2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xankəndi problemi arxa planda. Nə vaxta qədər?

Ermənilərin Rusiyaya olan etimadsızlığı təbii ki, Kremli narahat edirdi və çıxış yolları kimi ilk dövrdə Paşinyanı məğlubiyyətin günahkarı kimi təqdim edib, cəmiyətin qınaq ünvanını Ermənistan rəhbərliyinə yönəltməyə çalışırdı. Bu variantın reallaşdırılmasının çətin olacağını qətiləşdirdikdən sonra mövcud legitim hakimiyyəti öz tərəfinə çəkmək, eyni zamanda ermənilərin Rusiyaya olan keçmiş etimadını qaytarmaq siyasətini yürütmək Moskvanın maraqlarına daha uyğun variant oldu. Etimadı qazanmağın rasional yolu Xankəndidən – separatçı rejimin qalıqlarını möhkəmləndirməkdən başladı və bunun çeşidli nümunələrindən bu gün də istifadə edir. Bu gün Moskva siyasi şərhçiləri də etiraf edir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı separatçı rejimin mövcudluğunun əsas təminatçısı olaraq qalır.  

Rusiya silahlı qüvvələri Qarabağ ərazisində yerləşdikdən sonra  nəzarət etdiyi ərazilərə Azərbaycan dövlətinin təsirlərini maksimum azaltmaq siyasətini aparmaqla bir növ Qarabağ probleminin yaxın zamanlara həll olmayacağını nümayiş etdirir. Rusiya müharibədən 15 ay keçməsinə baxmayaraq Azərbaycan-Ermənistan münasibətlərindəki problemlərin həllini birbaşa Qarabağa aid olmayan məsələlərə yönəltməyi bacarıb. İki ölkə arasındakı nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması, sərhədlərin müəyyənləşməsi kimi problemləri önə çəkməklə Qarabağ məsələsi arxa plana atılmış və bununla da, Rusiya nəzarətində olduğu ərazidə bütün səlahiyyətlərin özünə aid olduğuna de-fakto nail olub. Məsələnin bu tərəfi haqqında Rusiya XİN başçısı Sergey Lavrov 14 yanvar brifinqində açıq şəkildə bildirdi ki, sərhədlərin müəyyənləşməsi və burada üzə çıxan problemlərin Qarabağ məsələsinə aidiyyatı yoxdur. Tərəf kimi bu vəziyyət yalnız Ermənistanı qane edə bilər və Paşinyan nə qədər həvəskar siyasətçi təsiri bağışlasa da, Qarabağ məsələsini Rusiyanın üzərinə ataraq Ermənistandakı problemlərin həlli üçün Qarabağ yükündən qismən azad olmağı bacarmış oldu.

44 günlük müharibə başa çatandan sonra Rusiya telekanallarında Kreml sözçülərinin “Qarabağ 50 illiyinə Rusiyaya verilsin”, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində bərpa edilsin” təkliflərinin səsləndirilməsi təsadüfi hesab olunmur və faktiki olaraq Rusiyanın Qarabağda sənədləşməmiş belə bir siyasət apardığı açıq hiss olunur və artan xətt üzrə davam etdiyini görməmək mümükün deyil. Sülhməramlıların nəzarət etdiyi bu ərazi haqqında rəsmi söz demək hüququndan tutmuş, elementar müdaxilə hüququna qədər Azərbaycanın imkanları məhdudlaşdırılıb, sanki qadağan edilib. Təhlükəli məqamlardan biri də Qarabağda süni olaraq ruslaşdırma cəhdlərinin müşahidə olunmasıdır. İlk dəfə rus dilinin Qarabağda ikinci rəsmi dil kimi qəbul etdirilməsi, rus provaslav kilsəsinin Xocalıda (!) tikilməsi, Rusiya ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması, süni olaraq olmayan Qarabağ rus icmasının yaradılması və ona rəhbərlik etmək üçün xüsusi xidmət orqanının akademiyasını bitirmiş, Bakıda doğulmuş erməni, rus familiyası olan Aleksandr Bordovun Xankəndinə ezam edilməsi, Rusiya Dövlət Dumasının üzvü Milonovun Xankəndinə səfəri və sairə humanitar aksiyalar adı altında Rusiya təbliğatının aparılması qeyd etdiklərimizin təsdiqidir. Süni şəkildə Qarabağ rus icmasını yaratmaq strategiyasının kökündə icma üzvlərinə Rusiya pasportlarının, vətəndaşlığının verilməsi, sonra isə Donbas və başqa münaqişə ocaqlarından tanış olan “Rusiya vətəndaşlarının təhlükəsizliyi naminə” silahlı qüvvələrin köməyə gəlməsi ssenarisinin işə salınması məqsədi dayanır. Bu barədə xəbərlər yalnız erməni mediasında təbliğat olaraq yayımlanmır, eləcə də Rusiya MN-in internet səhifəsində özünə yer tapır. Son günlərdə yayılan bir məlumatının məzmununa diqqət etsəniz qarşıya hansı planların qoyulduğu hər kəs üçün aydın olar. Xəbərdə deyilir: ”Dağlıq Qarabağda rus dilinin və rus mədəniyyətinin dəstəklənməsi və möhkəmləndirilməsi çərçivəsində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Stepanakert Dram Teatrında olublar”. Bu, sadəcə mədəni tədbir haqqında xəbər deyil, “ Dağlıq Qarabağda rus dilinin və rus mədəniyyətinin möhkəmləndirilməsi”nin bir strateji hədəf olduğunu hamıya, ilk növbədə ermənilərə göstərməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunanlar bölgədə həqiqətən sülhə xidmət edirmi? Yaxşı olardı ki, 10 noyabr 2020 – ci il Bəyanatından irəli gələn müddəaların reallaşması istiqamətində sülhməramlılar konkret işlər görsün. Birgəyaşayış üçün qaçqınların və məcburi köçkünlərin geri qaytarılması hər iki xalq arasında sülhün yaranmasına ən yaxşı töhfə olardı. Təəssüf ki, sülhməramlılar indiyədək Qarabağın erməni və azərbaycanlı əhalisi arasında ilkin şərt olaraq adi görüşlərin təşkil edilməsi istiqamətində bir tədbir həyata keçirməyiblər.

Sülməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərində Azərbaycanın təsir imkanları o həddədir ki, hətta Suqovuşandan Vəng istiqamətində Kəlbəcərə gedən maşınları təkcə sülhməramlılar deyil, separatçı rejimin polis işçisinin də Azərbaycanın yük maşınına baxış keçirilməsi kimi qanunsuz yoxlamaya belə mane ola bilmir. Sanki belə də olmalı imiş . Razılaşmaya görə Rusiya sülhməramlılarının vəzifəsi yük maşınılarının təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayət etməkdir, maşında aparılan yükün nə olduğunu yoxlamaq deyil. Tutaq ki, maşında tank, top, silah aparılır, axı bu yük başqa ölkənin deyil, Azərbaycanın öz ərazisində daşıdığı öz yüküdür. Necə olur ki, Laçın dəhlizi vasitəsilə Ermənistandan və digər ölkələrdən Azərbaycana keçən yük və minik maşınları, insanlar səthi yoxlanılıb əraziyə buraxılır, amma Azərbaycanın öz ərazisində daşıdığı öz yükünü həm Rusiyanın, həm də separatçı rejimin polisi yoxlayır? Yoxlamanın hədəfi nədir, nəyi axtarırlar və qanunsuz olan nədir ki, onu axtarırlar? Biz öz ərazimizdə istədiyimiz yükü daşıya bilərik, Rusiya sülhməramlılarının vəzifəsi o yükün təhlükəsiz daşınmasını təmin etməkdir!  Təəssüf ki, iki ölkə arasında yol infrastrukturandakı maneələrin aradan qaldırılması razılaşması keçmiş Dağlıq Qarabağ daxili yollarına şamil edilmir və Azərbaycan tərəfi yenə də Tərtər-Kəlbəcər, Ağdam-Şuşa yolundan istifadə edə bilmir.

Rusiya MN-in Suqovuşanda baş verən bu əsassız yoxlamadan yaydığı videoda görsənənlərə Azərbaycanın rəsmi reaksiyasının necə olduğu bilinmir. Bu situasiya sıradan bir hadisə deyil və sadəcə komandan Volkova irad bildirməklə kifayətlənmək problemi həll etmir.  Adekvat nəzarət prosedurunun –  Azərbaycanın rəsmi sərhəd, gömrük, təhlükəsiz qüvvələrinin Laçın dəhlizindəki buraxılış məntəqəsində  iştirakının zəruriliyi Rusiya tərəfi qarşısında qaldırılmalıdır.

Göründüyü kimi, Qarabağın nəzarət edə bilmədiyimiz hissəsində problemin son həllinin zaman məsafəsi uzandıqca vəziyyət də  mürəkkəbləşir. Situasiyanın gərginliyə keçməməsi üçün Xankəndi probleminin gündəmə daşınması sərhədlərin müəyyənləşməsi, dəhliz məsələləri ilə paralel aparılmalıdır. Bölgədə sülhün yaranması Qarabağ probleminin beynəlxalq hüquqa əsasən tam həllindən keçir.

İlham İsmayıl

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button