Xəbərlər

Xəzərin sahilində 1700-ə yaxın suiti cəsədi aşkarlanıb, müxtəlif səbəblər göstərilir

Dekabrın 3-də Xəzər dənizinin Dağıstan sahilində əvvəlcə azı 700 suiti cəsədi tapılıb. Bu barədə Dağıstanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi məlumat yayıb. Ekspertlər bu rəqəmin arta biləcəyi barədə xəbərdarlıq ediblər.

Kavkaz.Realii-nin yazdığına görə, Nazirlik kütləvi suiti ölümünün səbəblərindən danışanda bunu “təbii amillə” əlaqələndirib.

Ölü suitilər Covid-19 da daxil olmaqla bakteriya və viruslar üçün yoxlanılıb. Nazirlikdən bildirilib ki, Həştərxan və Moskvada aparılan tədqiqatlar nəticəsində heç bir kənarlaşma, o cümlədən ağır metallar və ya pestisidlər aşkar edilməyib.

“300-dən çox suitinin ölümü onların populyasiyasına ciddi təsir göstərə bilməyəcək, çünki son məlumatlara görə, Xəzər suitilərinin sayı sabitdir və bu say 270-300 min fərddir”, – Dağıstanın Təbiət Nazirliyi bildirib.

Suitilərin kütləvi ölümü ilə bağlı ilk faktları dekabrın 3-də Şimali Qafqaz Balıqçılıq üzrə Federal Agentliyinin mütəxəssisləri aşkar ediblər. Suiti cəsədləri Neft bazasından Sulak çayının mənsəbinə qədər olan təxminən 37 km-lik sahil zolağı boyunca aşkarlanıb.

Mütəxəssislər bütün ölkə boyu sahilləri araşdırmağa davam edirlər, onlara Elmi Balıqçılıq və Okeanoqrafiya İnstitutunun əməkdaşları da qoşulublər, əsas məqsəd suitilərin ölüm səbəbini üzə çıxarmaqdır. Məlumatda o da vurğulanır ki, araşdırmaların nəticəsi növbəti həftənin sonundək açıqlana bilər.

Bu məlumatın yayılmasından az sonra Xəzərin Mühafizəsi Mərkəzinin baş direktoru Zaur Qapızov ölü suitilərin sayının 1700-ə çatdığını bildirib.

“Tapdığımız suitilərin görünüşünə görə, onlar təxminən iki həftə əvvəl ölüblər. Zorakı ölüm əlamətləri, balıq torlarının qalıqları tapılmayıb. Çox güman ki, ölü suitilərin sayı daha çoxdur”, – RİA Novosti dövlət agentliyi Mərkəz direktorundan sitat gətirib.

Dağıstan rəsmiləri ilk dəfə deyil ki, suitilərin kütləvi ölümünü təbii səbəblərlə izah edirlər. 2020-ci ilin dekabrında Mahaçqala və Kaspiysk arasında 300-dən çox, 2021-ci ilin mayında isə daha 170 suiti cəsədi tapılıb.

Mütəxəssislərin fikrincə, yalnız iyun ayına qədər – ölü suitilərin 90% -i dəniz dibindən təbii qaz emissiyaları səbəbindən asfiksiya (Qanda və toxumalarda oksigen çatışmazlığı və karbon qazının çox olması səbəbindən kəskin tənəffüs pozğunluğu; boğulma AR.) nəticəsində ölüb.

2017-ci ildə Dağıstan hakimiyyət nümayəndələrinin verdiyi açıqlamalara görə, Xəzər dənizinin sahillərində və sularında neft hasilatının inkişafı nəticəsində suitilərin bir çox ənənəvi yaşayış yerləri yox olub və ya güclü şəkildə çirklənib.

Ekoloqların hesablamalarına görə, əvvəllər Xəzər dənizində 1 milyona yaxın suiti yaşayırdısa indi bu say 75 minə yaxınlaşıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  ABŞ kəşfiyyatı Ukraynada hərbi əməliyyatların zəifləyəcəyini proqnozlaşdırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button