2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Xarkovun “ruhlar məhəlləsi” və “sıfır nöqtəsi”: atəş altından FOTOREPORTAJ

Seymur Kazımov, Xarkov

Xarkovun girəcəyində həyat adi gündə olduğu kimi davam edir. Yollarda maşınlar şütüyür, küçə və prospektlərdə insanlar gəzir. Hətta kafelər də fəaliyyət göstərir. Yola çıxmazdan öncə şəhər barədə son xəbərlərlə tanış olmuşduq. Xarkovun müxtəlif yerlərinin atəşə tutulması ilə bağlı informasiyalar vardı. Lakin hələ ki, atəş səsləri eşitmirik. Kiyevdən sonra Ukraynanın ən böyük şəhəri olan Xarkovu qismən də olsa, görmədən hansısa nəticəyə gəlmək mümkün deyil.  

Xarkovda bizi müşayiət edəcək könüllü Sergey Lyaxovla görüşürük. O, müharibədən öncə biznesdə böhran idarəçiliyi sahəsində çalışıb. Artıq Xarkovun mərkəzinə və dərinliklərinə doğru irəliləyirik. Bombalanma nəticəsində şəhərdə ziyan görən bütün binaların hamısı mülki obyektlərdir: dövlət, hökumət, yaşayış binaları, xəstəxanalar, parklar, ictimai iaşə obyektləri. 

Binalardan birinə daxil oluruq. Xarkova səfərimizdən bir gün öncə mərmi düşən bu binada restoranlar yerləşirmiş. Hadisə günü içəridə 5 nəfər olub, onlardan biri həyatını itirib. Bitişik bina da xəsarət alıb. Burada isə restoranın mətbəxi yerləşirmiş. İçəridə 18 nəfər olub. Hamısı yaralanıb. Döşəmədə, divarlarda qan izi hələ də qalıb… 

Saytların yığılması Saytlarin yigilmasi

Partlayış səsi eşidilir. Uzaqdan qara tüstü görünür və onun izi ilə gedirik. Postda qarşımızı hərbçilər kəsir, əvvəlcə icazə vermirlər. Amma sənədlərimizin qaydasında olduğunu dedikdən və qısamüddətli isrardan sonra, “başınıza bir iş gəlsə, biz məsuliyyət daşımırıq” deməklə icazə verilir. Kasetli bombanın atılması nəticəsində bina və avtomobil yanır. Hadisə zamanı bir nəfər yaralanıb, iki nəfər ölüb. 

Oradan çıxıb sürətlə Pyatixatka rayonu istiqamətinə yollanırıq. Amma Sergey avtomobili yüksək sürətlə idarə edir. 

“Bu yol birbaşa Rusiya sərhədinə-Belqorod şəhərinə gedir. Sərhədə qədər məsafə 40 km-dir. Bu yol tez-tez atəşə tutulur” – Sergey deyir. 

Pyatixatka Rusiya sərhədinə ən yaxın yaşayış məntəqəsidir. Eyni zamanda, Xarkovun ən yüksək nöqtəsidir və dəniz səviyyəsindən 200 metr yüksəklikdə yerləşir. Pyatixatkadan sonra sərhədə qədər yaşayış məntəqəsi yoxdur. Buradan o tərəfə olan yol birbaşa Rusiyanın Belqorod şəhərinə aparır. Əraziyə daxil olan kimi barıt qoxusu burnumuza dolur. Bura hər gün atəşə tutulur. Orada keçirdiyimiz bir neçə saat ərzində 300-500 metrlik məsafəmizə mərmilər düşürdü. İnsanlar əsasən sığınacaqlarda yaşayırlar. Sergey və onun dostu Pasxa bayramı ilə əlaqədar paska (ruslar ona kuliç deyir – S.K) paylayırlar. 

Sergey deyir ki, hər gün buraya gəlirlər və indiyədək sağ qalmaları şans əsəridir. Rayonda elə binalar var ki, ya tam, ya da qismən dağıdılıb. Məktəb, mağazalar da eyni aqibətlə üzləşib. Asfalt üzərində mərmilərin izləri var. Geri qayıdarıq. Az öncə salamat gördüyümüz asfalt yol üzərində yeni açılmış dəliklər və ətrafa səpələnmiş mərmi qalıqları vardı… 

Avropanın ən böyük yaşayış rayonu Saltovkadayıq. Burada ancaq yaşayış binaları və ictimai iaşə obyektləri var; nə zavod, nə fabrik, nə də hərbi-strateji obyekt. Saltovka özü də 3 hissəyə bölünür. Ən çox zərərçəkən ərazi Şimali Saltovkadır. Xarkov vilayətinin şimal ərazilərindən olan Liptsi, Sirkunı, Volçanskiy rayonları işğal altında olduğundan, Şimali Saltovkadan döyüş bölgəsinə məsafə daha yaxındır. Şəhərdə ilk mərmi bu bölgənin Buçman küçəsinə düşüb. Binaların bəziləri tam yararsız vəziyyətdədir, ətraf binalarda da bütün mənzillərin şüşələri sınıb. Həyətlərin birində yaşlı qadınlar söhbət edir. Qonşuların çoxu artıq burada yaşamır. Qaz və isti su yoxdur. 

Yelena Dalçiyeva pəncərəsinə şüşə əvəzinə parça tutub. Mərmi birbaşa onun yaşadığı blokun birinci mərtəbəsinə düşüb və bina yanmağa başlayıb. Özü isə yeddinci mərtəbədə yaşayır. Amma evindən çıxmaq istəmir. Bir dəfə mərmilərdən biri onun blokunun sığınacağına dəyir. Amma kimsə həlak olmur, çünki hadisədən 5 dəqiqə əvvəl o və digər qonşular həmin yerdən çıxıb, başqa sığınacağa getmişdilər. 

Şimali Saltovka da gün ərzində dəfələrlə atəşə məruz qalır. Bu hal artıq sakinlər üçün adi hala çevrilib. Doğrusu, bizim üçün də. 

Şimali Saltovka indi “ruhlar qəsəbəsi”ni xatırladır. “İki ay bundan əvvələ qədər buralarda insan və maşın əlindən tərpənmək olmurdu” – Sergey deyir. Təkcə Şimali Saltovkada 100 minə yaxın əhali yaşayırdı, indi isə burada 250-300 nəfərin qaldığı deyilir. Küçələri gəzirik. Hər binanın qarşısında yorğun, əsəbi bir neçə insan var. “Mənim fotomu çəkmə, görmürsən nə gündəyəm, get evləri çək”, deyir sakinlərdən biri. Çöldə ocaq qalayıb, yemək bişirirlər. Çaydan hisdən qapqaradır. Artıq 2 aydır bu şəraitdə yaşayırlar. Sergey və onun dostu küçə-küçə gəzib Pasxa yeməyini paylayır. Sual yarana bilər ki, bu insanlar nə üçün hələ də evakuasiya olunmayıb. Sergey danışır ki, ilk günlər insanlar getmək istəmirdi. “Çox ciddi atışmalar olurdu, müraciət edirdilər ki, tez bizi çıxarın, siyahı tərtib edib şəhər meriyasına göndərirdilər. Biz də bomba yağışı altında avtobuslarla həmin yerə gedirdik. Deməli, 300 nəfərlik siyahıdan yalnız 15 nəfər avtobusa minirdi. Biz isə 5-6 avtobus aparmışdıq. Bu, bir neçə dəfə təkrar olundu. Bombalar artıq bütün evlərə düşəndən sonra tədricən çıxmağa başladılar. İndi az sayda sakin qalıb. Onlar çıxmırlar”. Sergey bu məsələnin həm də sosial səbəblərinin olduğu qənaətindədir. Deyir ki, bu qəsəbədə əsasən orta və azgəlirli əhali yaşayır, onların yeganə mülkiyyəti mənzilləridir. “Bu da əllərindən çıxsa, heç nəyin yiyəsi olacaqlar. Müharibədən sonra nəyin necə olacağı da məlum deyil”. 

Əraziyə atılan mərmilərin səsi aydın eşidilir. Dayandığımız yerdən 70-100 metrlikdən qara tüstü havaya qalxır. Həmin yerə getmək istəsək də, buna imkan olmur, çünki avtomobil rahat hərəkət edə bilmir, ətraf şüşə, iri daş parçaları və ağac budaqları ilə doludur. Mərminin təsirindən yerdə açılmış dəliklər nəqliyyatın hərəkətinə imkan vermir. Xarkovun şimal sərhədindəki məntəqələr gün ərzində ən azı 20-30 dəfə atəşə məruz qalır. Elə bina var ki, dəfələrlə raket zərbəsinə tuş gəlib. Həyətlər zədələnmiş və sıradan çıxmış avtomobillərlə doludur. 

Danilovka qəsəbəsindəki kilsəyə də humanitar yardım aparılır. Pasxa hədiyyələrini aldıqda sonra Oleq Ata bizi kilsənin sığınacağına aparır. “Burada həm dua edirik, həm də insanları mühafizə edirik. İlk günlər 30 nəfərimiz vardı, indi 15 nəfər. Bəziləri günortalar evlərinə gedir, axşamlar buraya gəlirlər”. Kilsənin özü mərmiyə tuş gəlməyib, amma ətrafdakı binaların aqibəti isə fərqlidir. Həyətdə mərminin partlatdığı avtomobil də var. 

Növbəti sığınacaq isə orta məktəblərdən birindədir. Məktəbin binası da artilleriya hədəfi olub və xəsarət alıb. Amma sığınacaq bomba təhlükəsindən qorunmaq istəyən 15 nəfər üçün hazırda ən etibarlı yerdir. 

“Metro inşaatçıları”, “Lesya Serdyuk”, “Xalqlar dostluğu” və “Natalia Ujvey”. Bunlar küçə adlarıdır. Hamısının qarşısında eyni mənzərədir. İnsanlar çöldə od qalayıb, yemək bişirirlər. 

Könüllülər bir-bir binalara baş çəkib oradakı insanların tələbatlarını ödəməyə çalışır. 

Hərbçilər bizə yaxınlaşır, sənədlərimizi yoxlayır. “Hər şey qaydasındadır”. Deyirlər ki, Natalia Ujvey küçəsində bir yaşlı kişi var, kimsəsi yoxdur və evakuasiya olunmaq istəyir. Bu küçə Şimali Saltıkovkanın ən sonuncu küçəsidir. Buraya “sıfır nöqtəsi” deyilir. Ətrafa baxa-baxa gedirik. Skamyaların birində yaşlı kişi əyləşib. Onunla söhbət əsnasında məlum olur ki, təhlükəsiz yerə getmək istəyir. Avtomobilə əyləşdirib, orta məktəblərdən birinin sığınacağına aparırıq. Burada paltar, isti yemək və digər zəruri ehtiyacları qarşılanacaq. 

Müharibənin 60-cı gününə çatırıq… 

***

Xarkova Anar Rəfiyevin təsisçisi olduğu “Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu”nun təşkilatçılığı ilə getdik. Bu təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur; əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə Star-Link avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan evakuasiyası, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görür.

24 saat” “Xarkovun “ruhlar məhəlləsi” və “sıfır nöqtəsi”: atəş altından FOTOREPORTAJ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button