Xocalı faciəsindən 31 il ötür

Xocalının işğalı nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.
Azərtac xəbər verir ki, Prezident Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramını bildirib.
***
Bu gün, fevralın 26-da Xocalı faciəsinin 31 ili tamam olur.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı silahlıları, habelə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər.
İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Azərbaycan hökumətinin hesablamalarına görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.
Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.
Xatırlatma
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Xocalı şəhəri daxil deyil) və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.