SEÇMƏ

Xerson vilayətinin sakinləri Dnepr çayının qarşı tərəfinə köçürülür

Yayımlandı: 19 Oktyabr 2022 14:28

Qubernator: “50-60 min insanın Dnepr çayının sol sahilinə köçürülməsi planlaşdırılır”

Rusiya hökuməti Xerson limanı vasitəsilə vilayətin sakinlərinin köçürülməsinə başlayıb.
Bu barədə məlumatı Xerson administrasiyasının “Telegram” kanalı yayıb.

Bildirilir ki, sakinlərin Dnepr çayının qarşı tərəfinə köçürülməsi başlanıb. “Bunun üçün insanları Xersondan Alyoşkiyə və Qolaya Pristana aparan bərələr işə salınıb. Orada müvəqqəti yaşayış mərkəzi də yaradılacaq”.

Oktyabrın 18-də Kreml tərəfindən Xerson vilayətinə qubernator təyin olunan Volodimir Saldo bildirib ki, 50-60 min insanın Dnepr çayının sol sahilinə köçürülməsi planlaşdırılır. O əlavə edib ki, bu, altı gün ərzində gündə 10 min nəfərə bərabər olacaq.

Ukraynadakı Rusiya qüvvələrinin yeni komandiri Sergey Surovikin Xerson ətrafındakı vəziyyəti Ukraynanın hücumları qarşısında “çətin” adlandırıb.

O, “Rossiya 24” dövlət xəbər kanalına deyib ki, Xüsusi Hərbi Əməliyyat bölgəsindəki vəziyyəti gərgin adlandırmaq olar:

“Bu ərazidə (Xerson ətrafında) vəziyyət mürəkkəbdir. Düşmən məqsədyönlü şəkildə Xersonun infrastrukturuna və yaşayış binalarına zərbələr endirir”.

“Euronews” kanalının məlumatına görə, Xerson Ukrayna hökuməti üçün simvolik hədəfdir. Xersondakı Rusiya qüvvələri son bir neçə həftə ərzində 20-30 kilometr geri çəkilib və Ukraynanı ikiyə bölən 2200 kilometrlik Dnepr çayının qərb sahilində sıxışdırılma riski var.

Xerson şəhəri 2022-ci ilin martın 3-də işğal edilib.

Xatırlatma

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub:

“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

Gözdən qaçırmayın:  Bir neçə səfir geri çağırılıb, yeni təyinatlar var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button