə xidmətinin əməkdaşları yaxınlaşırlar və burda çəkiliş etmək üçün icazə lazım olduğunu deyirlər.

Layihə indi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin balansındadır, amma qurumdan suallara cavab almaq mümkün olmur.

Ərazidə olan əməkdaşlar danışmaq istəməsə də,  irəlidəki iri zeytun ağaclarının və tikililərin durumunun daha yaxşı olduğunu öyrənirəm.

– İrəlidə bir restoran da olmalıdır, eləmi?

– Hə, amma çəkilişə icazə yoxdur.

 – Deyəsən, tikinti işlərinə də hələ başlanılmayıb.

– Yox, adada heç bir tikinti işləri getmir.

“Dəyər-dəyməzinə də olsa, layihəyə investorlar tapılmalıdır”

“Azərbaycan Beynəlxalq Bankı” problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi mülkləri “Azərbaycan Sənaye Korporasiyası”nın balansına verib. 

ASC-nin mediaya açıqlamasına görə, layihə üçün investitorların cəlb edilməsi istiqamətində işlər aparılır.

İqtisadçı Rəşad Həsənov layihənin adının korrupsiyaya qarışmasının investor cəlbinə maneə yaratmadığını vurğulayır: “Amma ola bilər ki, layihəni hansısa investora təqdim edəndə  yenə də kimlərsə müəyyən maraqlar ortaya qoysunlar. Korrupsiyaya meyillilik olsun, kimlərsə qeyri-rəsmi ödəniş tələb etsinlər. Amma indiki halda hesab edirəm ki, dəyər-dəyməzinə də olsa layihəyə investorlar tapılmalıdır. Çünki bu infrastruktur layihəsidir və belə layihələr zaman keçdikcə öz dəyərini və əhəmiyyətini itirir. Dövlətin üzərindən bu xərc yükü götürülməlidir”.

Ekspert hesab edir ki, layihə hazırlanarkən uzunmüddətli dövr üçün bazar araşdırması aparılmayıb və tələbin ödənilməsi üçün heç bir iş görülməyib: “Sadəcə böyük vəsaitlərin yeyilməsi, yuyulması və yaxud da kimlərinsə dövriyyədə olan pul kütləsindən pay almaq cəhdi idi. İndi şərtlər dəyişib. Görülmüş işlər və qoyulmuş xərclər, girov qoyularaq alınan vəsaitlər var. Bu layihədən birmənalı imtina etmək, həm də o vəsaitlərdən imtina etmək deməkdir”.

Mənsə əməkdaşların müşayiəti ilə adadan ayrılıram. Adanın sonuna qədər gedə bilmədiyimdən təəssüratlarım yarımçıq qalır. Elə bu yarımçıq və yarıuçuq urbanizm layihəsi kimi.

 
Vüsalə Mikayıl

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button