Now Reading:
''Xarici ticarət əməliyyatlarında 1,3 mlrd. dollarlıq müsbət saldo yaranıb''

''Xarici ticarət əməliyyatlarında 1,3 mlrd. dollarlıq müsbət saldo yaranıb''

İqtisadçı: ”Bu durumun nə qədər sürəcəyi payızda bilinəcək”

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 595 mln. 699,93 min dollar olub. 

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya əsasən bu, ötən illə müqayisədə 11,35 faiz çoxdur.

Eyni zamanda ilin dörd ayı ərzində idxal əməliyyatları 2 mlrd. 164 mln. 997,72 min dollar olub. Bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 16,53 faiz azdır: 

“Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 430 mln. 702,21 min dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,11 faiz çoxdur.  Nəticədə 1 mlrd. 265 mln. 704,49 min dollar məbləğində müsbət saldo yaranıb”.

Məlumatda yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 1 943 ədəd avtomobil idxal olunduğu da qeyd edilib.

Bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 201 ədəd olub. Bu da ötən illə müqayisədə 11,54 faiz artım deməkdir. 

“Ölkəyə gətirilən avtomobillərin 26 ədədi sürücü daxil olmaqla 10 və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir. Qalan 1620 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 268 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 29 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir”. 

İqtisadçı Nazim Bəydəmirli Meydan TV-yə ötən il iqtisadi böhranın ən şiddətli dövrü olduğunu deyib. Bildirib ki, bu ildən başlayaraq müəyyən sabitləşmə var: 

“İxracda artım isə neft qiymətlərilə bağlıdır. İdxalın azalmasının yeganə səbəbi iqtisadi daralmadır. 2016-cı ildən başlayaraq vətəndaşlar az istehlak edirlər. Belə olanda xarici şirkətlərdə çalışan fiziki, hüquqi şəxslər daha az məhsul idxal edirlər. Yanvar-aprel aylarında komitənin verdiyi statistika iqtisadi böhranın ötən ilkinə nisbətən bir balaca sabitləşməsini göstərir. Durumun nə qədər sürəcəyi payızda bilinəcək”.

Nazim Bəydəmirli avtomobil idxalında yaranan artım barədə də danışıb. Deyib ki, neft istehsal edən ölkələrin iqtisadiyyatındakı böhran daxili istehlakı azaldır: 

“2016-cı ildən avtomobil idxalında ciddi geriləmə var. İstər idxal olunan ikinci əl avtomobilləri, istərsə də yeniləri olsun, bu da “NAZ-lifan”ın Azərbaycan bazarında potensial alıcısının olmamasından irəli gəlir”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli.

İqtisadçı deyir ki, prezidentin 1 il əvvəl dövlət orqanlarına mal idxalının məhdudlaşdırılması barədə verdiyi göstərişi dövlət orqanlarında çalışanların bahalı əşyalarına qadağa qoyulması idi: 

““NAZ-lifan” tipli qurumları isə özəl şirkət adlandırmaq bazar iqtisadiyyatı baxımından doğru deyil. Çünki onlara həmişə dövlət dəstəyi olub. Dövlət dəstəyini çəkib, sifariş vermədi, “NAZ-lifan”ın istehsalı praktiki dayandı”.

Nazim Bəydəmirli hesab edir ki, dövlət hazırda daha çox bazar iqtisadiyyatını stimullaşdırmalı, özəl sektora dəstək verməlidir: “Büdcə hesabına müxtəlif şirkətlərin ayaqda saxlanılmasına kömək etməməlidir. Bazar iqtisadiyyatı rəqabətli mühit tələb edir. Gedişatı sahibkarlar özləri müəyyən etməlidir”.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.