2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Xədicə İsmayıl “Qaynar Qazan”da (II hissə): “İstintaqın mənə və vəkillərimə vermədiyi materiallar “Yeni Müsavat”a necə yol tapmışdı?”

Xədicə İsmayılla müsahibə o, azadlığa buraxılan kimi planlaşdırılmışdı. Amma bir az çəkdi. Çünki Xədicənin işləri o qədər çoxdur ki, o vaxta girmək istəmədik. Ortalığın səngiməsini istədik.

Xədicə zaman-zaman siyasi məhbusları, vicdan məhbuslarını müdafiə edib, hakimiyyətlə kəskin toqquşmaları və bu toqquşmalar heş bir zaman səngiməyib də. Hətta həbs olunduğu zamanlarda belə Xədicə mövqeyini tərk etməyən tək-tük siyasi və vicdan məhbuslarımızdan biridir. Bütün dünya bir tərəfə oldu, Azərbaycan hakimiyyəti bir tərəfə, Xədicə də bir tərəfə. Və… Xədicə qazandı.

Saytların yığılması Saytlarin yigilmasi

Son illər siyasi hakimiyyətlə axıra qədən gedən və meydandan qalib ayrılan insanların sayı çox azdır. Barmaqla sayılacaq qədər. Xədicə bu insanların ən parlaq nümayəndəsidir desəm, məncə şişirtmə olmaz. Onu indi bütün dünya tanıyır. Amerikadan Asiyaya, Afrikadan Avropaya hamı ona qəhrəman kimi baxır. Əslində, hakimiyyət də son anda özündə güc tapıb Xədicə labirintindən vaxtında azad oldu məncə. Yoxsa cəmi bircə il də Xədicə içəridə qalsaydı, Nobel Sülh mükafatına qədər gedəcəkdi.

Xədicənin özü də bütün bunların fərqindədir. Siyasi analizləri əladır. Mətbu beyni fövqəladə dəqiq işləyir. Məhz bu dəyərləndirmələri onu hakimiyyətin qarşısında dik saxladı. Xədicə ilə eyni zamanda həbs olunanların bir çoxunda bu səbatlılıq müşahidə olunmadı, amma Xədicə hesablamalarında çox dəqiq oldu. Ona görə də yanına gəlməli olan, gələn, söz yollayan, söz demək istəyən hər kəsin cavabını özünün ironiyalı baxışları ilə sındırdı. Əslində, sındırılan bu qoca iqtidar oldu, Xədicə yox.

Ona 7 il yarım iş verdilər, zarafata saldı ki, niyə belə az? Onu karsa saldılar, kamerada səsi yetdikcə ariya oxudu, rəis yanına çağıranda karsdan xoşu gəldiyini dedi. Ona plitka vermədilər ki, soyuq yemək yesin, Xədicə əslində, soyuq yeməklərdən xoşlandığını dedi. Tam bir dustaq. Ağlamadı, sızlamadı, şikayətlənmədi, ah-uf eləmədi. Xədicə bu millətin gözlərində həbsxana xofunu öldürən və onu adiləşdirən nadir adamlardan biridir. Bu tarixi yazdı…

İndi qalır mətbuatın azadlığı yönündə iş görmək. Xədicə mənim üçün Azərbaycan mətbuatının müstəqilliyi uğrunda sarsılmaz mübarizlərdən biridir. Əslində, gözlənti də odur. İndi Azərbaycan mətbuatının bütün dünyada tanınan ən parlaq nümayəndələrindən biri kimi bir qrupunmu, bir dəstəninmi adamı olacaq, yoxsa Azərbaycan mətbuatını düşdüyü vəziyyətdən çıxarmaq üçün qollarınımı çırmalayacaq? Görünən dağa nə bələdçi, yaxın zamanlarda bunun şahidi olacağıq. Çətindir, amma mən ikinci kateqoriyaya aid Xədicə arzulayıram. Biz əvvəlkiləri görmüşük də ondan…

Xədicə ilə bağlı xatirələrim o qədər çoxdur ki. Gündəliklərimdə bu haqda geniş yazmışam. İş elə gətirdi ki, mən azadlığa buraxılanda Xədicə həbsdə idi. Məhkəmələrinə adam da buraxmırdılar. Taleyə bax ki, məni də onu da eyni hakimlər heyəti – Ramella-Tamella-Novruz üçlüyü və eyni prokuror – Ramazan Hadıyev mühakimə etdi. Xədicə mənim məhkəməmə gəldi və “Səninlə qürur duyuram” dedi. Mən həbsdən çıxanda o həbsdə idi və eyni hakimlər və prokuror bu dəfə onu mühakimə edəndə mən “Səninlə qürur duyuram, Xədicə” deyir, yazırdım. Bizi belə qərib bir taleyə məhkum etmişdilər. Helsinkidə Xədicənin mükafatlandırılmasında dünya şöhrətli Amanpurla “Xədicəyə Azadlıq!” şüarını qaldıranda və mediaya poz verəndə heç bilmirdim ki, Xədicə siyasi məhbuslara dəstək mitinqlərində “Əvəz Zeynallıya Azadlıq!” şüarını əlində tutub.

Çoxsaylı narahatçılıqlarımız, nigarançılıqlarımız vardı. Bir siyasi məhbus tutulanda rəis muştuluqlamaq üçün çağırırdı və sevinc içində xəbər verirdi. Kim tutuldusa, kim əfv ərizəsi yazdısa, dərhal o muştuluqlamaq əməliyyatı başlayırdı. Bu da bir psixoloji təzyiq idi. Bütün beynimizi sıradan çıxarmaq üçün bizi 10 qat nəzarətdə saxlayır, belə-belə şeylərlə psixikamızı pozmaq istəyirdilər. Amma mən taleyin başqa ironiyalarını da gördüm. Məni Xədicənin tutulması münasibətilə muştuluqlayan rəis Mirsaleh Seyidovu 4-cü zonun qarşısında miskin bir halda Xədicənin azadlıq sənədini gətirən gördüm. İndi o, vəzifə pillələrində yüksəlmişdi, amma azadlıq hissini yaşayan insanların qarşısında gözükölgəli idi. Zatən vəzifə pillələrində yüksəlməyin indi başqa bir variantı da yoxdur.

Bax belə, haqqında yazmaqdan doyulmayan Xədicə İsmayıl saat yarımlıq müsahibəsi ilə “Qaynar Qazan”ın 22-ci qonağıdır. Onunla bu müsahibə media tariximizdə özünün yerini tutacaq türdəndir. Ancaq qiymətləndirməni əlahəzrət Oxucu və tamaşaçı edəcək.

“Qaynar Qazan”da qonağımız “Azadlıq radiosu”nun əməkdaşı, sabiq vicdan məhbusu Xədicə İsmayıldır…

Əvəz Zeynallı

II hissə

“Yeni Müsavat” qəzetində “istintaq materialları” adı altında çap olunan materiallar mənim gördüyüm istintaq materialları deyildi

DSC00830

– O aydındır, təbliğat və piar məsələlərində necə?

– Mən həbs olunduğum ilk zamanlarda “Yeni Müsavat” qəzetini də gətirirdilər. Hərçənd ki, mən yalnız “Azadlıq” qəzetinə abunə olmağı xahiş eləmişdim. Və “Yeni Müsavat” qəzeti gələndə rəsmi şəkildə bəyan elədim ki, mən “Yeni Müsavat” qəzeti istəmirəm, mənə göndərməyin. Bu, qəzetdə də çıxmışdı. Ondan sonra o qəzet kəsildi. “Yeni Müsavat” qəzetini oxuyurdum və oxuduqlarımdan çaşırdım. Nə bilim, Azadlıq radiosu haqqında belə qəribə-qəribə şeylər yazırdılar. Mənim özüm haqqında qəribə şeylər yazırdılar. Sonralar, artıq mən o qəzeti oxumadığım vaxtlarda ora hansısa şəkildə sızan istintaq materiallarını  dərc etmişdilər. Orada gördüyüm və azadlığa çıxandan sonra da yoxladığım “Yeni Müsavat” qəzetində “istintaq materialları” adı altında çap olunan materiallar əslində, mənim gördüyüm istintaq materialları deyildi.

– Çox maraqlı bir şeydir…

– Və mən bilmirəm onların dərc etdikləri “istintaq materialları” ora necə yol almışdı, çünki mənim vəkillərimə belə o materiallar verilməmişdi.

– Əsasən də 125-ci maddə ilə bağlı məsələ qabardılırdı.

– Bəli, bəli… Mənim vəkillərimə “istintaq materialları”nın surətləri verilmədi. Mənim özümə də verilmədi. Bu məsələ ilə bağlı çox etirazımızı bildirdik. Yəni “istintaq materialları”nın kopyaları bizə verilməmişdi.

– Amma “Yeni Müsavat” qəzeti çap elədi?..

– Amma “Yeni Müsavat” qəzeti də “istintaq materialları” adı altında nəyisə çap elədi və oradakı ifadələr mənim cinayət işində oxuduğum ifadələrdən fərqlidir.

– Çox maraqlıdır. Mən ilk dəfədir, bu haqda eşidirəm…

– Əslində, mən çıxışımda da qeyd eləmişdim ki, prokurorluq özünü doğrultmaq üçün ora hansısa sənədlər ötürüb qəzetlərə, amma o sənədlər həqiqi sənədlər deyil.

Mən heç kimə inanmıram

DSC00803

– Xədicə xanım, siyasi sualları davam etdirək, mətbuata qayıdacağıq. Ülkər Kazımova soruşur: “Çox istərdim biləm, Xədicə xanım hakimiyyətdə lider olaraq kimi görür. Hansı şəxsiyyətə inanır ki, xalqımıza firavan günləri bəxş edə bilər”.

– Mən konkret heç kimə inanmıram. Mən insanların seçki iradəsinə inanıram. Fərqi yoxdur. Bu, bizim heç tanımadığımız adam da ola bilər. Əsas məsələ odur ki, Azərbaycan xalqı gəlsin, seçki qutusunun başında öz iradəsini bildirərək həmin adamı o posta oturtsun.

– Yəni fərqi yoxdur?

– Mənim üçün yoxdur.

– Zülfüqar Qubadlı soruşur: “Sizcə hansı lider xalqın dəstəyilə xalqı və dövləti bataqlıqdan çıxara bilər?” Yəni deyirsiniz ki, demokratik seçkilər keçirilsin, millət özü bu xalqı bu bataqlıqdan çıxaracaq?

– Bəli.

– Vəssalam. Cavid Məmmədzadə soruşur: “Xədicə xanıma görə, müxalifətdə prezident seçiləcək gücdə olan kim var, kimdir o şəxs?” Cəbhəçilər sizdən illah da ad almaq istəyirlər.

– Düzü, mən bilmirəm, onlar cəbhəçidirlər, ya yox…

– Mən də bilmirəm, amma hər halda o meylə bənzəyir.

– Hər halda mən yenə də təkrar edirəm ki, mən insanların seçki iradəsinə inanıram. Hansısa siyasətçiyə inanmıram. Düzdür, indi müxalifətçilərə – xüsusilə də daha çox təzyiqlərə məruz qalan müxalifətçilərə daha çox simpatiyamız var. Məsələn, mən REAL hərəkatının sədri İlqar Məmmədova qarşı azadlıqda olarkən etdiyim sərt tənqidi, indi həbsdə olarkən etmirəm. Etmərəm də…

Hökumətdən gözlədiyim qədər müxalifətdən gözləyə bilmərəm

DSC00854

– Həm də bu adamlar həbs olunmaqları ilə özlərini doğruldurlar…

– Yox, söhbət özlərini doğrultmaqdan getmir. Siyasətçi kimi İlqar Məmmədovun taktiki hansısa problemləri ola bilər. Və yaxud da ki, AXCP lideri Əli Kərimli hal-hazırda daha çox təzyiqlərə məruz qalan partiyanın rəhbəridir və mənim ondan seçici, vətəndaş, jurnalist olaraq gözləntim də elə onun səlahiyyətləri qədərdir. Yəni mən hökumətdən gözlədiyim qədər müxalifətdən gözləyə bilmərəm. Hökumətin əlində olan səlahiyyətlərə uyğun performansı olmalıdır. Müxalifətin də əlindəki səlahiyyətlərə uyğun performansı olmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda bütün müxalifət partiyaları və qrupları əllərində olan imkanlardan qat-qat artığını edirlər. Hamısı… Tək hansısa müxalifət partiyasını demirəm.

– Yəni “mübarizə aparanın yanındayam”, deyirsiniz?

– Yox, mən heç kimin yanında deyiləm.

– Prinsip olaraq…

– Heç kimin yanında deyiləm, amma hər kəsdən bacardığı qədər soruşulmalıdır. Hər kəsdən səlahiyyətlərinə uyğun soruşulmalıdır. Biz bu şəxsləri nə vaxt səlahiyyətləndirdik ki, onlardan ölkənin düzəlməsini tələb eləyək. Bu, bir məsələ… Biz onlardan öz qurumlarında və yaxud öz baxışlarına görə soruşa bilərik və mən heç bir zaman da heç kimi müsahibələrimdə sərt sualsız buraxmamışam. İndi də suallarım var və onlara verəcəyəm. Məsələn, mənim üçün sürpriz idi ki, – həbsxanada bu xəbəri oxudum – Milli Şura bu araşdırmalarla bağlı prokurorluğa müraciət eləyib. Bu, mənim üçün sürpriz oldu, hərçənd ki, biz bu addımı ilk araşdırma yazısı çıxanda – 2009-cu ildə səhv etmirəmsə, Dubay mülkləri ilə bağlı araşdırma yazısı çıxmışdı. Bundan başqa 2010, 2011-ci ildə də araşdırmalar olub. Yəni bu araşdırmalar çoxdan olub, proses çoxdan başlayıb da… Jurnalistlər bu məsələlərdə siyasətçilərdən çox-çox irəlidədirlər. Siyasətçilər vaxtında o prosesləri tutmayıblar. İndi müraciət edirlər. Bu, yaxşı xəbərdir ki, onlar artıq heç olmasa indi müraciət edirlər. Amma bir balaca gecikiblər…

– Deyəsən, Arif Hacılı da “Panama sənədləri” ilə bağlı müraciət ediblər.

– Bəli, Milli Şura da, Müsavat Partiyası da müraciət ediblər. Milli Şura mən hələ həbsdə olarkən müraciət elədi. İndi də Arif Hacılı müraciət edib. Görək, cavab gəlməyəndən sonra, onların növbəti addımları nə olacaq. Çünki o da maraqlıdır. Sonra cavab verilmədiyi üçün məhkəməyə müraciət olacaqmı? Sonrakı hüquqi addımlar atılacaqmı?

Mən peşəkar hüquq müdafiəçisi deyiləm

DSC00833

– Ona baxacağıq… İki sual var “siyasi məhbuslar”la bağlı. Sevda Həsənova yazır: “Xədicə xanım “siyasi məhbuslar” üçün nə edəcək?”, Qulu Məmmədov yazır: “Hər ikinizi salamlayıram. Xədicə xanımı təbrik edirəm. Siyasi məhbus oldunuz və bunun nə olduğunu sizdən başqa heç kim bilə bilməz.  Bu həyatı yaşayan siyasi məhbuslar üçün hal-hazırda nə edə bilərik. Hansı işləri görə bilərik i, onların yaşadıqları məhbəs həyatı onlar üçün adi yaşama çevrilsin?” Belə bir planlarınız varmı?

– Mən peşəkar hüquq müdafiəçisi deyiləm. Sadəcə, hökumət bizi elə duruma gətirib, çıxardı ki, biz öz peşəmizdən başqa işlərlə də məşğul olmalı oluruq.

– Hər işlə məşğul olmalı oluruq…

– Məsələ bundadır ki, çoxlu sayda “siyasi məhbus” var. Çalışmaq lazımdır ki, ilk olaraq jurnalist kimi onlar haqqında dünyanı məlumatlandırmaqdır. Mən bu işi indiyədək də görmüşəm, bundan sonra da görəcəm. Mən həbsdə ikən ən ciddi problemim, narahatlığım o idi ki, dünya mənim haqqımda danışır, başqaları yaddan çıxır. Bununla bağlı çox ciddi narahatlıqlar keçirirdim. Mənimlə görüşməyə kim gəlirdisə, onların hamısına deyirdim ki, “mənim üstümdə konsentrasiya olmayın, digərlərini də düşünün…”

– Hə… Hər zaman belə deyirdiniz.

– Əsas məsələ dünyanı məlumatlandırmaqdır. Elə məhkumlar, elə məhbuslar var ki, onlar haqqında çox az məlumat var. Və yaxud da məlumatlar o qədər təzadlıdır ki, beynəlxalq təşkilatlar o məlumatlardan baş açmırlar. Deyək ki, dindarlarla bağlı məlumatların analizinə beynəlxalq təşkilatlara kömək eləmək lazımdır. Çünki onlar hələ də o situasiyanı anlamırlar. Hər zaman biz deyirik ki, onlar “siyasi məhbusdurlar”, biz deyirik ki, bu adamları filan səbəblərdən tutublar, onlar ekstremist deyillər və s. Buna baxmayaraq, hər dəfə də sual verirlər ki, “bəs, axı ortada iki polis meyidi var, o polisləri kim öldürüb?” Biz o sualların hamısının cavabını verməliyik. Bu, hansısa qərəzlə verilən sual deyil. Bu, bir sualdır, çünki ortada həqiqətən də meyidlər var və o sualın cavabı verilməlidir. İstintaq materialları ilə verilməlidir. Yaxşı-yaxşı araşdırılıb, çox keyfiyyətli şəkildə onlara izah olunmalıdır. Bunun üzərində də iş gedir. Sonra “vicdan məhbusları” ilə bağlı beynəlxalq amnistiyaya məlumatların çatdırılması lazım idi. O işə də kifayət qədər hüquq müdafiəçilərilə də səylərimizi koordinasiya elədik. İndi yeni “keys”lər gedir və onlar da bunu araşdırırlar. Yəni istənilən halda bu məlumatlandırma həm açıq şəkildə, həm də yazışmalarla  davam edir. Mənim birinci işim budur. Jurnalistin işi nədir? İctimai nəzarətdə vasitəçi olmaq. Biz də çalışırıq ki, məhkəmə işlərində ən azı ictimai nəzarət olsun və vəkillərlə, həbsdə olan adamların özləri ilə ünsiyyət kəsilməsin. Həbsimdən əvvəl mən “siyasi məhbus”ların ailələrilə bağlı aksiyalar keçirirdim. Bilmirəm, buna indi ehtiyac varmı, yoxmu? Situasiyanı öyrənib bu haqda da qərar verəcəyik ki, lazımdırmı, lazım deyilmi? Nə cür davam eləmək lazımdır və s. Amma siyasi məhbus ailəsinə hər cür dəstək lazım olur. Bu dəstək müxtəlif şəkildə ifadə oluna bilər: Qışda isti corabdan yayda sərinkeşə qədər. Qadın olduğum üçün mən də sərinkeşdən istifadə edirdim.

Əsas odur ki, həbsxanaya düşəndə simanı itirməyəsən

DSC00864

– Ora həqiqətən də çox isti olur və ən zəruri şeylərdən biridir sərinkeş. Elə soyuducudan da tutmuş, plitəyə qədər hər şey lazım olur.

– Hə, sırf maddi şeylərdən tutmuş, mənəvi şeylərə qədər… Tutaq ki, bir flakon ətir və ya başqa bir şey. Əsas odur ki, həbsxanaya düşəndə simanı itirməyəsən. Mən uşaq vaxtı oxuduğum və baxdığım Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərində belə bir fraqment var. Uşaqlar kimsəsiz adada, gəmi kapitanı olan atalarını tapırlar. Eyni adaya ondan başqa iki-üç adam da düşür. Hardasa 15-20 ildən sonra uşaqlar atalarını tapırlar və görürlər ki, ataları ev düzəldib, çəngəl-bıçaqla yemək yeyir və s. Ondan soruşanda ki, ən çətin nə oldu sənin üçün? Deyir ki, insan simasını qoruyub saxlamaq. Sonra məlum olur ki, onunla birlikdə adaya düşən həmin üç nəfər aclıqdan bir-birilərini yeyiblər. Həqiqətən də insan simasını qoruyub saxlamaq, olduqca çətindir. Ona görə lazımdır ki, bizim tanıdığımız adamlar ən azı sivil vərdişlərini itirməsinlər. Çünki bu, həbsxanada çox asandır. Sivil vərdişləri itirmək çox asandır. Ən azı onlara azadlıqda yaşadıqları həyatı xatırladan əşyaları hər zaman göndərmək lazımdır. Mənim bir məhbus ailəsinə, dostlarına verə biləcəyim tövsiyə budur.

Mənim dini baxışlarım dəyişməz olaraq qalır – mən ateistəm

SAM_1066

– Mətbuatla bağlı suallar var. Şəhriyar Səmədov sizi salamlayır və deyir ki, “şübhəsiz sağlam mövqeyi var. Eynulla Fətullayev həbsdən çıxıb cinahını dəyişəndə onu müdafiə edənlər özlərinə yer tapmırdı, zəhmətlərini Eynulla Fətullayevə halal etmirdilər. O zaman Xədicə xanım çox soyuqqanlıqla, “biz insanları yox, prinsipləri müdafiə edirik”, – demişdi. Bu xatırlatmanı təsadüfi yazmadım. Xədicə xanım azadlığa çıxandan sonra inanclı məhbuslarla bağlı narahatçılığını bildirdi, hətta facebook statuslarından birində Taleh Bağırzadənin prinsipiallığına heyran olduğunu yazmışdı. Xədicə xanım, illər öncə səsləndirdiyiniz, “insanları yox, prinsipləri müdafiə edirik”, – cümləsini dini etiqadlara görə həbs edilmiş şəxslərə də şamil edirsinizmi?”

– Şübhəsiz… Şübhəsiz ki… Mənim dini görüşlərim dəyişməz olaraq qalır.

– Dinlə bağlı suallar var. Hamısını birdən verim, yoxsa?..

– Verin, hamısını birdən cavablandırım.

– Vahid Qasımov soruşur: “Rafiq Tağının ölümündə dindarları günahkar bilən Xədicə xanım, “İslama nifrət edirəm”, – dedi. Xədicə xanıma qarşı videoşantaj olunanda, sonuncu dəfə həbs olunanda isə dindarlardan ona dəstək gəldi. Bu məsələyə münasibət bildirsə, pis olmaz”. Elxan Zaman yazır: “Soruşun, İslama, Qurana yenə nifrət edirmi?”  Bu yerdə dialoq var: Nabatəli Qulamov deyir ki, bu sualı siz ümumiyyətlə, Xədicə xanıma verməyin. Elxan Zaman da yazır ki, “mən bu sualları ona görə vermirəm, mən sadəcə münasibətimi bir müsəlman kimi bilmək haqqımdır. Mənə lazımdır ki, verilən cavablardan sonra ona qarşı hansı münasibətdə olacağam…”

– Mənim bu sualları cavablandırmağımla bağlı problemlərim yoxdur. Mənim indi də dini baxışlarım dəyişməz olaraq qalır. Mən ateistəm. Amma mən insanların etiqad azadlığına çox hörmətlə yanaşıram. Rafiq Tağı qətlə yetiriləndə onun haqqında fətva verən ayətullahlarla onun ölümünə səbəb olan həkimlərə hansısa tapşırığı verib, əgər kimsə onun xəstəxanada ölümünə səbəb olmaq üçün sifariş yerinə yetiribsə, onlar bu  məsuliyyəti bərabər daşıyırlar. Hesab edirəm ki, əgər o adam haqqında fətva olmasaydı, o, hədəfə çevrilməzdi və onun ölümü də belə asan olmazdı. Biz bilmirik, onu bıçaqlayan adam hansı tərəfin əmrini yerinə yetirib. Amma bu cinayəti etmək o adam üçün çox asan olub, çünki onun haqqında bu fətva olub. Əgər kimsə dediyi sözə görə ölüm fətvası alırsa, bu, o deməkdir ki, ölüm fətvasını verən adamlar düz adamlar deyillər və onların istinad etdiyi dəyərlər doğru dəyərlər deyil.

“İslama nifrət edirəm” ifadəsini çox emosional ovqatda yazdım

DSC00889

Bir neçə terroristə görə bir dini mühakimə etmək olarmı?

– Mən “İslama nifrət edirəm” – ifadəsini Rafiq Tağı ölən kimi yazmışdım.

– Yəni emosional ovqatda yazılan ifadədir?

– Çox emosional ovqat idi. Əlbəttə ki, bir balaca düşünəndən sonra hesab edirsən ki, “yox, bu, belə deyil…” Amma mənim üçün o düşüncəyə dalmaq çox asan olardı, əgər hörmət etdiyimiz həmin o din xadimləri, hansının ki, prinsipiallığına heyranam – Taleh Bağırzadə və digərləri həmin fətvaya qarşı çıxsaydılar. Biz o səsləri eşitmədik.

– Onlar İranın ayətullahlarına qarşı çıxa bilməzdilər axı.

– Mən alternativ səsi eşitmədim. Mənim üçün demək çətindir ki, bu mövqe bütün dindarlar tərəfindən bölüşdürülmür. Çünki mən din xadimlərindən o fətvaya qarşı yüksək tonda deyilmiş səs eşitmədim.

– Amma Xədicə xanım, sizin hadisənizdə din xadimləri hər şeyi qarşılarına alaraq, bir növ sizinlə bərabər mübarizə apardılar.

– Mən bunu da yüksək qiymətləndirirəm. İndiyə kimi də, hər zaman da, hətta xüsusilə də Qərb mətbuatı ilə danışanda mən bu məqamı xüsusilə vurğulayıram ki, bu hadisədə İslam Partiyası bizim hökumətdən daha liberal mövqedə durmuşdu.

– İslam Partiyası çox sağlam mövqe tutmuşdu.

– Mən də hesab edirəm ki, “hökumət üçün islamçılar təhlükədir” qənaətinə varmaqlarının səbəbindən biri də ola bilsin ki, onların mənim məsələmdə tutduqları mövqe olub. Hökumət dindarları, özünün fikrincə, konservativ hesab etdiyi və daha geridə qalmış hesab etdiyi kütləni oynada bilmədi. Mənim situasiyamda onları əlində oynada bilmədi. Bunun qarşısını alan 3 səs gəldi – İslam Partiyasından, Cümə məscidindən və Nardaran Ağsaqqallar Birliyindən. Mən bu məsələni xüsusilə də Qərb mətbuatına hər zaman bildirirəm. Çünki onların bunu bilməsi daha vacibdir. Onların islamçılar haqqında steriotiplərinə və s. bu lazımdır. Rafiq Tağının ölümündə həmin radikallığı, həmin münasibəti yox – ola bilsin ki, vaxt keçib və bizim də qəzəbimiz bir az soyuyub, amma mən yenə də onların məsuliyyətli olduğunu düşünürəmmi? Bəli, mən hələ də düşünürəm ki, onlar məsuliyyət daşıyırlar. Çünki Rafiq Tağının asan hədəfə çevrilməsi məhz o ayətullahların fətvasına görə idi. Və o ayətullahların fətvasına bircə din xadimi də qarşı çıxıb söz demədi. Ümid edirəm ki, əgər bundan sonra belə bir fətva olacaqsa, – ümid edək ki, olmayacaq – bundan sonra hər hansı bir, belə deyək orta əsrlərdən qalmış bir təfəkkürlə kiminsə bir sözünə görə, qətlə yetirilməsi barədə hansısa fikri söyləyəcəksə, mən çox gözləyirəm ki, xüsusilə də prinsipiallığı və vətəndaş azadlıqları uğrunda mübarizədə fəal iştirakı ilə mənim heyranlığımı qazanmış din xadimləri buna qarşı çıxacaq. Mən ona ümid edirəm.

Eynullanın həbs səbəbi onun özünün fəaliyyətindən daha çox şərəf gətirirdi ona

DSC00887

– Mətbuatla bağlı suallara qayıtmaq istəyirəm. Eynulla Fətullayev haqqında soruşacağam, təəssüf ki… Ona olan münasibətiniz məlumdur… Xüsusilə də son dövrdəki fəaliyyətilə bağlı nə deyə bilərsiniz?

– Çox iyrəncdir.

– Yəni haradan haraya?..

– Yəni… gəldiyi yer hara idi? Əslinə qalsa, Eynulla Fətullayev hələ həbsdə olanda bir norveçli jurnalist Ermin Borge onun haqqında film çəkirdi. O mən dən müsahibə alanda mən ona demişdim ki, mən Eynulla Fətullayevi yaxşı jurnalist hesab eləmirəm. Çünki o pul alıb, kompramatlarla məşğul olub. Amma onu bu hərəkətlərinə görə tutmayıblar. Onun həbs səbəbi onun özünün fəaliyyətindən daha çox şərəf gətirirdi ona… Amma o həbsdə olmamalı idi. Vicdan məhbusu idi və mən “halal eləmirəm” və s. kimi söhbətlərə həmişə bir cavab olaraq deyirəm ki, fərqi yoxdur, yenə olsa, yenə də eyni şeyi edərdim. Çünki adamı saxta şeylərə görə həbs ediblər. Həbsdə olan adamlardan biri haqqında bizə məlumat gəldi ki, o vaxtilə “Lider” TV-nin siyasi – yumoristik “Telepuziklər” layihəsində iştirakçı olub.

– Amma bu əsas vermir ki, həmin adamı şərləsinlər.

– Bəli, buna əsas vermir və məhz prinsiplərimizi müdafiə etdiyimiz üçün və məhz əsas olan insanlar yox, prinsiplərdir. Bu, çox vacibdir və biz yenə də köməyimizi əsirgəməyəcəyik.

O şey ki bizi öldürmür, o bizi gücləndirir

DSC00915

– Orxan Məmmədov hər ikimizi salamlayır və hər ikimizin azadlıqda olmamızdan məmnunluğunu bildirir və yazır: “Müsahibə alan da, verən də müəyyən dövrlərdə məhbəs həyatı yaşayıblar və vicdan məhbuslarıdır. Bu, milli mediamızın aynada görünən real mənzərəsidir. Necə düşünürsünüz, yerli jurnalist həmkarlarınız şər imperiyasının qadağa zəncirlərini qıra biləcəkmi?” Bununla bağlı digər suallar da var. Rəna Hacıyeva sual verir: “Jurnalistikanın müasir vəziyyətini necə dəyişmək olar?”

– Azad olmayan jurnalistikanın inkişafı haqqında danışmaq çətindir. Biz indi şikayət edə bilərik ki, filan media kifayət qədər professional deyil, haradasa, hansısa standartı qırdılar və s. Amma nəzərə almaq lazımdır ki, azad olan cəmiyyətdə o standartlar inkişaf eləyir. Azad olmayan cəmiyyətdə çətindir. Bir qəzet yazdığının məsuliyyətini necə dərk edə bilər ki, onun yazdığının ardınca heç nə baş vermir. Yəni günah təkcə jurnalistlərdə deyil, həm də oxuculardadır, həm də cəmiyyətdədir, həm də hökumətdədir və s. Bəli, jurnalistikanın vəziyyəti məhz onda düzələcək ki, yaxşı jurnalistlərin yetişməsi üçün ortada yaxşı şərait olsun. Mən hələ də təəccüblənirəm ki, bu şəraitdə belə bizim necə dəyərli imzalarımız var. Necə cəsarətli insanlarımız var. Həm tənqiddən çəkinmirlər, həm araşdırmalar aparırlar və s. Bütün bunlar var. İnanıram ki, yaxşı da olacaq. Təsəvvür edin, o şey ki bizi öldürmür, o bizi gücləndirir. Və mən görürəm ki, o adamlar ki, prinsiplərinə sadiqdirlər, o adamlar daha da güclənirlər.

– Xədicə xanım, Mətbuat Şurası və bəzi hakimiyyətyönlü qəzetlərlə bağlı məhkəmələriniz olmuşdu. Nə yerdə qaldı, tamamlandı, yoxsa? Hələ də davam edir?

– Bəziləri yarımçıq qaldı. Mən həbslə və dindirmələrlə bağlı prosesi davam etdirə bilmədim. Amma “Səs” qəzeti ilə bağlı məhkəmə işimiz Avropa Məhkəməsindədir və hal-hazırda baxılması üçün kommunikasiya gedir.

– Mətbuatla bağlı hansısa ciddi layihələriniz varmı? İndi daha güclüsünüz, səsinizi dünya eşidir. Bir qrupun adamı olub qrantların paylanmasında rol oynayacaq, yoxsa əvvəlki şəkildə müstəqil və azad mətbuatın özünə gəlib genişlənməsinə qol çırmayacaqsınız?

– Mən indiyə kimi qrant almamışam. Heç vaxt.

– Amma sözünüz keçib o sahədə.

– Sözüm keçib. İndi də keçir, əvvəl də keçib. Yəni həbsə qədər də keçib, indi də keçir. Hesab edirəm ki, indi vəziyyət bu məsələdə bir balaca bəlkə durulur. Hər halda, indi ölkədə yardıma ehtiyacı olan xeyli təşəbbüs var və o təşəbbüslər dəstəklənməlidir. Məndən də bununla bağlı məsləhət soruşulanda verirəm, amma öz təşəbbüsümlə məsləhət vermirəm. Yəni bir qayda olaraq bu, mənim prinsipimdir.

– Yəni kimsə məndən soruşsa, mən “olar”, ya da “olmaz” deyərəm. Amma özüm təşəbbüs göstərmərəm.

– Bəli, mən öz təşəbbüsümlə heç kimin reklamı ilə məşğul olmuram.

Layiq bilmədiyim adamdan ötrü heç kimdən heç nə xahiş eləmək istəmirəm

DSC00930

– Niyə belə qərar qəbul etmisiniz? Etimadsızlığın nəticəsidir, yoxsa başına gələn başmaqçı olar?

– Birinci ona görə ki, bu, məni əlavə xahişlərdən xilas edir. Kimsə gəlib deyəndə ki, sən filan şeyi yaz, mən də deyirəm ki, məndən soruşsalar, mən deyərəm. Bu, əlavə xahişlərdən xilas edir. Bilirsiniz, bura Azərbaycandır və adamlar “yox” sözünü çox da yaxşı qəbul eləmirlər.

– Bəli.

– Və bu da “yox” və ya “hə” deməyin bir növüdür. Yəni bu, bir balaca mənim işimə düzən gətirir. Mən layiq bilmədiyim adamdan ötrü heç kimdən heç nə xahiş eləmək istəmirəm. Adama da birbaşa “yox” demək də olmur. Olur da bəzən. Elə də olub ki, birbaşa “yox” dediyim olur. Ona görə də bəri başdan qaydanı qoymuşam ki, əgər məndən soruşsalar, fikrimi bildirəcəm. Mənim hansı fikri bildirməyim də həmin adama məlum olmayacaq. Yəni aramızdakı məlumatı donor biləcək və mən biləcəm. Bir istisna var. Nə vaxt mənim tələbələrim məndən yeni universitet üçün məndən xarakteristika istəyəndə çox məmnuniyyətlə verirəm. Tələbəm də əmindir ki, mən yalan yazmayacam. Mən yazdığım tövsiyə məktubları bir nəfərin iş məsələsi ilə bağlı ola bilər. Bura qrantın heç bir aidiyyatı yoxdur. Mənim yazdığım tövsiyə məktublarına da çox böyük hörmətlə yanaşırlar. Çünki həm reallığı əks etdirir, həm də ona görə ki, çox maraqlı yazıram. Yəni o məktubları quru, rəsmi yazmıram.

– Məncə siz həm də o mesajı cəmiyyətə verirsiniz ki, ümumiyyətlə, heç kimsə, heç bir hadisədə, Soljenitsın demiş, “yalan danışmamalıdır”.

Bilirsiniz, necədir? Mən hətta həbsxanada da zabitlərə deyirdim ki, mən yalan danışmıram. Siz burada aşırı tədbirlər görürsünüz, yoxlama aparırsınız və s. amma indiyədək başa düşməmisiniz ki, mən yalan danışmıram.

– Yəni istədiyinizi məndən soruşa bilərsiniz…

– Mənim özümdən soruşa bilərsiniz. Çünki mən gizli işlərlə məşğul olmuram və yalan da danışmıram. Mənim özümdən soruşun, mən də deyim də sizə…

Siz ABŞ-a qarşı yaza bilərsinizmi?

DSC00878

– Elvin Cavadzadə soruşur: “Azadlıq” radiosunda istənilən dünya əhəmiyyətli xəbəri azad şəkildə paylaşa bilirmi? Amerikanın siyasətinə və maraqlarına uyğun olmayan hər hansı məlumatı, xəbəri yaza bilərmi?” Rəşad Qədirli soruşur: “Əziz Xədicə xanım, sizin həbsinizdən siz nə qazandınız, rejim nə qazandı və nəhayət, xalq nə qazandı? Qərbin, Avropanın ikili standartı demokratiya immitasiyasına etiraz edirsinizmi? Mehriban Əliyevanın “xoşməramlı səfiri” olduğu təşkilat sizə mükafat verir”. Belə başa düşdüm ki, sizdən onu soruşurlar ki, siz ABŞ-a qarşı yaza bilərsinizmi?

– Düzünü deyim ki, bu mənim mövzum deyil.

– Sizi həm də ABŞ-ın adamı bilirlər. O baxımdan belə suallar yaranır.

– Məni də bu yanaşma çox təəccübləndirir. Çünki ölkədə ABŞ səfirliyindən daha çox bu suallar mənə ünvanlanır.

– Bəli.

– Mən də deyirəm ki, gedin, o Robert Sekuta, o da siz. O sualları səfirə verin. Mən başa düşmürəm bunun səbəbini ki, niyə bu suallar mənə ünvanlanır. Yəqin ki, “Azadlıq” radiosu Amerika radiosu olduğu üçün ona xüsusi diqqət var ki, görəsən o Amerika haqqında nə yazır. Məsələ ondadır ki, xarici xəbərlər “Azadlıq” radiosunda ümumiyyətlə, preoritet deyil. Biz “Azadflıq” radiosunun Azərbaycan bölümündə ölkədə baş verən hadisələri işıqlandırırıq. Yəni Azərbaycanda Amerikada baş verən hadisələrə olan maraq nə qədərdir? Niyə hansısa müxbir Sovetskidə evlərin dağıdılmasını qoyub, Amerikada hansısa hadisənin baş verməsi haqqında yazmalıdır? Yəni mən bunu başa düşmürəm. Mən “Azadlıq” radiosunda işlədiyim müddətdə də hesab eləmişəm ki, xarici xəbərlərə çox enerji xərcləmək olmaz. Amma “Azadlıq” radiosunda xarici xəbərlərlə bağlı – Nardaranda Amerikanın bayrağını yandırıblar, “Azadlıq” radiosu çəkib verib. Həmişə də Nardaranda Amerikanın bayrağının yandırılması aksiyalarına ilk gedənlər “Azadlıq” radiosunun əməkdaşları olub. Burada dindarların Fələstinlə, İsraillə bağlı hər hansı bir tədbirləri olanda da ilk olaraq “Azadlıq” radiosu işıqlandırıb. Heç bir mövqe sərgiləmədən işıqlandırıb. Necə başqa xəbərlər, elə də bu xəbərləri işıqlandırırlar… Yəni mən büro rəhbəri olanda – mənim işim redaktə və s. idi – bizdə o qadağalar yox idi və mən hansısa xəbəri qoymaqla bağlı heç vaxt heç kimlə məsləhətləşmirdim. Yox idi belə məsləhətləşmələr. Radio rəhbərliyi tərəfindən bizim də tənqid olunduğumuz məqamlar olub. Deyək ki, hansısa azyaşlı qurbanın müxbir real adını veribsə, belə bir hadisə olmuşdu, yazı sayta yerləşdiriləndən 5 dəqiqə sonra dərk elədik ki, uşağın adı dəyişdirilməyib. Söhbət azyaşlı nikahdan gedirdi və orada adı dəyişdirmək istəyəndə artıq gec idi və başqa saytlar məlumatı götürmüşdülər. Onda, hə, bizim rəhbərliklə gərgin söhbətlərimiz olub. Soruşublar ki, “bu nədir, siz edirsiniz?” Haqlıydılar. Tam haqlıydılar.

– Yəni “öncə xəbər” deyirsiniz. Haradan olursa olsun, siz onu vermisiniz?

II hissənin sonu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button