2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Xalam da, əri də “oğul” deyə-deyə öldülər…” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR

“Mən gözümü açandan evdə həmişə əmimi gözlədiklərini görmüşəm. Nənəmlə babam əmimi gözləyə-gözləyə dünyadan köçdülər. Heç unutmuram, nənəm son nəfəsində də gözünü qapıdan çəkmədi. Son kəlməsi “oğlum gəldi?” oldu…

İndi atam qardaşını, mən isə əmimi gözləyirəm. Axtarırıq desəm, yalan olar. O vaxt axtarmaq üçün demək olar ki, aylarla cəbhə boyu gəziblər. İndi isə evdə oturub gözləyirik… Hərdən mənə elə gəlir ki, mən əmimi gözləməyi ailəmdən öyrənmişəm. Yəqin bu vərdişim övladlarıma da keçəcək…

Biz məktəbdə oxuyanda tədbirlərdə bu şeri deyirdik:

Saytların yığılması Saytlarin yigilmasi

“Orda bir kənd var uzaqda, o kənd bizim kəndimizdir…

Getməsək də, varmasaq da, o kənd bizim kəndimizdir…”

Onda öz-özümə düşünürdüm ki, orda bir igid var uzaqda, o igid mənim əmimdir. Gəlməsə də, getməsə də… o igid mənim əmimdir…”

Bütün bunları mənə “İtkinlər: 4000-dən hər biri” layihəsini işlədiyim müddətcə görüşdüyüm gənclərdən biri danışıb. O adının açıqlanmasını istəmədi, hesab edir ki, əmisi haqqında “axtarmırıq, ancaq gözləyirik” deməsi atasını incidə bilər. 

Digər bir müsahibim, ümumiyyətlə, danışmaqdan imtina etdi: “Qızım, çox sağ olun ki, məni axtarıb tapmısınız, ancaq əvvəlcədən deyim ki, müsahibə verməyəcəyəm. Mənim oğlum ölməyib ki, haqqında danışım. Oğlum yaşayır və mən onu hər gün gözləyirəm. Bütün Gəncə bilir ki, mən illərdir onun gələcəyi günü gözləyirəm”.

1992-ci il, sentyabrın 19-da Fərrux dağında gedən döyüşlərdə itkin düşən İlhamın anası Elmira Dadaşova isə Fərruxda kütləvi məzarlığın aşkarlandığı gündən gözünü qapıdan çəkib, başqa istiqamətə dikib – DNT testlərinin nəticələrinə… Hər dəfə zəng edəndə “bir xəbər çıxmadı?” – deyə soruşur…

Layihə çərçivəsində Pressklub.az saytında yayımlanan araşdırmalarda cəmi altı itkin haqqında məlumat verə bildik, ancaq bir kitablıq intizar hekayəsi topladıq. Ümid edirəm, zamanla onları sizə təqdim edə biləcəyik. Bu yazıda isə sadəcə ilk yazılar yayımlandıqdan sonra aldığımız rəy və mesajlardan bir neçəsini toplamışıq:

Yaqut Seyid

I Qarabağ müharibəsində kəndimizdən könüllü döyüşə gedən oğulların yeddi nəfəri itkin düşdü. Rəhmətlik Fidan dayı dünyadan köçən günə qədər gecələr həyət qapısını arxadan bağlamırdı ki, birdən oğlum gecə qayıdar, küçədə qalmasın.

Aysel Camal 

Bibim oğlu I Qarabağ müharibəsində Ağdərə döyüşlərində itkin düşüb. Xəbəri 1992-ci ilin fevralında gəlib… Məktəbimiz onun adını daşıyır… Şəhid statusu verilib, ancaq rəhmətlik atası sağlığında bir dəfə də şəhidlərə verilən yardımı almadı ki, “mənim oğlum sağdır!” Bibim bu gün də onun yolunu gözləyir, hər zaman yuxularında görür, deyir “mənim balam sağdır!”

Müşfiq Qədirov

Bizim kəndimizin də Vüqar və Şahid adlı iki itkini var. I Qarabağ müharibəsində itkin düşüblər. Şahidin anası hələ də onu sağ gözləyir, qələbədən sonra daha da ümidləndi… Ölmüş olması ehtimalını belə qəbul etmir… Mən onu başa düşürəm, babamın atası da II Dünya müharibəsində itkin düşüb, babam ölənəcən yolunu gözləyirdi… İndi də saf-saf mən gözləyirəm… Elə bilirəm, gələcək, nə vaxtsa bir xəbəri çıxacaq…

Rəbiyyə Zərdabi

Ağır dərddir… Göz yollardan yığılmır… Bir dəfə Şüvəlanda oğlu əsirlikdə qalan ananın söhbəti məni günlərlə ağlatmışdı… Ana dedi ki, yağışı, göy gurultusunu heç sevmirəm… Səs-küy olur… Birdən oğlum gələr, qapını döyər, yaşlanmışam, eşitmərəm… Şimşəyin səsi də qoymaz eşidəm… Bilirəm, gələcək, yuxuma gəlib deyib ki, ana, sağam! Məni gözlə… 

Gülnarə İsmayılova 

Çox ağır dərddir, elə bu gün bir ana ilə söhbət elədim… Onun da oğlundan heç bir xəbər yoxdur, yaşlı qadının gözü yoldadır, Edillidə tapılan məzarlıq barədə məlumatı yox idi deyə deməyə ürəyim gəlmədi…

Şəfəq Azər

1992-ci ildə bizim bir sinif yoldaşımızın qardaşı da itkin düşdü… Hər gün müəllimlər dərsdə soruşurdu ki, qardaşından nə xəbər var? Beləcə, dərslərimiz cəbhədən gələn doğru-yalnış xəbərlərlə keçirdi… Atası “oğlum gəlib çıxmayınca saqqalımı qırxmayacağam” dedi. Atasının saqqalı o qədər uzanmışdı ki, adam qoca Məcnuna bənzəyirdi… Məcnun zatən ərəbcə dəli deməkdir. Hər onu görəndə ürəyim ağrıyırdı…

Humay Xəlifəqulieva

Xalamın oğlu I Qarabag müharibəsində itkin düşüb. Xalamın ürəyi “oğul” deyə-deyə partladı… Dözmədi… Yoldaşı da vəfat etdi. İndi işğaldan azad edilən ərazilərdə qazıntılar altından çıxan insan sümüklərini gördükcə fikirləşirəm ki, bəlkə xalam oğlu da oradadır…?

Təhminə Əsgərli

Mənim xalam bu günə qədər 1992-ci ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində itkin düşmüş oğlunu gözləyir… Deyir, gələcək… 

Mehriban Səfərova 

Hər dəfə “İtkinlər” layihəsini oxuyanda mən onların sağ olduğuna inanıram. Torpaqlarımız azad olunanda mənə elə gəlirdi ki, hamısı oradadır, bizi gözləyirlər… Düşünürdüm ki, qələbə ilə yanaşı, bu məsələ də öz həllini tapacaq…

Nuran Əhmədzadə

I Qarabağ müharibəsində bizim də qapımıza şəhid tabutu gəlib. Həmişə itkin yolu gözləyən ailələrin danışdıqlarını eşidəndə şükür etmişəm ki, nə yaxşı ki əmimin ziyarət etmək üçün bir məzarı var. İtkin analarına əlimdən yalnız səbir diləmək gələr… 

Aytac Əli

Biz məktəbdə oxuyanda sinif yoldaşımın atası müharibədə itkin düşmüşdü. Ümidləri var idi… Bibisi deyirdi, bəlkə sağdır, bir gün gələr. İndi, illər sonra “İtkinlər” layihəsini oxuyanda o oğlanın niyə daim elə kədərli olduğunu anlayıram. Doğma adamının itkin düşməsi kimi dəhşətli nə isə yəqin ki, yoxdur…

Sənubər

Ağdamın Yusifcanlı kəndindən iki ailə tanıyırdım, onların da itkinlərindən bu günə qədər heç bir xəbər çıxmayıb. Hazırda Qaradağ rayonu Sahil qəsəbəsindəki yataqxanada yaşayırlar. Gözləyirlər… 

Ceyhun Məcidov 

1994-cü ildə mənim də qardaşım Füzuli istiqamətində itkin düşüb. Şəhidlik statusu verilib, ancaq hələ də yolunu gözləyirik. Heç bir səs-soraq, “gördüm” deyən yoxdur… Elə bil heç həyatda bu adda adam olmayıb…

Xatirə Məhərrəmli 

30 ildir bizim böyük ailəmizin də gözü yollardadır… İki dayim doğma şəhərləri Şuşanı müdafiə edərkən itkin düşüblər. Ailəmizin üz tutmadığı qurum qalmadı, amma heç elə bil yoxuymuşlar… Biz də bu dərdlərin içində uşaqkən böyüdük… Nənəm son günə qədər qamətin dik saxladı ki, oğullarım gəlib məni beli bükük görməsinlər… Anam isə iki qardaşının dərdini hələ də çəkir… Bilsəniz necə ağırdır…

Əli

Atamın bacısı, bacısı oğlu, əmisi uşaqları… Düz səkkiz nəfər Kəlbəcərdə itkin düşüblər. Otuz ilə yaxındır gəzirik, beynəlxalq və yerli təşkilatlara bildirmişik. Amma heç vaxt bir nəticəsi çıxmayib.

Asəf Sadıqov 

Döyüşçü yoldaşımız Feyzullayev Aydın Zakir oğlu Vətən müharibəsində itkin düşən 6 hərbçidən biridir. Sentyabrın 30-da Füzuli rayonu Alxanlı istiqamətindən döyüşə qatıldı və həmin gündən ondan xəbər yoxdur. Ailəsini ziyarət edəndə atası Zakir dayı belə bir cümlə işlətdi: “Cibindən 3-5 manat düşüb itəndə gözün hey axtarar, mən isə cavan oğlumu itirmişəm…”

***

Onların sayı çoxdur. Rəsmi məlumata görə, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşüb. Hər birinin haqqında ayrıca yaza bilməyi arzulayırıq. Analarının dili ilə desək, bir gün özlərinin bu yazıları oxumaları ümidi ilə…

Layihədə əməyi keçən hər kəsə, xüsusilə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təşəkkür edirik!

Vüsalə Məmmədova 

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button