24saat.org Xarici valyutadakı kreditlərə necə güzəşt edilə bilər? - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Xarici valyutadakı kreditlərə necə güzəşt edilə bilər?

Vüqar Bayramov: ”İstəsələr milli valyutada olan kreditlərə də güzəşt tətbiq edə bilərlər”

“2015-ci ilin aprelinə baxanda problemli kreditlərin əsas məbləğlərinin həcmi azalıb. Belə durumda fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi məqsədəuyğun olardı. Yəni, 2015-ci ildə üçtərəfli güzəşt mexanizmi aktual idisə, indi ikitərəfli yanaşma daha uyğundur. Çünki artıq əvvəlki təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi ödənişlər ediblər”.

İqtisadçı Vüqar Bayramov belə deyir. O bildirir ki, bu gün problemli kreditlərə güzəştin verilməsi ən çox müzakirə edilən məsələlərdəndir. İqtisadçı deyir ki, Gürcüstan hökumətinin problemli kreditləri bağışlaması qərarından sonra bizdə də belə addım atıla bilərmi məsələsi xüsusilə müzakirə edilir:

“MDB-də ipoteka kreditlərinə güzəşt tətbiq edən Qırğızıstan ilə yanaşı, Rusiya da problemli kreditlərinin həllində daha yaxşı təcrübəyə malik olan ölkələrdən hesab edilir. Belə ki, Orta Asiya ölkəsində bağışlanan məbləğ az olsa da, şimal qonşumuz kifayət qədər böyük məbləğdə kredit faizlərini silmişdi. Xarici valyutalarda olan kreditlərə güzəştin verilməsinin tərəfdarı kimi mən hökumətə hələ 2015-ci ilin aprelində “üçtərəfli güzəşt mexanizmi” ilə bağlı təkliflərimi vermişdim”.

İqtisadçı sual edir: ilk devalvasiyadan 3 ildən çox zaman keçdiyi bir halda indi kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə, bu hansı formada ola bilər? Güzəştlərin tətbiqi ilə bağlı əsas sualları və eləcə də mümkün həlli yollarını aşağıdakı kimi qruplaşdırmaq olar:

– Xarici valyutada olan kreditlərə güzəşt necə tətbiq oluna bilər? Nümunə üçün: 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 000 dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə, devalvasiyalardan sonra bu rəqəm 22 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edilən zaman Mərkəzi Bank sözügedən kredit üzrə 11 960 manatı qarşılayır, kredit borcu olan isə 10 140 manat öhdəliyini yerinə yetirir.

– Manat ilə götürülən kreditlərə güzəştin tətbiq edilməsinə ehtiyac varmı? Fərqli formada olsa da, milli valyutada olan kreditlərə də güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə, manat ilə kreditin qaytarılması üçün ailə büdcəsindən ayrılan məbləğin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan da qaytarılması müəyyən çətinliklər yaradır. Nümunə üçün: 30 faizlə 10 000 manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir.

Gürcüstan hökuməti 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borclarını siləcək. Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq:

“Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari (təqribi 188 milyon dollar) təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.