ÖLKƏ

Xalq rüsvayçı köhnə deputatlara üsyan edir! 

Deyəsən hakimiyyət iflasa uğramış və xalqın qəzəbini körükləyən yalançı islahat şousunun ikinci bölümünə start verib. Bu gün MSK dörd dairənin nəticələrini ləğv edib. O dairədə ilk qalib elan olunan məşhurları tanıyırsınız – Rauf Arifoğlu, Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov. Siyahı bir az da uzana bilər. Amma bu nəyi dəyişəcək ki? Köhnə oyunlarla xalqı aldatmaq yetmədimi? İnsanlar Nuh əyyamından qalan qoca deputatların təkrar parlamentə qaytarılmasına qəzəb püskürür. Sosial şəbəkələrə nəzər salın. Siyasətə maraq göstərməyən adamlar belə seçkidə baş verən rüsvayçılıqları ölkə adına rəzalət adlandırıb etiraz edir. “Bizə striptiz deyil, parlament lazımdır” yazır insanlar. Tam haqlıdırlar. Sözün həqiqi mənasında, 9 fevralda hakimiyyət dünyaya əsl “striptiz şou” göstərdi. Azərbaycan tarixi indiki hakimiyyətin dövründə çox saxta seçkilər görüb, amma bu qədər iyrəncini ilk dəfə gördü. İndi hər şey ortadadır, bütün saxtakarlıqlar, səs oğurluqları, karusel hoqqaları hər kəsin gözünün önündə baş verib. Əhali faktiki olaraq bu seçkini boykot edib, müşahidəçilərin rəyinə görə, seçici fəallığı heç 20%-i də keçməyib. Hakimiyyətin siyahısında olmayan namizədlərin başına da məntəqələrdə oyun gətiriblər. Döyülən, qovulan, hədə-qorxu gəlinən, polis maşınına basılıb aparılan. Bizi hara aparırsınız bu cəngəllik qanunları ilə, ağalar, feodal dövrünəmi?

İlham Əliyev xalqın qocalar parlamentinə necə qəzəbli olduğunu anladı hər halda. MSK-nın bugünkü ləğvetmələri də xalqın hirsini yumşaltmağa hesablanıb. Yəni saxta islahat şousunun ikinci bölümü başlanıb. Əliyev MSK-ya saxtakarlıqların havada oynadığı 4-5 dairənin nəticələrini ləğv etmək tapşırığı verməklə, “islahat şousunun davamına” əl yeri saxlayır. Ancaq daha xalq o xalq deyil. Xalq artıq nə bu hakimiyyəti, nə də onun xirtdəyinə qədər rəzalət çirkabına batmış qoca deputatlarını istəyir. Xalq yaşı az qala 90-ı haqlamış Fəttah Heydərovla, 80-i haqlayan Fəzail Ağamalı ilə, Ziya Səmədzadə ilə, 70-i haqlayan Aqil Abbasla,  striptiz-spiker Oqtay Əsədovla, İmamverdi İsmayılovla və bunların bənzərləri ilə üzülüşmək istəyir. Bəli, insanlar üsyan edir! Yaxasını buraxın bu ölkənin, onu cəhənnəm qaranlığına çevirməyin, qapılarını işığa qapamayın, gəncliyini qocaltmayın! Nə vaxta kimi qonşu Gürcüstana baxıb ah çəkəcəyik? Nə vaxta qədər üzümüzü onların müasir dünyaya açılan pəncərələrinə tutub kədərlə köks ötürəcəyik? Azərbaycan dəyişməlidir! Bu dəyişim məhz Milli Məclisin deputat qrupundan başlamalıdır. Beş-altı dairənin nəticəsi ilə heç nə dəyişməz. Bu rüsvayçı seçkinin nəticələri tam şəkildə ləğv edilməli, köhnə komanda istefaya göndərilməli və yenidən seçkilər keçirilməlidir. Özü də cəmiyyətdəki bütün qüvvələrin təmsil olunduğu şərtlərdə şəffaf və azad keçirilməlidir. Azərbaycan yeni qan istəyir, gəncləşmə, yeniləşmə, müasirləşmə istəyir. Xalqın iradəsini zorlamayın, cənablar, nə qədər gec deyil, yoldan çəkilin!

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close