SEÇMƏ

Xaçmaz sakini: “Generalın qohumu haqda şikayətimi araşdırıb tədbir görmürlər”

Yayımlandı: 28 Sentyabr 2022 13:11

Sahibkar deyir ki, Gömrük Komitəsinin keçmiş sədrinin qohumuyla bağlı şikayətini araşdırmırlar, ondan rüşvət tələb edirlər

Xaçmaz sakini Mövlud Məmmədov hüquq-mühafizə orqanlarının ona qarşı baş verənləri araşdırmamasından, ondan rüşvət tələb etməsindən şikayətçidir. Deyir ki, dələduzluğa məruz qalıb, külli miqdarda ziyana düşməsi bir yana, üstəlik, polis və prokurorluq əməkdaşları da cinayəti obyektiv araşdırmaq, günahkarları məsuliyyətə cəlb eləmək üçün ondan böyük məbləğdə pul tələb edir.

“Pulumuzu da, məhsulumuzu da mənimsədilər”

Mövlud Məmmədovun şikayətində Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Aydın Əliyevin adı hallanır. Şikayətçi iddia edir ki, onu və biznes şərikini aldadıb, pullarını ələ keçirənlərdən biri generalın qaynıdır.

Mövlud Məmmədov Meydan TV-yə danışır ki, tanışı Gülcənnət Abdullayeva ilə birlikdə ortaq biznesləri olub. Biznes prosesində tanış olduqları Səfər Səfərov adlı şəxs onlara özünü gömrük brokeri, eyni zamanda Aydın Əliyevin qaynının dostu kimi təqdim edib. Deyib ki, generalın qaynı Anar Hacıyevin vasitəsilə gömrüklə bağlı istənilən məsələni həll edə bilərlər.

“Bizə məhsulla dolu yük maşınımızın gömrükdən keçirilməsinə kömək lazım idi. Dedi ki, heç bir problem yoxdur. Bizdən buna görə 40 min dollar istədi. Razılaşdıq. Əvvəlcə Səfər Səfərovun özünə 30 min dollar verdik. Qalan 10 min dolları isə Anar Hacıyev özü gəlib götürmüşdü. Son nəticədə başımıza oyun açdılar. Bu pul bir yana, üstəlik, yükümüzü də mənimsədilər. Orada 100 min dollarlıq mal vardı”, – Mövlud Məmmədov bildirib.

“Dedi ki, prokuror cinayət işi başlamaq üçün pul istəyir”

Sahibkar bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib. Onun sözlərinə görə, dediklərini təsdiqləyən sübutları da təqdim edib. O, dəymiş ziyanın ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib.

Mövlud Məmmədov gileylənir ki, şikayətindən 9 aydan çox vaxt keçməsinə baxmayaraq, tədbir görülməyib. Gömrükdən malın keçirilməsilə bağlı danışıqlar və digər proseslər paytaxt ərazisində getdiyinə görə məsələyə də Yasamal rayonunun polis idarəsində və prokurorluğunda baxılıb:

Yanvar ayından iş Yasamal Rayon Polis İdarəsində idi, amma cinayət işi başlamırdılar. Müstəntiq açıq şəkildə 10 min pul istəyirdi. Vermədik, o da bizim əleyhimizə materiallar topladı və cinayət işi başlanmasının rədd olunması qərarı çıxarıldı. Əlimizdə yetərincə sübutlar ola-ola belə bir qərarın qəbul edilməsi açıq qanunsuzluq idi. Bu qərardan şikayət verdik. Şikayətimizdən sonra o qərar ləğv olundu. İş bu dəfə başqa bir müstəntiqə həvalə olundu. O da bizdən pul umurdu. Eşitdirirdi ki, “bu işə görə əziyyət çəkirəm”. Üstümüzdə olan pulu verdik. Bir müddət sonra işin nə yerdə olduğuyla maraqlananda dedi ki, mənlik deyil, Yasamal rayonunun prokuroru cinayət işi başlanması üçün 10 min istəyir…”.

Gözdən qaçırmayın:  Ter-Petrosyanın çıxışı sülh prosesini sürətləndirə bilərmi?

“Hər dəfə şikayət eləyəndə müstəntiqi dəyişirlər”

Mövlud Məmmədov iddia edir ki, tələb olunan 10 min manatı vermədiklərinə görə 9 aydan çoxdur proses yubadılır, cinayət işi başlanmır. Sahibkarın sözlərinə görə, o, Yasamal rayonunun prokuroru Elman Süleymanovun qəbulunda da olub. Amma ondan sonra da nəticə dəyişməyib. Sadəcə, yenidən müstəntiq dəyişib.

“Hər dəfə şikayət edəndə müstəntiqi dəyişirlər…” deyən sahibkarın fikrincə, şikayətində generalın qaynının adı keçir deyə, proses həm də bu üzdən yubadılır.

O, bir müddət əvvəl Baş prokuror Kamran Əliyevə də şikayət edib.

Prokurorluq: “Cinayət işi başlanıb”

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Mövlud Məmmədovun şikayətilə əlaqədar artıq fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanıb: “Cinayət işi istintaq aparılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib”.

Meydan TV generalın qohumu olduğu deyilən Anar Hacıyevlə əlaqə yarada bilməyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button