Loading...
Loading...
SEÇMƏ

Xalq artisti: “Kinoya ayrılan pullar artırılmalıdır”

Deputat: “5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”

“Hazırda inflyasiya prosesi gedir. Ona görə də kinoya ayrılan vəsaiti artırmaq lazımdır”.

Bunu jurnalistlərə Xalq artitsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri Rasim Balayev Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun kino sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin azaldılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Mayın 25-da “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Azərbaycan kinosuna ayrılan 5-6 milyon manat vəsaitin az olduğunu deyib.

O bildirib ki, büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar.

Deputat kinoya ayrılan vəsaitin artırılmasını təklif edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə kinoya ayrılan vəsaitin yarıbayarı azaldılması təklifi ilə çıxış edib.

Rasim Balayev bu təkliflə razılaşmır. Əksinə, hesab edir ki, keyfiyyətli film çəkmək üçün yüksək məbləğdə vəsait ayrılmalıdır: “Amma öncə yeyinti hallarının qarşısı alınmalıdır. Kinoya ayrılan pullar ayrı-ayrı adamlar tərəfindən oğurlanıb, yeyilib. Bunun qarşısını almaq lazımdır. Mən hətta hansı filmin çəkilişindən əvvəlcədən nə qədər pul götürdüklərini belə bilirəm”.

“Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının işidir. Filmin çəkilişinə bir milyon manat buraxılır. Onun da 100-200 minini həzm-rabedən keçiririlər. Mədəniyyət Nazirliyində 3-4 nəfərdirlər”, – deyə o bildirib.

2021-ci ilin iyunun 8-də Maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, Mədəniyyət Nazirliyinə kino çəkilişləri üçün kifayət qədər vəsait ayrılsa da, ortada keyfiyyətli filmlər yoxdur.

Əlavə etmişdi ki, Mədəniyyət Nazirliyi bir neçə dəfə “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nı Maliyyə Nazirliyinə təqdim edib. Lakin Maliyyə Nazirliyi konsepsiyanı qəbul etməyib.

2020-ci ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı ciddi yeyinti halları aşkarlanıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov və müavini Rafiq Bayramov tarixi-mədəniyyət abidələrinin, binaların (muzeylər və s.) təmir-bərpası zamanı milyonlarla vəsaitin mənimsənilməsində ittiham olunaraq həbs edilib.

2020-ci ildə də Hesablama Palatası Mədəniyyət Nazirliyində büdcə vəsaitlərindən istifadənin vəziyyətini ararşdırmışdı.

Araşdırma 2017-2018-ci illəri, yəni 01.01.2017-01.01.2019-cu il tarixədək olan dövr üçün aparılmış, 2019-cu ilin iyun-avqust aylarında aparılan araşdırma nəticəsində, çoxsaylı pozuntular aşkar edilmişdi.

Belə ki, Nazirlər Kabinetinin 11.05.2004-cü il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları”nın tələbləri gözlənilməyərək, müxtəlif filmlərin yaradıcı qrupunun qonorarlarının məbləği 1,3-5,3 dəfə çox olub.

Gözdən qaçırmayın:  Avropa İttifaqından Rusiyaya altıncı zərbə

Bundan başqa, kinostudiya tərəfindən 2017-ci ildə 2760,0 manat, 2018-ci ildə 14580,0 manat, ümumilikdə 17340,0 manat məbləğində mənfəət vergisi az ödənilib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button